Quran möcüzələrİ

Təsvirin ötürülməsi


Təsvirin ötürülməsi

 

“Kitabdan bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm! Onu yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək, şükür edəcəyəm, yoxsa nankor olacağam!” (Nəml surəsi, 40).

Ayədə “kitabdan bir qədər xəbəri olan birisi” olaraq bəhs edilən şəxs hz. Süleymana Səba hökmdarının taxtını bir göz qırpımında, yəni çox qısa vaxt ərzində gətirə biləcəyini söyləyir. Səba hökmdarının taxtının gətirilməsi hadisəsi ilə günümüzdə görüntülərin nəqli üçün istifadə edilən yüksək texnologiyaya işarə edilməsi mümkündür. Mövzu ilə əlaqəsi olan başqa bir ayə isə belədir:

“Cinlərdən olan bir ifrit: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” - dedi”. (Nəml surəsi, 39)

Dövrümüzdə yazı, şəkil, film kimi hər cür təsvirin və məlumatın internet texnologiyası ilə bir neçə dəqiqə, hətta bir neçə saniyə ərzində çox uzun məsafələr qət etməsi mümkündür. Məsələn, Səba hökmdarının taxtının sürətlə uzaq bir yerə göndərilməsindən bəhs edilməsi ilə belə bir işin (məsələn, bir taxta aid üçölçülü görüntünün və ya şəklin göndərilməsinin) internet vasitəsi ilə bir göz qırpımında mümkün olacağına da işarə ola bilər.

Bugünkü alimlərin qənaətinə görə, atom və molekulların, hətta daha böyük cisimlərin ötürülməsi yaxın gələcəkdə mümkün olacaq. «Teleportasiya» deyilən bu üsulla bir yerdəki cismin maddi xüsusiyyətləri aradan qaldırılaraq, həmin cismə aid bütün xırdalıqlar və atom düzülüşü bir başqa yerə göndərilir. Qısası, cismin bütün maddi xüsusiyyətləri yenidən inşa edilir. Bu fəaliyyətlər zamanın və məkanın yolçuluq üçün maneə yaratmayacağını və əşyaların hər hansı bir məkana bir anın ərzində, həqiqətən, fiziki bir məsafə qət etmədən daşına biləcəyi mənasına gəlir.

1998-ci ildə Kaliforniya Texnologiya İnstitutunun elmi mərkəzində fəaliyyət göstərən fiziklər iki avropalı qrupla birgə bir şəklin ötürülməsini həyata keçirdilər. Alimlər fotonun atom quruluşunu oxudu və bu məlumatı 1 metr boyunca daşıyaraq şəklin bir surətini yaratdı. Bir müddət əvvəl gerçəkləşdirilən başqa teleportasiya təcrübəsində Milli Avstraliya Universitetindən (ANU) olan Pinq Koy Lam və başqa tədqiqatçılar bir lazer şüasını qısa bir məsafə boyunca ötürməyi bacardılar.

2002-ci il iyul ayının 17-də CNN xəbər kanalında verilən məlumatda Kanberrada Beynəlxalq Avstraliya Universitetinin fiziklərindən təşkil olunmuş bir qrupun bir lazer şüasını parçalayıb onu bir neçə metrlik ətrafa “şüaladıqları” bildirildi. Həmçinin o da vurğulandı ki, qrupun başqanı Pinq Koy Lam maddəni şüalandırmağı hələ bacara bilmədiklərini, lakin bunun imkan xaricində də olmadığını və atom halında bərk maddələrin şüalandırılmasının 3-5 il ərzində mümkün ola biləcəyini söyləyib.

Danimarkanın Aarhus Universitetindən Eugen Polzik və heyəti «Nature» jurnalında dərc olunan tədqiqatın nəticələri əsasında lazer şüasından istifadə edərək və kvant fizikasından faydalanaraq çoxsaylı atom üzərində müsbət təcrübələr apardılar. «Scientific American» jurnalında yazan avstriyalı fizik Entoni Zeilinger isə teleportasiyanın potensialı ilə bağlı dəyərləndirmələrində daha çox mürəkkəb sistemlərin fizika qanunlarının üstündən xətt çəkmədən ötürülə biləcəyini bildirir.

Quranda «Biz qüdrət nişanələrimizi onlara aşkar aydın olması üçün həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik...» (Fussilət surəsi, 53) ayəsi ilə bildirildiyi kimi, bu elmi tərəqqi də Quranda işarə edilən və Quranın möcüzəvi cəhətlərini göstərən texnologiyalardan bir hissəsi ola bilər.