Qədər

Tərslik, sıxıntı və ya çətinliklər əslində bir hədiyyədir


Tərslik, sıxıntı və ya çətinliklər əslində bir hədiyyədir

Bəzi insanlar baş verməsini istəmədikləri hadisələrə tərslik deyirlər. Ancaq bu insanlar baş verən bir hadisəni «tərslik» kimi qəbul etsələr də əslində ən doğrusu qədərdə o hadisənin tam olaraq o şəkildə olmasıdır.

Müəyyən bir vaxtda biri ilə görüşəcəksiniz, amma vaxtında gəlməz. Çox gözəl bir iş görərsiniz, amma qarşınızdakı insan bunu layiqincə qiymətləndirməz. Çox əmək sərf edərək qarşınızdakı insana bir gözəllik təqdim edərsiniz, həmin insan bunu heç fərq etməz. Saatlarla bir yeri təmizləyib çox mükəmməl hala salarsınız, biri gəlib çirklədər. Yuxunuz var, amma biri düşüncəsiz şəkildə səs-küy salar. Çox təcili olaraq birindən kömək istəyərsiniz, həmin insan sizi yaddan çıxarar. Vacib bir şey əmanət edərsiniz, qarşınızdakı insan onu itirər.

İllərlə universitet imtahanına hazırlaşarsınız, son gün o saatda xəstələnib imtahana gedə bilməzsiniz. Yeni paltar alıb geyinərsiniz, anidən üstünə bir şey tökülər. Alış-verişə gedib keyfiyyətli bir məhsul alarsınız, evə gəldikdə aldadıldığınızı anlayarsınız. Çantanıza yüksək məbləğdə pul qoyarsınız, biri gəlib pul kisənizi oğurlayar. Maşın sürərsiniz, biri gəlib sizi vurar. Yaxud da tələsirsiniz, amma tıxac olduğundan saatlarla gedəcəyiniz yerə gedib çata bilməzsiniz. Bir yaxınınız anidən xəstələnər, amma təcili yardım saatlarla gələ bilmədiyi üçün xilas ola bilməyib vəfat edər. Müalicə almaq üçün xəstəxanaya gedərsiniz, amma ehtiyatsızlıqdan başqa mikrob düşər və yeni xəstəliyə tutularsınız…

Bir çox insan bu kimi tərsliklərə görə zərər çəkdiyini düşünür və ya bunların səbəbkarının başqaları olduğunu zənn edir. Əsəbləşir və əsəbini həmin təqsirkar gördüyü insanın üstünə tökür.

Bu kimi hallarda bu insanların ya birbaşa üzlərinə, ya da arxalarından deyinirlər. Sanki həmin insan o xətanı və ya düşüncəsizliyi etməsəydi, hər şeyin istədikləri kimi baş verəcəyini zənn edirlər. Halbuki bu o qədər böyük yanılqıdır ki, insan bu gerçəyi qavrasa, bütün həyata baxışı başdan sona tamamilə dəyişəcək.