Quran

Quranda sevgi


Quranda sevgi

Quranda imandan qaynaqlanan və ruhda dərin təsir meydana gətirən sevgiyə diqqət çəkilir. Bu sevgiyə sahib olmaq əmək tələb edir. Fədakarlıq, səbir, cəsarət və diqqət Quranda xəbər verilən sevgi anlayışının tərkibinə daxildir. Rəbbimiz Quranda pisliyə və pis sözə qarşı ən gözəl şəkildə cavab verməyi və insanlara yaxşı davranmağı da sevginin əsası kimi bildirir.

Kimdən soruşursunuz soruşun, insanların əksəriyyəti sevgini və sevməyi çox yaxşı bildiklərini və sevdikləri bir çox insan olduğunu söyləcəklər. Halbuki dünyada sevgini və sevməyi bacaran insanların sayı çox azdır. İnsanların sevgi zənn etdikləri isə həvəs hissidir. Zaman keçdikcə bu duyğunun sevgi olmadığı açıq şəkildə ortaya çıxır. Əsl sevgi Allah sevgisindən qaynaqlanan və Onun razılığı üçün yaşanan, bir çox sınaqdan keçdiyi halda, heç vaxt zədələnməyən, zamana, çətinliklərə, çatışmazlıqlara, yanlışlara səbir edə bilən və daim artan duyğuya verilən addır.

Pisliyə ən gözəl şəkildə cavab vermək sevginin dəlilidir

Allah Quranda inananlara pisliyə yaxşılıqla cavab verməyi əmr etmişdir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Allah möminlərə pisliyə gözəl rəftarla cavab verdikləri təqdirdə böyük nəticə əldə edəcəklərini vəd etmişdir. Hətta qarşılarındakı insanla aralarında düşmənçilik də olsa, bunun dostluq meydana gətirəcəyinə diqqət çəkmişdir. Bu, eyni zamanda, inananların mərhəmət və sevgi anlayışlarının da tələbidir. Qarşı tərəfin Allahın bəyənmədiyi rəftarı göstərdiyini gördükləri zaman, hər şeydən əvvəl, bunun o insanın axirəti baxımından riskli olduğunu düşünərək qürura qapılmadan, ədalətli və təvazökar şəkildə yaxınlaşar, dostüslubundan istifadə edərlər. Quran əxlaqını yaşamayan insanlarda olduğu kimi, “səhv edən, pisliyi edən qarşı tərəfdir, əvvəl o yaxınlaşsın", ya da "nə edirsə etsin" məntiqi ilə hərəkət etməzlər. Gözəl rəftarı kim göstərsə, Allahın o insanın rəftarından məmnun olacağını və pisliyə məruz qaldığı halda, gözəl davranmağın Quran əxlaqına uyğun rəftar olduğunu bilərlər. Bu səbəbdən də təvazökarlığın itki deyil, əksinə, böyük qazanc olduğunu düşünərək hərəkət edərlər.

İman gətirənlər həyatları boyu müxtəlif əxlaqlı insanla qarşılaşa bilərlər. Ancaq heç bir zaman qarşılarındakı insanların rəftarlarına görə öz əxlaqlarını dəyişdirməzlər. Qarşı tərəf istehzalı üslubla danışa bilər, çirkin sözlərdən istifadə edə bilər, hirslənə bilər, pislik və ya düşmənçilik edə bilər. Ancaq mömin əsilzadə, təvazökar, mərhəmətli və sevgi dolu rəftarını heç vaxt dəyişməz. Ona deyilən pis sözə pis sözlə cavab verməz. Lağ edənə lağ etməz, əsəbə əsəblə cavab verməz. İncidici rəftara qarşı, qarşı tərəfi utandıran və gözəl rəftara sövq edən ədalət, mərhəmət və sevgi anlayışı ilə hərəkət edər. Hirslənən insana qarşı sakit və etidallı olar.

Əlbəttə, möminin bu rəftarları tamamilə ağıl çərçivəsində olar. Özünü zərərə məruz qoyan vəziyyətə salmaz. Nə özünü, nə də digər möminlərin haqsızlığa və ya zərərə uğramasına izn verməz. Amma bir tərəfdən də göstərdiyi gözəl rəftarlarla dinin əmr etdiyi gözəl əxlaqı təbliğ etmiş olar. Allahın bəyəndiyi əxlaqı tətbiq edərək qarşı tərəfi din əxlaqına istiqamətləndirməyə çalışar.

