Quran möcüzələrİ

Dindən kənar yaşamağın nəticələri stress ve depressiyadır


Dindən kənar yaşamağın nəticələri stress ve depressiyadır

 

«Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar...» («Taha» surəsi, 124)

«Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini sanki göyə çıxan kimi daraldıb sıxıntıya salar. Allah iman gətirməyənlərə pisliyi belə edər!» («Ənam» surəsi, 125)


Din əxlaqı yaşamayan insanların Allah`a etibar edib təslim olmamaqları onların öz həyatını həmişə qəm-kədər, sıxıntı və stress içində keçirməsinə səbəb olur. Buna görə də onlar kökü, əsasən, psixoloji amillərlə bağlı olan xəstəliklərə düçar olurlar. Bədənləri çox sürətlə qocalır, qısa müddətdə yaşlanıb çökürlər. Yaşadıqları ruh düşkünlüyünün təsiri özünü bədənlərinin hər yerində büruzə verir.

Mömin adamlar isə psixoloji cəhətdən sağlam olduqları, stressə, depressiyaya, ümidsizliyə, bədbinliyə düşmədikləri üçün cismən də daha sağlam və gümrah qalırlar. Belə şəxslərin Allah`a təvəkkül və etibar etməsinin, hər şeyə xeyir nəzəri ilə baxmasının, Allah`ın onlara olan gözəl vəd və müjdələrinin sevincini davamlı olaraq öz daxillərində yaşamağın müsbət təsiri özünü onların fiziki xüsusiyyətlərində də göstərir. Təbii ki, bu söylənənlər dini həqiqi mənası ilə qavrayan və vicdanını tam gücü ilə işlədərək Quran əxlaqını haqqı ilə yaşayanlara aiddir. Əlbəttə, onlar da xəstəliklərə düçar olur və təbii olaraq qocalırlar, ancaq bu vəziyyət başqaları kimi psixoloji səbəblər üzündən çökmək deyil.

Müasir dövrdə əsrin xəstəlikləri adlandırılan stress və depressiya insana yalnız psixoloji baxımdan zərər verməklə kifayətlənməyib özünü onun bədənində də müxtəlif fiziki təsirlərlə göstərir. Stress və depressiya üzündən yaranan narahatlıqlar, əsasən, bəzi əqli xəstəliklər, narkotik maddə aludəçiliyi, yuxusuzluq, dəri, mədə, təzyiq xəstəlikləri, zökəm, miqren, sümük xəstəlikləri, böyrək çatışmazlığı, tənəffüs sistemindəki pozulmalar, allergiyalar, infarkt, beyində böyümə yaranması kimi xəstəliklərdir. Təbii ki, bu xəstəliklərin səbəbləri həmişə stress və ya depressiya olmaya da bilər. Lakin elmi cəhətdən də sübut olunduğu kimi, bunların kökü əksərən psixoloji amillərlə bağlı olur.

İnsanlar arasında çox geniş yayılan stress, qorxu, inamsızlıq, ümidsizlik, ifrat həyəcan, nigarançılıq, təzyiq kimi hisslərin bədəndəki müvazinəti pozaraq ümumi bir gərginlik yaradır. İnsanlar stressə məruz qalanda bədənləri buna müqavimət göstərir və xəbərdarlıq siqnalı ötürür. Bədəndə dərhal biokimyəvi reaksiyalar başlayır: qandakı adrenalinin səviyyəsi yüksəlir, enerji istehlakı və bədəndəki reaksiyalar maksimum səviyyəyə yüksəlir, şəkər, xolesterol və yağ turşuları qana ötürülür, qan təzyiqi artır və ürəyin döyüntüləri sürətlənir. Qlükoza (şəkər) beyinə istiqamətləndiriləndə xolesterolun miqdarı artır, bu da bədən üçün təhlükə mənasına gəlir. Xüsusilə xroniki stress bədən funksiyalarını dəyişdirdiyi üçün çox böyük zərərə səbəb ola bilər. Stress üzündən bədəndəki adrenalin və kortizolun miqdarı anormal səviyyəyə yüksəlir. Uzun müddət davam edən stressdə kortizol hormonunun yüksəlməsi bəzi xəstəliklərin, məsələn, şəkər xəstəliyi, ürək xəstəlikləri, yuxarı təzyiq, xərçəng, xora, tənəffüs sistemi xəstəlikləri, dəri xəstəlikləri, immunitet sistemi ilə bağlı olan narahatlıqların erkən yaşda ortaya çıxmasına səbəb olur. Kortizol yüksəkliyinin beyin hüceyrələrinə öldürücü təsir göstərə bilər. Stressin səbəb olduğu narahatlıqlar bir mənbədə belə ifadə edilir: 

