Quran möcüzələrİ

Dağların funksiyası


Dağların funksiyası

Quranda dağların mühüm geoloji funksiyasına da işarə edilir: "Yer onları silkələməsin, atıb-tutmasın deyə orada möhkəm dağlar yaratdıq..." (Ənbiya surəsi, 31)

Diqqət etsək, görərik ki, ayədə dağların yer üzündəki silkələnmələrin qarşısını alma xassəsinə malik olması xəbər verilir. Quranın nazil edildiyi dövrdə heç bir insan tərəfindən dərk edilməyən həqiqət bu günlərimizdə müasir geologiyanın kəşfləri nəticəsində ortaya çıxarılıb. Əvvəllər dağların ancaq Yer səthindəki yüksəkliklər olması qəbul edilirdi. Lakin alimlər bunun fərqinə vardılar ki, dağlar təkcə Yer səthindəki yüksəkliklər deyil. Özlərinin dağ kökü deyilən hissəsi ilə öz yüksəkliklərinin 10-15 misli qədər də yerin altına qədər uzanır. Dağlar bu xüsusiyyətləri ilə sanki çadırı yerə möhkəm-möhkəm bərkidən bir mismarın və ya dirəyin funksiyasına oxşayan bir rolu ifa edirlər. Məsələn, zirvəsi Yerdən 9 km yuxarıda olan Comolunqma (Everest) dağının 125 km-dən çox kökü var.

Bundan başqa, dağlar Yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkət və toqquşmaları nəticəsində meydana çıxır. İki təbəqə toqquşan zaman daha möhkəm olanı o birinin altına girir. Üstdə qalan təbəqə qıvrılaraq yüksəlir və dağları meydana gətirir. Altda qalan təbəqə isə Yerin altına uzanaraq dərin uzunluq yaradır. Artıq qeyd etdiyimiz kimi, dağların Yer üzündə gördüyümüz kütlələri qədər də yer altına işləyən böyük çıxıntıları var. Bir elmi mənbədə dağların bu quruluşu belə təsvir edilir:

"Qatların daha qalın olduğu dağlıq bölgələrdə Yer qabığı mantiya qatına dərininə olmaqla sancılır".

Dünyanın ən məşhur dənizaltı geoloqlarından olan professor Siaveda isə dağların Yer üzündə öz kökləri sayəsində dayanmasından bəhs edərkən belə bir izahat verir:

"Qitə dağları ilə okean dağları arasındakı əsas fərq onların materialındadır... Ancaq dağların hər ikisində onlara kömək edən kökləri var. Qitə dağlarında dağdan gələn aşağı yoğunluq maddəsi Yerin daxilinə tərəf həmin dağın kökü şəklində uzanır. Okean dağlarında da dağı kök kimi dəstəkləyən yüngül maddə var. Ancaq bu, o qədər də kövrək deyil. Çünki reaksiya yüngüldür, isti olduğu üçün genişlənir. Lakin qalınlıq prizmasından baxılanda onlar da dağları dəstəkləmək yönündə eyni vəzifəni yerinə yetirirlər. Bu səbəbdən də köklərin funksiyası Arximed qanununa görə dağları dəstəkləmək üçündür".

Bundan başqa, Amerika Elm Akademiyasının əvvəlki rəhbəri Frank Pressin dünyanın əksər universitetlərində dərs kitabı kimi tədris edilən "Earth" (Dünya) adlı kitabında dağların dirək formasında olması və Yerin dərinliklərinə qədər uzanması iqrar edilir.

Quranın digər ayələrində isə dağların «dirək oxşatması» vəzifəsinə belə işarə edilir:

"Məgər biz yeri döşək etmədikmi?! Dağları da dirək?!" (Nəbə surəsi, 6-7)

Yenə başqa bir ayədə Allah bu həqiqəti "Dağları yerləşdirdi" ("Naziat" surəsi, 79/32) şəklində bildirir. Bu ayədə qeyd edilən "ərsəhə" kəlməsi "sabit etdi", "köklü etdi", "yerə çaxdı" mənalarına gəlir. Dağlar bu xüsusiyyətləri sayəsində Yer təbəqələrinin birləşmə nöqtələrində Yerin üstünə və altına doğru uzanaraq bu təbəqələri bir-birinə geydirir, onları bir-birinə birləşdirir. Bu şəkildə, Yer qabığını sabitləşdirərək onun maqma təbəqəsi üzərində, ya da öz təbəqələri arasında sürüşməsinə mane olur. Qısası, dağları taxtaları bir yerdə saxlayan mismarlara bənzədə bilərik.

