Quran möcüzələrİ

Atomun daxilindəki hissəciklər


Atomun daxilindəki hissəciklər

Yunan filosofu Demokrit məşhur atom nəzəriyyəsini inkişaf etdirəndən sonra insanlar maddənin atom deyilən çox kiçik, bölünməyən və yox edilə bilməyən hissələrdən ibarət olduğuna inanmağa başlamışdılar. Müasir dövrümüzdə isə elm maddənin ən kiçik hissəsi kimi qəbul edilən atomun özünün də hissələrə ayrıla biləcəyini sübuta yetirib.

Yalnız ötən əsrdə ortaya çıxan bu həqiqət insanlara Quran vasitəsilə hələ 1400 il bundan əvvəl xəbər verilib:

"...Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!" ("Səba" surəsi, 34/3)

"Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!" ("Yunis" surəsi, 10/61).

Diqqətlə baxanda yuxarıdakı ayələrdə "zərrə"dən və bundan daha da kiçik hissələrdən bəhs edilir. Ərəb dilində işlədilən "zərrə" kəlməsi "insanların bildiyi ən kiçik hissə, toz, atom" mənalarına gəlir.

Dövrümüzdən 20 il əvvələ qədər belə güman edilirdi ki, atomları təşkil edən ən kiçik hissələr protonlar və neytronlardır. Ancaq çox yaxın tarixdə üzə çıxarıldı ki, atomun daxilindəki bu hissələrin özünü də təşkil edən daha kiçik hissələr var. Atomun tərkibindəki "alt hissələri" və onların özünəməxsus hərəkətlərini araşdırmaq üçün fizika elminin "Hissə fizikası" adlı bir sahəsi də ortaya çıxdı. Hissə fizikasının apardığı araşdırmalar belə bir həqiqəti ortaya çıxardı ki, atomu təşkil edən proton və neytronlar da, əslində, "kvark" deyilən daha kiçik hissəciklərdən meydana gəlir. İnsan ağlının idrak sərhədlərini aşacaq kiçiklikdəki protonu təşkil edən kvarkların ölçüsü isə, həqiqətən də, heyrətamizdir: 

10-18 (0,000000000000000001) metr.

Bununla bağlı diqqət yetirilməsi lazım gələn başqa bir məsələ isə "zərrə" ilə əlaqəli ayələrdə çəki amilinə xüsusi yer ayrılmasıdır. Ayədə qeyd edilən "misqalə zərrətin" ("zərrə qədər") ifadəsindəki "misqal" kəlməsi çəki məfhumu ilə bağlıdır və çəki mənasını verir. Həmçinin atomu bölünə bilən hala gətirən proton, neytron və elektron kimi hissələrin atoma ağırlıq verməsi də kəşf edilib. Bu nöqteyi-nəzərdən "zərrə"nin ölçülərinə və yaxud da başqa bir xüsusiyyətinə deyil, onun məhz ağırlığına diqqət çəkilməsi Quranın başqa bir elmi möcüzəsidir. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, "Atom Möcüzəsi", Araşdırma nəşriyyatı).