«Stress və stressin səbəb olduğu gərginlik və ağrı arasında əhəmiyyətli bir əlaqə var. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, başın müəyyən nahiyələrinə gedən qanın xeyli azalmasına səbəb olur. Digər tərəfdən, bir toxumanın qansız qalması birbaşa ağrıya səbəb olur. Çünki ehtimal olunur ki, bir tərəfdən, gərgin toxumanın daha çox oksigenə ehtiyac hiss etməsi, digər tərəfdənsə toxumanın onsuz da kifayət qədər olmayan qanla qidalanması xüsusi ağrı sensorlarını xəbərdar edir. Bu ərəfədə stress zamanı sinir sisteminə təsir edən adrenalin və noradrenalin kimi maddələr də ifraz olunur. Bunlar da birbaşa və ya dolayısilə, əzələlərin gərginliyini artırıb sürətləndirir. Beləliklə, ağrı gərginliyə, gərginlik narahatçılığa, narahatçılıq da ağrının möhkəmlənməsinə səbəb olur».

Ancaq stressin doğurduğu ən ciddi xəstəliklərdən biri infarktdır. Tədqiqatlar aqressiv, təlaşlı, narahat, səbirsiz, kinli, əsəbi insanların infarkt keçirməsi ehtimalının bu davranışı az olan insanlardan daha çox olduğunu göstərir.Bunun səbəbi isə belədir.

"Hipotalamusun başlatdığı simpatik sinir sisteminin həddən artıq xəbərdar edilməsi daha artıq insulin ifrazına və dolayısilə, bu insulinin qanda yığılmasına səbəb olur. Bu vəziyyət sağlamlıq baxımından həyati əhəmiyyət kəsb edir. Çünki tac damar xəstəliyinə səbəb olan şərtlərin heç biri qandakı artıq miqdarda olan insulin qədər qəti və dağıdıcı rol oynamır".

Alimlər stress dərəcəsi nə qədər yüksək olarsa, qandakı leykositlərin əks-reaksiyasının da bir o qədər zəiflədiyini bildirir. Oksford Universitetinin (Britaniya) texnologiya transferi bölümündə çalışan Linda Neylorun rəhbərlik etdiyi qrupun hazırladığı test sayəsində stress dərəcəsinin immunitet sisteminə bu mənfi təsiri ölçülüb.

Stresslə immunitet sistemi arasında da yaxın əlaqə var. Fizioloji stress immunitet sisteminə ciddi təsir edir və immunitet sistemini sıradan çıxarmağa çalışır. Stress altında olan beyin bədənə kortizol hormonun ifrazını artırır və immunitet sistemini zəiflədir. Başqa sözlə, beyin, immunitet sistemi və hormonlar bir-biri ilə bağlıdır. Mütəxəssislər bu haqda belə deyir: 

"Psixoloji və ya fiziki stress mövzusundakı çalışmalar uzun müddət davam edən intensiv bir stressin timsalında aparılarkən hormonal balansa bağlı olan immunitetin bu stressə cavabında tənəzzülə məruz qaldığını üzə çıxarmışdır. Xərçəng də daxil olmaqla, bir çox xəstəliklərin yaranmasının və şiddətinin həyati streslərlə bağlı olduğu bilinir".

