Quran

Qurani-kərim Rəbbimizin insanlara rəhmətinin təzahürüdür


Qurani-kərim Rəbbimizin insanlara rəhmətinin təzahürüdür

Qurani-kərim Rəbbimizin bütün insanlara çox böyük lütfü, Rəhman və Rəhim isimlərinin çox üstün təzahürüdür. İnsanların gerçək dini öyrənə biləcəkləri əsas mənbə uca Qurandır. Quran bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən, sonsuz rəhmət sahibi Allahın sözüdür. Qurani-kərimin Rəbbimizdən rəhmət olduğu ayələrdə belə bildirilir:

(Bu,) Rəhman və Rəhim (Allah) tərəfindən nazil edilmiş, ayələri Quran olaraq ərəbcə müfəssəl izah edilmiş, (anlaya) bilən camaat üçün (nəzərdə tutulmuş) bir Kitabdır. (Füssilət surəsi, 2-3)
Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu,) mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun. (Nəhl surəsi, 64)
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
Biz onlara elmlə müfəssəl izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik. (Əraf surəsi, 52)

Allahın insanlara izahedici kitablar endirməsi və hökmlərini bildirib, uca Zatını tanıtması, bilmədiklərini Öz sözü ilə və hikmətlə ən doğru şəkildə bildirməsi insanlar üçün çox böyük mərhəmətdir. İnsanlara endirdiyi müqəddəs kitablar təhrif edildikdən sonra Allah onlara yeni elçilər göndərmiş, amma Peyğəmbərimizə (səv) vəhy etdiyi Quranın Qiyamətə qədər qəti olaraq qorunacağını bildirmişdir. Ən sonuncu ilahi kitab olan Quranın Allahın nəzarətində olması da yenə insanlar üçün rəhmətdir. “Ənam” surəsində belə buyurulur:

Və ya: “Əgər bizə Kitab nazil edilsə idi, onlardan daha çox doğru yolda olardıq”– deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq. (Ənam surəsi, 157)

Quran hər insanın anlaya biləcəyi, sadə və açıq üsluba və misilsiz hikmətə malik kitabdır. Allah Quranı insanların içində yazılanları öyrənmələri, oxuyub anlamaları, bütün kainatı yoxdan var edən Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib çəkinmələri kimi daha bir çox hikmətlərlə göndərmişdir. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyat ilə bağlı mövzular Quranda ən hikmətli şəkildə açıqlanmışdır. Allah “Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya surəsi, 10) ayəsi ilə də bizə bu gerçəyi bildirir. Allahın “...Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq...” (Ənam surəsi, 38) ayəsi ilə də bildirdiyi kimi, Quranda insanın vicdanla araşdırdığı bütün sualların cavabları var. Quran qəti doğrulardan ibarət hidayət rəhbəridir və içərisində hər mövzu haqqında Rəbbimizin hz. Muhəmmədə vəhy etdiyi ən doğru məlumatlar mövcuddur. Buna görə də həyatları boyu təkcə Quranı və Peyğəmbərimizin (səv) sünnəsini özlərinə rəhbər edənlər Allahın rəhmətinə və hidayətinə qovuşarlar. Quranın bu xüsusiyyəti ayələrdə belə xəbər verilir:

Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi, 9)
Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)

Quranı və Peyğəmbərimizin (səv) yolunu özünə rəhbər seçən insanın həyatı digər insanlardan çox fərqli olur. Məsələn, bu insan sıxıntı, narahatlıq, qorxu, ümidsizlik hallarından uzaqdır və hər hansı bir çətinlik qarşısında təşvişə düşmür. Çünki hər anında Allahın ayələri və Peyğəmbərimizin (səv) yolu onun üçün rəhbərdir. Qarşılaşdığı hər hadisə qarşısında mütləq Allahın hökmlərinə əsasən davranır. Verdiyi hər qərar, söylədiyi hər söz, etdiyi hər iş Quran əxlaqını yaşadığını göstərir. Buna görə də vicdanı hər zaman təmiz olur və bunun verdiyi mənəvi hüzur ilə yaşayır. Allahın Quran əxlaqını yaşayanlara rəhmətindən bəxş etdiyi bu gözəl əhval, hüzur və sevinc möminlər üçün böyük nemətdir. Belə ki, Rəbbimiz “Yunis” surəsində Quranın “şəfa” olduğunu belə bildirir:

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. (Yunis surəsi, 57)

Allah Quranda doğrularla yanlışları çox açıq şəkildə bildirmişdir. Buna görə də vicdanlarının səsini dinləyib nəfsinin istəklərindən uzaq duran, Allahın hökmlərini tətbiq etməkdə israrlı davranan və hidayət əhli olan insanlar üçün doğrunu tapmaq çox asandır. Quran yaşından, təhsilindən asılı olmayaraq hər insanın rahatlıqla anlaya biləcəyi, öyüdlərini qavraya biləcəyi hikmətlərlə dolu kitabdır. Qurandakı hökmlər və ayələrdə tövsiyə edilən gözəl əxlaq olduqca açıq, aydın və asandır.

