Quran möcüzələrİ

Bağışlamaq və onun sağlamlığa faydası


Bağışlamaq və onun sağlamlığa faydası

Quranda tövsiyə edilən gözəl əxlaqi xüsusiyyətlərdən biri də əfv etmək və bağışlamaqdır.

«Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!» («Əraf» surəsi, 199) 

Allah başqa bir ayədə isə belə buyurur: «Əfv edib, xoş qəbul etsinlər! Məgər siz Allah`ın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!» («Nur» surəsi, 22) 

Quran əxlaqından uzaq yaşayan insanlar üçün bağışlamaq da çox çətindir. Çünki buraxılan bir səhvə görə dərhal əsəbiləşirlər. Ancaq Allah möminlərə bağışlamağın daha gözəl bir davranış olduğunu bildirir:

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa, onun mükafatı Allah`a aiddir...» («Şura» surəsi, 40)

«...Onları əvf etsəniz, təqsirlərindən keçsəniz və bağışlasanız, daha yaxşı olar. Çünki Allah bağışlayandır, rəhm edəndir!» («Təğabun» surəsi, 14)

Quranda «Əlbəttə, hər kəs səbir edib bağışlasa, onun bu hərəkəti çox bəyənilən əməllərdəndir!» («Şura» surəsi, 43) ayəsi ilə də bağışlamağın təqdirəlayiq bir əxlaqi xüsusiyyət olduğu xəbər verilir. Dolayısilə, möminlər bağışlayan, mərhəmətli, xoşrəftar davrananlardır və Quranda bildirildiyi kimi, onlar qəzəblərini udarlar və insanların günahlarından keçərlər. («Ali-İmran» surəsi, 134)

Möminlərin bağışlamaq anlayışı Quran əxlaqı üzrə yaşamayan insanların bu anlayışından çox fərqlidir. Bəzi adamlar qarşılarındakı adamı bağışladıqlarını desələr də, həmin adamların ürəyinin kin-küdurətdən xilas olması uzun müddət davam edir. Onların davranışı, ümumiyyətlə, bu xislətlərini əks etdirəcək şəkildə olur. Möminlər isə səmimi şəkildə bağışlayar. Möminlər insanın dünyada imtahanda olan, səhv edərək öyrənən bir məxluq olduğunu bildiyi üçün mülayim və şəfqətlidir. Həmçinin möminlər tamamilə haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə də tərəddüdsüz bağışlaya bilirlər. Bağışlamaq üçün hər hansı bir səhvin böyüklüyünə və ya kiçikliyinə görə fərq qoymazlar. Bir adam səhv edərək böyük itkiyə səbəb ola bilər. Ancaq baş verən hər hadisənin Allah`ın nəzarətində və bir tale daxilində cərəyan etdiyini bilən möminlər bu cür hadisə qarşısında təvəkküllə hərəkət edir və əsəbi hallara düşmürlər.

Amerikalı alimlərin bir müddət əvvəl apardığı tədqiqatların nəticələri bağışlamağı bacaran insanların başqalarına nisbətən həm ruhən, həm də fiziki cəhətdən daha sağlam olduğunu göstərdi. Stenford Universitetinin (ABŞ) alimi Frederik Luskin və onun əməkdaşları San-Fransisko (ABŞ) şəhərində yaşayan 259 nəfər üzərində tədqiqat aparıb. Alimlər təcrübədə iştirak üçün razılıq verən həmin adamları 6 dəfə 1,5 saatlıq görüşlərə dəvət edib. Onlar bu söhbətlər zamanı həmin adamlara bağışlamağı öyrətməyi qarşılarına məqsəd qoymuşdular. Təcrübədə iştirak edən şəxslər onlara xətəri toxunanları bağışlayandan sonra daha az əziyyət çəkdiyini bildiriblər. Aparılan tədqiqatlar göstərib ki, bağışlamağı öyrənənlər özlərini təkcə mənəvi cəhətdən yox, fiziki cəhətdən də daha rahat hiss edirlər. Məsələn, təcrübə nəticəsində stressdən yaranan bel ağrısı, yuxusuzluq və mədə ağrısı kimi ruhi və fiziki əlamətlərin də həmin adamlarda əhəmiyyətli səviyyədə azaldığı müəyyən edilib.