Bunu da unutmaq olmaz ki, qarşı tərəfin pis əxlaq göstərməsi insanın özünün pis əxlaq göstərməsinə səbəb deyil. Hər insan Allaha qarşı etdiklərindən təkbaşına məsuldur. Bundan başqa, pis rəftara qarşı şəfqət, mərhəmət, gözəl əxlaq və sevgi göstərmək Qurana görə üstün əxlaqın göstəricisidir. Çünki möminin gözəl rəftarı onun Allaha olan bağlılığının gücünü və dərinliyini göstərir. Mömin bu əxlaqı yalnız Allahın razı olması üçün səbirlə tətbiq edir. Quran əxlaqını yaşamaq mövzusunda göstərdikləri bu üstün səbrin əvəzində də Allah onların əcrlərini ikiqat verəcəyini belə bildirir:

Səbir etdiklərinə görə, onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər. (Qəsəs surəsi, 54)

İnsanlarla yaxşı davranmaq sevginin dəlilidir

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, sən (onları) gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)

Allah möminlərə gözəl davranmağı və insanlara sevgi ilə yanaşmağı əmr etmişdir. Bu, möminin Allah qorxusundan və Qurana olan bağlılığından qaynaqlanan sabit əxlaq anlayışıdır. Bu səbəbdən, mömin həyatı boyu bu əxlaqdan vaz keçməz və Allahın razılığını qazanmaq üçün ətrafındakı insanlarla gözəl davranar və sevgi göstərər.

Qarşı tərəfin varlı və ya kasıb, yaşlı və ya uşaq, qadın və ya kişi olmasının heç bir əhəmiyyəti yoxdur. Mömin gözəl rəftarının əvəzini insanlardan və dünyadan bir mənfəət güdmədiyi üçün insanları bu xüsusiyyətlərinə görə qiymətləndirməz. Belə ki, Allah bir ayəsində möminlərə belə bildirmişdir:

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. (Nisa surəsi, 36)

Mömin hamı ilə gözəl davranar. Ancaq bu, qarşı tərəfin yanlış fikirlərini təsdiq edən və ya yanlışlarına göz yuman bir yaxşılıq anlayışı deyil. Mömin doğru və haqq olan bir mövzuda Allahın göstərdiyi yoldan əsla vaz keçməz. Əgər qarşı tərəfin yanlışı varsa, yenə gözəl rəftarla, mərhəmətlə, sevgi ilə bunu ona göstərməyə çalışar və mütləq doğru olanı izah edər.

Daim qarşı tərəfin haqlı olduğunu qəbul etmək sevgi əlamətidir

Din əxlaqından uzaq olan insanların gün ərzində qarşılaşdıqları neqativ hadisələrin əksəriyyətində hər iki tərəfin də haqlılıq payı var. Bir insanı tamamilə haqlı, digərini isə tamamilə haqsız kimi dəyərləndirmək doğru deyil.Bəzən iki tərəfin haqlılıq nisbətləri 80-20% olduğu halda, bəzən də bu nisbət 50-50% olur.Belə bir vəziyyətdə hər kəs hadisəyə öz tərəfindən baxar. Bu səbəbdən, bir insan özünü tamamilə haqlı görərkən, digəri də özünü haqlı görər. Bu insanlardan biri üzr istəməyi və haqsızlığın qəbul edilməsini qarşı tərəfdən gözləyərkən, digəri də, eyni şəkildə, qarşısındakının vəziyyəti düzəltməsini  gözləyər.

Din əxlaqına görə yaşamayan cəmiyyətlərdə ən kiçik anlaşılmazlıq belə insanlar arasında dərin narahatlıqlara və soyuqluqlara gətirib çıxarır. Möminlərin fərqi isə məhz bu vəziyyətdə ortaya çıxır. Möminin əhəmiyyətli xüsusiyyəti sevgini və sevməyi çox yaxşı bilməsidir. Mömin dostluqda, vəfada, sədaqətdə, şəfqət və mərhəmətdə, bağışlamada, ədalətdə üstün əxlaqa sahibdir. Mömin sevgisində çox fədakardır. Heç vaxt öz nəfsini sevdiyi insana dəyişməz. Öz rahatlığı, öz mənfəətləri üçün sevdiyini çətin vəziyyətdə qoymaz. Özü haqlı çıxmaq üçün sevdiyini haqsız çıxarmağa çalışmaz. Əksinə, sevdiyi haqsız olsa, o yenə də özünün haqsız olduğunu bildirər. Özü səhvi, əskikliyi, qüsuru boynuna götürər, amma yenə də sevdiyinə qıymaz. Yeganə məqsədi də yalnız Allahın razılığını qazanmaqdır. Çünki möminin sevgisi yalnız Allah sevgisinə söykənir. Sədaqəti də yenə yalnız Allaha olan sədaqətindən qaynaqlanar. Sevdiyi insana olan bağlılığının qaynağı da yalnız budur.

