Quran

Şükür Allaha olan sevgimizin ifadəsidir


Şükür Allaha olan sevgimizin ifadəsidir

Bizi yoxdan yaradan, hər an saysız-hesabsız nemətlər bəxş edən, qoruyan, xəstələndiyimiz zaman şəfa verən, sıxıntılı anlarımızda rəhməti ilə əhatə edən, bizi yedirən, içirən Rəbbimizə sevgimizi göstərməyimizin əsas yollarından biri şükür etmək, yəni bizə verdiyi bütün nemətlər üçün Allaha təşəkkür etməkdir.
Şükür etmək həm fərzdir, həm də ruhumuza rahatlıq verən bir ibadətdir. Rəbbimiz dünyaya gəldiyimiz andan öləcəyimiz ana qədər bizə daim müxtəlif gözəlliklər bəxş edir. Bir-birindən gözəl çiçəklər, sevimli canlılar, görünüşləri və ləzzətləri ilə xoşumuza gələn yeməklər, fərahlıq verən içkilər, qupquru torpaqdan çıxan, fərqli görünüş, rəng və qoxulara sahib tərəvəzlər, meyvələr, gediş-gəlişi asanlaşdıran nəqliyyat vasitələri Allahın biz, iman gətirən qullarına sevgisini təzahür etdirdiyi nemətlərdir.
Rəbbimiz bizlər üçün o qədər çox nemət yaradır ki, əgər Allahın nemətlərini saymağa çalışsaq, ümumiləşdirərək belə saya bilmərik. (Nəhl surəsi, 18) Allah bunun qarşılığında bizdən verdiyi nemətlərin fərqində olaraq, Ona ən səmimi şəkildə sevgimizi yönəltməyimizi gözləyir. Bizə verilən hər şeyin Allahın lütfü olduğunu görüb, bu nemətlərə qarşı daim şükür içində olmağımız sevgimizi göstərməyimizə vəsilə olur.
Dərin düşünmədikdə, bəlkə, ağlımıza belə gəlməyən detallar bizim üçün həyati əhəmiyyət daşıyan nemətlərdir. Bu nemətləri əldə etmək üçün heç bir əmək sərf etmirik. Həyatımızdakı bir çox xırdalıqların bizim üçün əvəzolunmaz nemətlər olduğunu onları itirdikdə anlayırıq. Lakin sahib olduğu saysız-hesabsız nemətlər üçün Allaha şükür etmək bir çox insanların yadına düşmür. Allah «Səba» surəsinin 13-cü ayəsində "Qullarımdan şükür edənlər azdır" deyə bildirir və bu cür qəflətə qarşı iman gətirənləri xəbərdar edir.
Halbuki biz fərqində olsaq da, olmasaq da, həyatımıza davam etməyimiz və xoşbəxt olmağımız üçün Rəbbimiz anbaan üzərimizdəki nemətlərini davam etdirir. Buna baxmayaraq, şükür etməyi unudan insanlar var. Allah Quran ayələrində insan nəfsinin bu nankor yönünə belə diqqət çəkir:
Sizin üçün qulaqlar, gözlər və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. (Müminun surəsi, 78)
Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz! (Əraf surəsi, 10)
Mömin sevdiklərinə sevgisini göstərmək üçün qarşısındakı insanın rahatlığını vacib hesab edir, onun sağlam, xoşbəxt olmağına çalışır, gözəl xırdalıqlar düşünür. Şübhəsiz ki, bunların hamısını Allah rizası üçün edir və bunun qarşılığında da sevgi umur. Bu fədakarlığa göz yummaq, bütün bu incəliklər özlüyündən mövcud olubmuş kimi biganə münasibət göstərmək sevgi göstərilən insanın ruhundakı əxlaqi pozğunluğun və sevgi əskikliyinin əlamətidir. Bizi yaradan, kainatın hər zərrəsində sonsuz Ağlı ilə təzahür edən Rəbbimizin mükəmməl gözəllik və incəliklərini görməzdən gəlmək isə həmin gözəlliklərə layiq olmayan əxlaqın göstəricisidir və Allahın qəzəbinə səbəb olan davranışdır. Rəbbimiz Quranda bu mövzuya belə diqqət çəkir:
Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir! (İbrahim surəsi, 7)
İnsan Allahın nəsib etdiyi qədər ağıl, bacarıq və düşünmə qabiliyyətinə sahib, ölümlü, aciz qul olduğu halda belə, etdiyi gözəl davranışlar üçün təşəkkür gözləyir. Bizə hər an nəfəs alıb-verməkdən görməyə, yeriməkdən yatmağa qədər saymaqla bitməyən sonsuz nemətlər bəxş edən Allaha şükür etməkdə heç bir əskiklik olmamalıdır. Buna görə də hər bir nemətlə qarşılaşdıqda daim "Əlhəmdulillah, ya Rəbb, sənə şükürlər olsun" demək Allaha olan sevgimizin, minnətdarlığımızın göstəricisidir. Bu, eyni zamanda, ətrafımızdakı insanlara da həmin ibadəti xatırlatmağımıza səbəb olur. Sözlə ifadə etməklə yanaşı, bu nemətləri qorumaq və onlara zərər dəyməsinin qarşısını almaq üçün diqqətli davranmağımız da Allahın bəyəndiyi əxlaqdır.
Allahın bizə verdiyi ən dəyərli nemətlərdən biri sağlamlığımızdır. Allaha sevgimizin tələbi olaraq səhhətimiz üçün şükür etməliyik. Sağlamlığımızı qorumağa çalışmaq, ona zərər vuran vərdişlərdən uzaq olmaq isə şükrümüzün əməli göstəricisidir. Belə ki, dilimizdəki şükrü davranışımızdakı şükürlə möhkəmləndirməyimiz gözəl iman əlamətidir. "Allahım Sənə şükür edirəm" cümləsi ilə yanaşı, təvəkkül etmək Allahdan hər an razı bir ruh halı, Allaha itaətkarlıq  deməkdir.  Buna görə şükür yalnız bolluq içində ikən deyil, yoxluq içində də heç vaxt tərk edilməməli, hətta daha çox yerinə yetirilməli ibadətdir.
Allahı sevən və Ondan razı olan insanlar sağlamlıqları üçün daim həmd etdikləri kimi, xəstələndikləri zaman da şükür edirlər. Allah onları daha ağır xəstəliklərdən qoruduğu, şəfaya vəsilə olan dərmanlar yaratdığı, xəstəliyin diaqnozunu təyin edən tibbi cihazlar və həkimlər var etdiyi üçün Ona minnətdarlıqlarını bildirirlər. Allah onlara hər hansı bir ağrı verdikdə, daha böyük ağrıları düşünüb, olduqları vəziyyətə şükür edirlər. Hər cür çətinliyin, əziyyətin dünyadakı imtahanın bir hissəsi olduğunu bilirlər. Allahın razı olduğu əxlaqa yiyələnmələri üçün imtahanların xüsusi yaradıldığını düşünüb, sevinc içində olurlar. Bir sözlə, iman gətirənlər həyatları çətinliklərlə dolu olsa da, bolluq içində keçsə də, daim şükür ibadətini yerinə yetirməyin bərəkətini, vicdani rahatlığını yaşayır və Allahın rizasını qazanmağı ümid edirlər.