Stenford Universitetində «Rəhbərlik və sağlamlıq psixologiyası» sahəsində doktorluq dissertasiyası müdafiə edən Frederik Luskin «Yaxşılıq üçün bağışlayın» («Forgive for Good») adlı kitabının təqdimatında bağışlamaq haqqında «Bu, sağlamlıq və xoşbəxtlik üçün sübut olunmuş bir reseptdir» ifadəsini işlətmişdi. Bu kitabda bağışlamağın əsəbiliyi, əziyyəti, stressi və depressiyanı azaldaraq ümid, səbir və özünəinam kimi müsbət ruh halətini yaşamağı təlqin etməsindən bəhs olunur. Dr. Luskinə görə, uzunmüddətli əsəbilik insanların fiziki sağlamlığına da gözlə görünə bilən mənfi təsir göstərir. Dr. Luskin bununla bağlı yazır:

«Uzunmüddətli və ya davam edən əsəbin zərəri bədən daxilindəki termostatı sıfırlamasıdır. Əgər özünüzü davamlı olaraq hətta aşağı səviyyəli əsəbə də öyrəşdirsəniz, nəyin normal olduğunu ayırd edə bilməyəcəksiniz. İnsanların vərdiş halına gətirəcəyi əsəbilik bir növ adrenalin hücumuna səbəb ola bilər. Bədəni yandırar və sağlam fikirləşməyi çətinləşdirər, bu da vəziyyəti daha da pisləşdirər».

Dr. Luskin əsəb və stress zamanı bədən müəyyən fermentlər ifraz etdiyi üçün xolesterol və təzyiqin qalxdığını, bunların da bədənin uzunmüddətli məruz qalmaması zəruri olan bir vəziyyət yaratdığını bildirir.

«Healing Currents Magazine» jurnalının 1996-cı ilin sentyabr-oktyabr sayında dərc olunan «Bağışlamaq» adlı məqalədə isə bir şəxslə, ya da bir hadisə ilə bağlı yaşanan əsəbi vəziyyətin insanlarda mənfi hisslərə səbəb olduğunu, onun ruhi tarazlığına, hətta fiziki sağlamlığına mənfi təsir göstərdiyi bildirilir. Adıçəkilən məqalədə insanların əsəbə görə yaşadığı mənfi hallardan, zaman ötdükcə fərqinə vardıqları və pozulan əlaqələrini bərpa etmək, problemləri çözmək üçün bağışlamağa qərar verməsindən də bəhs olunur. Bildirilir ki, insanlar yaşadıqları əsəbi haldan sonra dəyərli vaxtlarını və həyatlarını bundan sonra əsəb içində keçirmək istəmir, buna görə də özlərini və başqalarını bağışlamaq yolunu seçirlər.

Digər tərəfdən, 1500 adamı əhatə edən bir araşdırmada dininə bağlı olan insanlarda stress, depressiya və əqli xəstəliklərin daha az olduğu müşahidə edilmişdir. Tədqiqatı aparan dr. Herbert Benson bunu dinlərin bağışlamaq hissini təşviq etməsi ilə əlaqələndirir:

«Dinlər insanlara başqalarını bağışlamağı tövsiyə edir. Buna görə də dini inancı olanlar çətinliklərini ürəyində saxlamır və həyata daha asan uyğunlaşırlar. Bu da onların depressiya və stress kimi narahatlıqla daha az üzləşməsini təmin edir».