Dağların sabitləşmə təsiri elmi ədəbiyyatda «izostasiya» adlandırılır. İzostasiya mantiya təbəqəsinin yuxarı tərəfə tətbiq etdiyi güclə Yer qabığının aşağı tərəfə tətbiq etdiyi qüvvə arasındakı müvazinətdir. Dağlar eroziya, torpaq sürüşməsi və ya buzlaqların əriməsi kimi səbəblərlə ağırlıq itirərkən buzlaqların meydana gəlməsi, vulkan püskürmələri və ya torpaq meydana gəlməsi üzündən ağırlıq qazana bilər. Buna görə, dağlar yüngülləşəndə mayelərin tətbiq etdiyi qaldırma gücü ilə aşağıdan yuxarı itələyir, ya da ağırlaşanda Yerin cazibə qüvvəsinin təsiri ilə mantiyanın daxilinə tərəf basdırılır. Yer qabığı üzərində bu iki güc arasındakı balans izostasiya sayəsində təmin edilir. Dağların bu balanslaşdırıcı xüsusiyyəti bir elmi mənbədə belə qeyd edilir:

G.B.Airy 1855-ci ildə Yer qabığının su üstündə üzən şalbandan hazırlanmış sallara oxşadıla biləcəyini söyləmişdi. Qalın taxta hissələri nazik hissələrlə müqayisədə su səthinin lap üstündə üzə bilər. Oxşar olaraq Yer qabığının qalın hissələri də bir maye və ya daha yoğun olan aşağı təbəqələr üzərində üzəcək. G.B.Airy dağların düzənliklərdə olmayan daha az iri qayalardan dərin köklərə malik olması fikrini müdafiə edirdi. O, öz araşdırmalarını nəşr etdirəndən 4 il sonra J.H.Pratt alternativ bir hipoteza təklif etdi. Bu hipotezaya görə, dağların altındakı qaya sütunlarının düzənliklər altındakı qaya sütunlarına nəzərən daha uzun olmasından ötrü daha az qalın olması lazım gəlirdi. Airy və Prattın fərziyyələrinin hər ikisi səthdəki kələ-kötürlüyün aydın hissələrindəki (dağlar və düzənliklər) qayaların yoğunluqlarındakı fərqlərlə balanslaşdığını müəyyən etmişdi. Bu müvazinət vəziyyəti «izostasiya» kimi tərif edilir.

Bu gün bilirik ki, Yer üzünün dağlıq olan üst səthi dərin laylarla qırılmış və ərimiş maqmanın üstündə üzən lövhələr halında parçalanmışdır. Bu lövhələr ona görə üzür ki, Yerin öz orbitindəki hərəkət sürəti çox yüksəkdir. Əgər dağların sabitləşdirici təsiri olmasaydı, həmin bu üzən lövhələr hərəkət halında olacaqdılar. Belə bir vəziyyətdə Yerin üzərində torpaq bir yerdə dayanmaz, torpaqda su saxlamaq mümkün olmazdı. Heç bir bitki cücərməz, heç bir yol, ev inşa edilməzdi. Qısaca belə deyək ki, dünyada həyat mümkün olmazdı. Buna görə də dağlar Allah`ın bir mərhəməti olaraq mismar vəzifəsini yerinə yetirməklə qitə kütlələrini okean təbəqələrinə tərəf saxlayır və onların hərəkətini tənzimləyir.

Göründüyü kimi, dağların müasir geologiya və seysmik araşdırmalar nəticəsində kəşf edilən çox həyati bir funksiyası yüz illər öncə göydən endirilmiş Qurani-kərimdə Allah`ın üstün hikmətinə bir örnək olaraq verilib. Başqa bir ayədə belə buyurulur:

"Allah göyləri, gördüyümüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın, atıb-tutmasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir". (Loğman surəsi, 10)