Quran möcüzələrİ

Qoruyucu tavan


Qoruyucu tavan

Allah göy üzünün maraqlı bir xüsusiyyətinə Quranda belə diqqət çəkir:

"Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, kafirlər ayələrimizdən üz döndərirlər". ("Ənbiya" surəsi, 21/32)

Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti çox sonralar - XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir. Yer kürəsinin hər tərəfini əhatə edən atmosfer həyatın davam etməsi nöqteyi-nəzərindən çox mühüm funksiyaları yerinə yetirir. Atmosfer Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox meteoriti əridib yox edir və onların Yer üzünə düşərək canlılara zərər verməsinin qarşısını alır. Atmosfer həmçinin kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları da bir növ filtrdən keçirərək təmizləyir. Atmosferin bu xüsusiyyətinin ən maraqlı tərəfi onun sadəcə olaraq zərərsiz miqdarda şüaları, yəni işığı, infraqırmızı şüaları və radio dalğaları keçirməsidir. Bunların hamısı həyat üçün lazımlı şüalardır. Məsələn, atmosfer tərəfindən müəyyən dozada keçməsinə icazə verilən ultrabənövşəyi şüalar bitkilərin fotosintez imkanlarını, beləliklə də bütün canlıların həyatda qalmasını təmin edir. Ancaq Günəş tərəfindən yayılan şiddətli ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yer səthinə onların həyat üçün zəruri olan az bir qismi çatır.

Atmosferin qoruyucu xüsusiyyəti təkcə bunlarla bitmir. Yer kosmosun təqribən mənfi 270 dərəcəlik ölümcül soyuğundan yenə atmosfer qatının sayəsində qorunur.

Yeri zərərli təsirlərdən qoruyan yalnız atmosfer deyil. "Van Allen qurşaqları" adlanan və dünyanın maqnit sahəsindən qaynaqlanan bir təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini atmosferlə birlikdə yerinə yetirir. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez meydana gələn və parlama adı verilən enerji partlayışları Yerdəki bütün həyatı məhv edəcək gücdədir. Bu təhlükənin də qarşısını məhz Van Allen qurşaqları alır.

Doktor Hüq Ross (dr. Hugh Ross) Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini belə izah edir:

"Yer Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa malikdir. Bu geniş nikel-dəmir nüvəsi böyük bir maqnit sahəsindən də mühüm funksiyanı yerinə yetirir. Yerin bu maqnit sahəsi Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə Yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat olmazdı. Maqnit sahəsinə malik olan və qayalıqlardan əmələ gələn digər tək planet Merkuridir. Fəqət onun maqnit sahəsinin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi Yer kürəsinə məxsusdur".

Keçdiyimiz illərdə təsbit edilən bir partlayışda ortaya çıxan enerjinin Xirosimaya atılan atom bombalarından 100 milyard dəfə güclü olduğu hesablanmışdır. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində həddən artıq hərəkət müşahidə edilmiş, Yer atmosferindən 250 kilometr hündürlükdə istilik 25000 C-yə yüksəlmişdir.

Qısası, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrdən qoruyan mükəmməl bir sistem işləyir. Allah dünyanı əhatə edən göy üzünün bu qoruyucu zirehi barədə əsrlərlə bundan əvvəl Quranda xəbər vermişdir.