«Harvard» qəzetində dərc olunan «Əsəb ürəyinizin düşmənidir» adlı məqalədə yer alan məlumatlara görə, əsəbiləşmək ürəyə son dərəcə ziyandır. Tibb sahəsində asisstent-professor İçiro Kavaçi və həmkarları bu həqiqəti müxtəlif test və hesablamalarla elmi cəhətdən sübut edib. Alimlər araşdırmalar nəticəsində xaraktercə əsəbi olan yaşlıların ürək xəstəlikləri riskinə daha sakit həmyaşıdları ilə müqayisədə üç dəfə çox məruz qaldıqlarını müəyyən ediblər. İ.Kavaçiyə görə, «Bərk əsəbilik və əşyaları qırmaq, ya da bir adamla dalaşarkən ona zərər vermək istəyi bu riski artırır». Çünki əsəbilik zamanı stress hormonları çoxalır ki, bu da ürək əzələləri hüceyrələrinin daha çox oksigenə ehtiyac duymasına və qandakı trombositlərin yapışqanlılığının artaraq laxtalanmağa yol açmasına səbəb olurlar. Bu da ürəyin sağlamlığına mənfi təsir göstərir. Həmçinin əsəbilik zamanı ürək döyüntüləri normanı aşır və damarlarda qan təzyiqinin yüksəlməsinə, dolayısilə, infarkt riskinin artmasına səbəb olur. Tədqiqatçılara görə, əsəb və düşmənçilik hissi qanda infeksiya ilə bağlı proteinlərin istehsalını da sürətləndirə bilər. «Psixosomik təbabət» («Psychosomatic Medicine») adlı jurnalda həddən artıq güclü əsəbin infeksiyaya səbəb olan proteinlərin istehsalını artırdığını, bunun da vena damarlarının sərtləşməsinə, dolayısilə, damar tıxacına və infarkta səbəb olduğu bildirilir. Şimali Karolina ştatındakı Dyuke Universitetindən (ABŞ) olan asisstent-professor Edvard Suaresə görə, interleukin 6 (İL-6) proteini çox əsəbi və kefsiz insanlarda normal səviyyədən daha yüksək olur. Qandakı yüksək İL-6 səviyyəsi isə venoza damarların divarlarında yağın yığılmasına, bu da damar tıxaclarının yaranmasına səbəb olur. Suaresə görə, nəticədə, ürək xəstəlikləri siqaretdən istifadə etmə, yüksək təzyiq, köklük və yüksək xolesterol kimi amillərlə yanaşı, stress, əsəb və düşmənçilik kimi psixoloji vəziyyətlərlə də sıx bağlı olur.

«The Times»da dərc olunan «Əsəb infarkt riskini artırır» sərlövhəli məqalədə asan əsəbiləşməyin infarkta aparan qısa bir yol olduğu, hər şeyə əsəblə reaksiya verən adamların ürək xəstəliklərinə üç, erkən infarkta isə beş dəfə çox məruz qalmaq riski ilə yaşadığı bildirilir. Baltimor şəhərindəki (Merilend ştatı, ABŞ) Con Hopkins Universitetinin alimləri müəyyən edib ki, tez əsəbiləşən insanların ailə üzvləri də ürək xəstəlikləri keçirmək riski ilə üzləşirlər.

Aparılan bütün tədqiqatlar göstərir ki, əsəbiləşmək insanın, əsasən, sağlamlığına ciddi zərər vuran bir ruh halıdır. Bağışlamaq isə insanın öhdəsindən çətin gələ bildiyi, lakin əsəbiləşməyin bütün mənfi nəticələrini aradan qaldıran, insanın həm fiziki, həm də ruhi cəhətdən sağlam həyat yaşamasına kömək edən gözəl bir davranış tərzi, üstün əxlaqi xüsusiyyətdir. Əlbəttə, bağışlamaq sağlam qalmağa səbəb olan davranışlardan biri və hamının yaşamalı olduğu müsbət bir xüsusiyyətdir. Ancaq bağışlamada əsl məqsəd - hər şeydə olduğu kimi - Allah`ın rizasını qazanmağa münasib olan bir əxlaqı yaşamaq olmalıdır. Müasir dövrümüzdə faydaları elmi cəhətdən müəyyən edilən bu əxlaqi xüsusiyyətin bir çox ayədə bildirilməsi Qurandakı hikmətlərdən yalnız biridir.