Sevgi əhəmiyyətli mömin əlamətidir

Hamı həyatı boyu sevgisiz və mərhəmətsiz insanlarla qarşılaşır. Belə insanlar ətraflarında baş verən hadisələrə və hər mövzuya qarşı laqeyddirlər. Şübhəsiz ki, insanları bu sevgisizliyə və mərhəmətsizliyə itələyən şeytandır. Şeytan insanın vicdanlı, ağıllı, təvəkküllü, şükredici, ədalətli, Allahın yaratdıqlarından razı olan, ətrafındakılara  gözəl əxlaq göstərən sevgi dolu insan olmasını istəmir. Halbuki Allah insanın fitrətini asanlaşdıran, rahatlandıran, fədakarlıq tələb olunan anda bunu qarşı tərəfə hiss etdirmədən edən, sevgi dolu ruha sahib olaraq yaratmışdır. Allahın yaratdığı bu xüsusiyyəti çox yaxşı mənimsəyən möminlər olduqları hərmühiti gözəlləşdirər və daim müsbət təsir meydana gətirərlər. Bir insanın Allah qorxusundan ətrafındakı insanlara qarşı göstərdiyi müsbət, tamamlayıcı, rahatlandırıcı, mehriban xarakter çox gözəl bir mömin əlamətidir. Allah Quranda sevgi nemətini iman edənlər üçün yaratdığını belə bildirir:

İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

Möminlərin insanlara qarşı ürəklərində hiss etdikləri sevginin əsl qaynağı Allaha duyduqları sevgidir. Bir insana duyulan qəlbdəki coşğunu Allahın yaratdığını və hər şeydə Allahın təcəlli etdiyini bilmək insana sevgidəki dərinliyi verən əsl səbəbdir. Səmimi sevgidə insan hər an sevdiyi insanlara bu duyğularını daha əvvəl heç istifadə etmədiyi, bir-birindən təsiredici, bir-birindən gözəl sözlərlə ifadə edə bilər. Hər biri əvvəlkindən fərqli olar. Çünki insan bu coşğunu ürəyində hər an yaşayır.

Adnan Oktar Quranda təsvir edilən sevgini izah edir:

ADNAN OKTAR: Quranda sevginin zəmini bizə izah edilir. Sevmək üçün səbir lazımdır, fədakarlıq lazımdır, cəsarət lazımdır, diqqət lazımdır. Eqoist insan sevgini yaşaya bilməz. Eqoist insan mütləq sevgini itirər. Səbirli olmayan sevgini itirər, bağışlayıcı olmayan sevgini itirər. Yəni sevgi durduğu yerdə meydana gəlməz, mütləq əmək sərf edilməli, diqqət göstərilməlidir. Yəni necə çiçəyi qoruyursan, onu qoruyan kimi sevgini də qorumaq lazımdır. Bir insanın qaşına-gözünə aşiq olunmaz, qaşı-gözü dəyişə bilər, xəstələnə bilər, yaşlana bilər, hər şəklə düşə bilər. Var-dövləti də gedə bilər, amma imanı və əxlaqı, yəni imandan qaynaqlanan əxlaqı qalıcıdır, bu da ruha dərin təsir edər. Ondan ötrü biz insanı sevərik. Yoxsa sırf ət-sümükdən ibarət olan bir insan sevilməz. Çünkiinsanın dərisini qaldırsan, bir millimetrin altı qıpqırmızı qan, dərinin altı qıpqırmızıdır, qırmızı ət çıxar, yağ çıxar, başqa bir şey qalmaz. Bu səbəbdən, bəyənilən bir yeri qalmaz insanın. (14 iyun 2011, A9 TV)

Allah insanı digər varlıqlardan fərqli olaraq ruh sahibi olaraq yaratmışdır. Bu səbəbdən, digər varlıqlardan fərqli olaraq, bir insanın ruhundakı zənginliklə qarşı tərəfdə meydana gətirəcəyi təsir də fərqlidir. Hər insan ruhunun gözəlliyi nisbətində sevgini yaşayar. Onda  nə qədər çox seviləcək və hörmət ediləcək xüsusiyyət varsa, insanlar onu bu nisbətdə sevərlər. Eyni şəkildə, öz ruhunda da bir insandakı sevilib hörmət ediləcək xüsusiyyətlərə qarşı nə qədər həssaslıq varsa, o da insanlardakı gözəllikləri o nisbətdə görüb,onlara o nisbətdə sevgi və hörmət bəsləyə bilər.