Allahın hidayət verdiyi, səmimi niyyətli hər insan Quranda izah edilənləri rahatlıqla anlaya bilər və anladıqlarını bütün davranışlarında və düşüncələrində ən gözəl şəkildə tətbiq edə bilər. Bu da Allahın Rəhman və Rəhim isimlərinin çox üstün təzahürüdür. Allah Quranın“...İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan...” (Bəqərə surəsi, 185)kitab olduğunu buyurur.

Allah, yaratdığı insanın fitrətinə uyğun olaraq bildirdiyi Quran əxlaqı ilə mərhəmətini, şəfqətini və sonsuz rəhmətini bizə göstərir. Fitrətinə uyğun davranmayan, Quran əxlaqını yaşamayan hər insan maddi və ən əsası, mənəvi sıxıntı içində yaşayır.

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsa idi, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (Muminun surəsi, 71)

Amma yalnızca Allahdan qorxub çəkinənlər, Ona səmimi olaraq təslim olanlar və axirət həyatını dünya həyatından üstün tutanlar Qurandan öyüd alıb düşünürlər. Allah digər ayələrdə də belə buyurur:

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik). (Ta ha surəsi, 2-3)

Bu mövzu, eyni zamanda, Quranın mühüm sirridir. Quranı anlamaq üçün üstün zəkaya və ya qabiliyyətə sahib olmaq yox, səmimi niyyətə sahib olmaq yetərlidir. Çünki insanın qavramasına icazə verən Rəhman olan Allahdır. Allah səmimi qullarına doğru yolları göstərir, onların Quran əxlaqını yaşamalarını və xilas olmalarını təmin edir.

Quran bütün insanlara göndərilmiş kitabdır, ancaq yalnızca Allahdan qorxan, axirət gününə iman gətirən möminlər üçün hidayət vəsiləsi olur. Bu da Allahın iman gətirən qulları üzərindəki şəfqətinin dəlillərindəndir. Bu mövzu ilə bağlı ayələrdən bəziləri belədir:

(De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ənam surəsi, 114)
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl surəsi, 102)
Bu, hikmətli Kitabın ayələridir. Xeyirxah əməl sahiblərinə doğru yolu göstəricisi və rəhmətdir. (Loğman surəsi, 2-3)
Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. (Yunis surəsi, 57)

Ayələrdə də bildirildiyi kimi, Quran bütün bəşəriyyət üçün öyüd, çəkinən və sadiq müsəlmanlar üçün də hidayət rəhbəridir. İçindəki hikmət, keçmiş və gələcək haqqında verdiyi gerçək məlumatlarla, insanlardakı qəfləti və vərdişi yox edən üslubu ilə bənzəri olmayan, eyni zamanda, vəhy edildiyi gündən Qiyamətə qədər yaradılmış və yaradılacaq bütün insanlar üçün çox önəmli kitabdır. İmanlı insan hər vəziyyətdə və qarşılaşdığı hər hadisədə Quranın hökmləri və Peyğəmbərimizin (səv) sünnəsinə əsasən qərar verər.

Quran furqan (haqqı batildən ayıran) xüsusiyyəti ilə möminin doğrunu yanlışdan ayırmasına və ən xeyirli qərarı verməsinə səbəb olur. Allahın bir ayədə də bildirdiyi kimi, “Artıq doğru yol azğınlıqdan aydın fərqlənir...”(Bəqərə surəsi, 256)Buna görə iman gətirən bir insan Quran əxlaqı ilə cahiliyyə həyatı arasında orta yol axtarmağa çalışmaz, qəti və əmin olaraq yalnızca Qurana, yəni ən doğru olana yönələr. Quranın Allahın Rəhman və Rəhim isimlərinin təzahürü, möminlərə olan sonsuz şəfqətinin dəlili olduğunu bilər. Allah ayələrdə möminlərə Quran əxlaqına möhkəm sarılmalarını buyurur:

Odur ki, sən özünə vəhy olunan (ayələrə) sarıl! Əslində, sən düz yoldasan. Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız. (Züxruf surəsi, 43-44)