Qısası, stress insanın təbii müvazinətini pozan bir vəziyyətdir. Bu fövqəladə vəziyyətin intensivləşməsi bədənin sağlamlığını pozaraq çox müxtəlif narahatlıqlara səbəb olur. Mütəxəssislər stressin insan bədəninə mənfi təsirlərini bu əsas müddəalar şəklində qruplaşdırır:

- narahatçılıq və panika, işlərin nəzarətdən çıxdığı hissinə qapılma;

- davamlı artan tərləmə;

- səsin dəyişməsi, kəkələmək, titrəyə-titrəyə danışmaq;

- hiperaktivlik, ani enerji partlayışları, zəif diabet nəzarəti;

- yatmaqda çətinlik çəkmək, kabus görmək;

- dəri xəstəlikləri - sızanaq, hərarət, sədəf xəstəliyi və ekzema;

- qastrointestinal əlamətlər - həzm pozuntusu, mədə bulanması, mədə xorası;

- əzələ təzyiqləri - qıcırdayan və ya bərkiyən dişlər, çənədə, bel, boyun və çiyinlərdə ağrı;

- aşağı dərəcəli infeksiyalar, zökəm və sairə; - miqren;

- sürətli ürək döyüntüləri, sinə ağrısı, təzyiqin qalxması;

- böyrək çatışmazlığı, su tutma;

- tənəffüs pozuntusu, qısa nəfəs alıb-vermələr;

- allergiyalar;

- oynaq ağrısı;

- ağız və boğaz quruluğu;

- infarkt;

- immunitet sisteminin zəifləməsi;

- beyin bölgəsində kiçilmə;

- özünü günahkar hiss etmək, özünəinamsızlıq;

- beyin qarışıqlığı, düzgün izahlar verə 

bilməmək, yaxşı fikirləşə bilməmək, yaddaşın zəifləməsi;

- həddən artıq bədbinlik, hər şeyin mənfiliyə gedəcəyinə inanmaq;

- tərpənmədən bir yerdə dayanmaqda çətinlik çəkmək, mütləq ritm tutmaq;

- diqqəti cəmləyə, fikirlərini toplaya bilməmək;

- əsəbilik, inciklik;

- məntiqsizlik;

- özünü köməksiz, ümidsiz hiss etmək;

- artan və ya azalan iştaha.

Din əxlaqından uzaq adamların stress adlandırılan sıxıntı ilə yaşaması Allah`ın Quranda bildirdiyi bir vəziyyətdir:

«Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar...» («Taha» surəsi, 124) 

Başqa bir ayədə isə Allah «...bütün genişliyinə baxmayaraq, dünya onlara dar olmuş, ürəkləri təngə gəlib sıxılmışdı. Onlar Allah`dan yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər...» («Tövbə» surəsi, 118) şəklində buyurur.

Bu sıxıntılı, müasir terminlə desək, stressli həyat iman gətirməyən şəxslərin imanın qazandırdığı gözəl əxlaqdan uzaq yaşamasının nəticəsidir. Bu gün həkimlər özünü stressin təsirlərindən gözləmək üçün rahat və sakit bir həyat tərzinə, gərginlikdən uzaq sakit bir psixologiyaya malik olmağın vacibliyini bildirir. Rahat və əmin-amanlıq verən bir psixologiya isə ancaq həyatımızda Quranı yaşamaqla mümkündür. Həmçinin Allah Quranda bir çox ayədə iman gətirənlərin üzərinə güvən hissi və əmin-amanlıq göndərdiyini bildirir («Bəqərə» surəsi, 248; «Tövbə» surəsi, 26, 40; «Fəth» surəsi, 4, 18). Rəbbimizin iman gətirən bəndələri üçün vədi isə bir ayədə belə bildirilir:

«Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik». («Nəhl» surəsi, 97)