Allahın İSİMLƏRİ

QABİL (Qəbul edən, bağışlayan)


QABİL  (Qəbul edən, bağışlayan)

 Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. (Şura surəsi, 25)

İnsan həddən artıq aciz varlıqdır. Yaşamağı üçün lazım olan şərtlərin hamısı təmin edilməzsə, həyatını davam etdirməyi qeyri-mümkündür. Ancaq bütün bu acizliyinə baxmayaraq, təkəbbür, azğınlıq və Allah’a qarşı nankorluq etməyə meyillidir. İnsanın bu xüsusiyyəti ilə əlaqədar olaraq Quranda belə bildirilir:

 Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir. (Əhzab surəsi, 72)

 Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur. (Adiyat surəsi, 6)

İnsanı yaradan Allah, şübhəsiz, onun içindəkiləri də bilir. İnsanın hər an səhv edə biləcəyi, nankorluq, cahillik edə biləcəyi Onun elmi daxilindədir. Şübhəsiz, O, qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Bu qədər mərhəmətli olduğu üçün insanlara xilas yolunu göstərmişdir: tövbə etmək.

Zalım, cahil və nankor olan insana nəfsindəki bu pisliklərdən qorunmaq və işlədiyi səhvləri düzəltmək üçün böyük bir imkan verilib. İnsanın hər cür pis hərəkəti ola bilər, hər cür səhv edə bilər, Allah’a heç gözlənilməyən şəkildə nankorluq da etmiş ola bilər. Ancaq səmimi, Allah’a qəlbən bağlı və Onun əzabından içi titrəyərək qorxub çəkinən insandırsa, tövbə edər və bu şəkildə nicat tapar. Çünki Allah səmimi edilən tövbələri qəbul edəcəyini, Özündən qorxan qullarının səhvlərini bağışlayacağını vəd etmişdir.

Şübhəsiz, Allah’ın Qabil sifəti insanlar üzərindəki şəfqətinin və mərhəmətinin açıq nümunəsidir. Allah’ın heç nəyə ehtiyacı yoxdur. Diləsəydi, insanların bütün bu etdiklərinin heç birini qəbul etməzdi. Lakin Allah sonsuz rəhməti ilə insanların buna ehtiyaclarının olduğunu bilir və səmimi ürəklə edilən tövbələri qəbul edəcəyini xəbər vermişdir. Allah bağışlayan olduğunu bir ayədə belə bildirir:

 Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə surəsi, 104)

 Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi gecənin üçdə ikisindən az, yarısını, üçdə birini (namaz üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə Qurandan asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allah’ın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə, Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allah’a gözəl bir borc verin. Qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allah’dan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir! (Müzzəmmil surəsi, 20)