Adamlıq DİNİ

Dedi-qodu edənlər şeytanın yoluna uyanlardır


 Dedi-qodu edənlər şeytanın yoluna uyanlardır

 

 Quran əxlaqından uzaq yaşayan insanlar arasında normal qarşılanan dedi-qodu görməzlikdən gəlinən bir davranış deyil. Çünki dedi-qodu etməyi vərdiş halına gətirən insanın vicdanı fərqində olmadan elə korlaşır ki, insan artıq bunun günah olduğunu belə hiss etməməyə başlayır və çəkinmədən, hər fürsətdə dedi-qodu edir. Şübhəsiz, bu, şeytanın iman gətirməyən insanları sürüklədiyi böyük bəladır. Uca Rəbbimiz şeytanın bu oyununa qarşı qullarını bir ayədə belə xəbərdar etmişdir:

 "Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir"(İsra surəsi, 53)


 Dedi-qodu cəmiyyətdəki başqa pisliklərin də qaynağıdır

 Dedi-qodunun gətirdiyi nəticələrdən biri də, insanlar arasında dedi-qodu ilə düşmənçilik toxumunun səpilməsidir. Dedi-qodu kini, hirsi və nifrəti alovlandırır. Çox kiçik mövzular dedi-qodu səbəbindən qarşısıalınmaz problemlərin, mübahisə və mübarizələrin ortaya çıxmasına gətirib çıxara bilər. Hətta qəzetlərdə də dedi-qoduya görə ailələrin dağılmasına və cinayətlərə dair xəbərlərə rast gəlirik.

 Dedi-qodu etmək çox pis əxlaq xüsusiyyəti olduğu kimi, eyni zamanda da insanların vaxtlarının boş və məqsədsiz keçməsinə səbəb olur. Halbuki, sonsuz hökm və hikmət sahibi olan Allah Quranda dedi-qodunu qadağan etdiyi kimi, boş vaxt keçirməyi də qadağan etmişdir. Uca Allah’a səmimi olaraq inanan insan dedi-qodu etməz və dedi-qodu edəni dinləməz, boş və ya faydasız olan bir söz eşitdiyində isə o mühitdən ən gözəl tərzdə uzaqlaşar. Rəbbimiz bir Quran ayəsində belə buyurur: 

 “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər” (Furqan surəsi, 72)
 

 Allah başqa bir ayədə isə iman gətirənlərin boş şeylərdən tamamilə üz çevirdiklərini belə bildirir: 

 "O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, boş şeylərdən) üz döndərərlər"(Muminun surəsi, 3)


 Dedi-qodu etmək Allah’ın haram etdiyi bir hərəkət olduğu kimi, bu pisliyi edənlər Allah’ın haram etdiyi insanların arasını vurmaq, kin və hirsə səbəb olmaq və boş vaxt keçirmək kimi başqa günahları da etmiş olurlar.

 Buna görə də, dedi-qodudan çəkinmək, dedi-qodu edilən mühitlərdən uzaqlaşmaq, dedi-qoduya şahid olanda da bu səhvi uyğun şəkildə xatırlatmaq kübar və Quran əxlaqına uyğun davranış olar.

 Unutmaq olmaz ki, bir cəmiyyətdə dedi-qodu xəstəliyinin qarşısının alınmasının yeganə yolu din əxlaqının insanlar arasında yayılmasının təmin edilməsidir. Din əxlaqının varlığı ilk öncə Allah sevgisini özü ilə gətirəcəyi üçün bu, bütün insanlara müsbət və gözəl təsir edər. Hər kəs Allah’ın razılığını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah rizası üçün sevər, hörmət edər. Cəmiyyətə şəfqət, mərhəmət, xoş münasibət hakim olar. İnsanlar Allah’ın əmri yönündə xeyirlərdə yarışar, imkan və vaxtlarını dedi-qodu etmək kimi boş işlərə deyil, xeyirli fəaliyyətə yönəldərlər.