Axırzaman və MEHDİ (əs)

İmanın nuru vicdanlı insanlarda təcəlli edər, insanlar vicdanlarının səsi ilə hz. Mehdini (ə.s) tanıyacaqlar


İmanın nuru vicdanlı insanlarda təcəlli edər, insanlar vicdanlarının səsi ilə hz. Mehdini (ə.s) tanıyacaqlar

Allah bütün insanlara səhvlə düzü ayıran, ən gözəl əxlaqı ilham edən vicdan vermişdir:
 
“And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah`dan) qorxmağı təlqin edənə!” (Şəms surəsi, 7-8)
 
Vicdanına tabe olanlar imanın nuru ilə hz. Mehdini tanıyacaqlar. Tanıdığı halda inkar edənlər ancaq özlərinə zülm edərlər. Axirətdə vicdanımızdan da sorğu-sual olunacağıq.
 
İnsan vicdanının səsini dinləməklə səhvi düzdən, yaxşını pisdən ayıra bilir. Ayədə də bildirildiyi kimi, bütün pis əməllərdən çəkindirən vicdan Allah`ın insana vəhyidir. Yəni insan istənilən vəziyyətdə doğru yolu Allah`ın vicdanına ilham etdiyi vəhylə anlayır.
 
Lakin bu həqiqəti insanların böyük əksəriyyəti qulaq ardına vurur. Quranla yanaşı vicdanımızdan da məsuluq və axirətdə vicdanımızı dinləyib-dinləməyimizlə bağlı da sorğu-sual olunacağıq. Məsələn, insan hər sözünün, hərəkətinin, reaksiyasının və qəbul etdiyi hər qərarının vicdanına uyğun olmadığını bildiyi halda bunu edirsə, yəni vicdansızlıq edirsə günaha girir.  Və yaxud haram olmadığı halda haram bildiyi bir şeyi qəsdən edirsə haram iş tutmuş kimi günaha girir. Eyni zamanda, istənilən şəraitdə gözəl rəftar, gözəl əxlaq nümayiş etdirən, insanlara mehriban, bağışlayıcı, sevgi, hörmət və nəzakətlə yanaşan, özünə qarşı inam və etibar yaradan insan bu gözəl xüsusiyyətlərə yalnız vicdanına uymaqla yiyələnə bilər. Hər an vicdanının səsini dinləyən və ona tabe olan insanda, Allah`ın izni ilə, hikmət, ağıl və fərasət ən gözəl şəkildə təcəlli edir.
 
Vicdanına ən gözəl əxlaq, doğrular ilham edildiyi üçün pislik, əxlaqsızlıq edən, günaha yönələn, nəfsini Allah`ın rizasından üstün tutan insan bütün bunları bilərək edir. Məsələn, bir münafiq möminlərin əleyhinə təbliğat apardıqda, səmimi müsəlmanlara zərər vermək üçün planlar qurduqda, bunun çox böyük əxlaqsızlıq və xainlik olduğunu bilir. Yaxşı niyyətli görünməyə çalışmağı bu həqiqəti dəyişdirmir.
 
Axırzamanda insanlar hz. Mehdini (ə.s) hadisə və əlamətləri vicdanları ilə dəyərləndirərək tanıyacaqlar. Bədiüzzaman həzrətləri də Axırzamanın mübarək zatları olan hz. İsa (ə.s.) və hz. Mehdinin (ə.s) imanın nuru ilə tanınacağını bildirmiş, Allah`ın vicdanlarına ilham etdiklərinə səmimi tabe olanların onları tanıyacağını demişdir:
 
... Bəlkə nuru imanın (imanın nurunun) diqqəti ilə o eşhası Axırzaman (Axırzaman zatları) tanınar. (Sözler, səh. 343-344)
 
Bədiüzzaman, Mövlana Xalidi Bağdadi, İmam Rəbbani həzrətləri və digər İslam alimləri ilə eyni dövrdə yaşayan səmimi müsəlmanlar, vicdanlarına tabe olan saleh möminlər necə bu mübarək insanların qədrini bilib, onların səmimiyyətini anlamışdılarsa, Axırzamanda da vicdanına uyan, hər bir səmimi müsəlman hz. Mehdinin (ə.s.) kim olduğunu biləcəkdir. Allah rizası üçün dünya miqyaslı fəaliyyətləri olan, bütün imkanlarını İslam əxlaqının hakim olması üçün səfərbər edən, dinsizliyə qarşı böyük elmi mübarizələri ilə seçilən, Allah yolunda bütün əzablara səbir edən, halal və haramlarda çox diqqətli olan, bütün fəaliyyətlərində Allah`ın izni ilə böyük müvəffəqiyyətlər qazanan, müsəlman aləminin birləşməsi üçün var gücü ilə çalışan, Allah`a aşiq olan, hər sözündə, hər hərəkətində aşkar hikmətə və fərasətə sahib olan insanı  gördüyümüz zaman bu insanın, Allah`ın izni ilə, Allah qatında çox dəyərli və mübarək olduğunu dərk etdiyimiz kimi, vicdanımıza tabe olduğumuzda da hz. Mehdini (ə.s.) tanıyacağıq. 
 
Mənfəətlərinə uyğun vəziyyəti dərhal hiss edən, nəfslərinin incinməsinə qarşı tədbirlər görən insanların yaşadıqları dövrdə Bədiüzzaman, Mövlana Xalidi Bağdadi, İmam Rəbbani həzrətlərinin moizələrində iştirak etməklərinə, əsərlərini oxumalarına, fəaliyyətlərinin güclü təsirini görmələrinə baxmayaraq bu mübarək insanları başa düşməmələri, daha doğrusu başa düşmək istəməməkləri isə vicdanlarına qulaq tıxadıqlarını açıq-aydın gözlər önünə sərir. 
 
Buna görə də, Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi yüzlərlə Axırzaman əlamətinin gerçəkləşməsinə baxmayaraq, Axırzamanda olduğumuzu danan, “hz. Mehdinin (ə.s.) gəlməsinə hələ əsrlər var” deyən, “hz. İsa (ə.s) və hz. Mehdi (ə.s.) şəxsiyyət kimi zühur etməyəcək” deyən, Türk-İslam Birliyinin yaranması üçün cəhd etməyən, İttihadi-İslam üçün çalışmayan, Peyğəmbərimizin (s.ə.v) hz. Mehdini (ə.s.) bütün əlamətləri ilə geniş şəkildə təsvir etməsinə baxmayaraq, bu həqiqətdən xəbərsiz kimi davranan insanların da vicdansız davrandıqları aydındır. 
 
Əlbəttə, yaxşı niyyətli insanlar məlumatsızlıqdan, yaxud kifayət qədər düşünmədikləri üçün yuxarıda sadaladıqlarımıza bənzər səhvlər edə bilərlər. Ancaq xəbərdar olmaqlarına və düşünmək üçün hər bir şərait yaradılmasına baxmayaraq, vicdanlarının səsinə qulaqlarını qapayan insanların vəziyyəti fərqlidir. Çünki bu insanlar Quran əxlaqı və sünnə ilə yanaşı, vicdanlarına da uymayaraq səhv yol izləyirlər.