MÜNAFİQLƏR

Xarici görünüşləri aldadıcıdır


Xarici görünüşləri aldadıcıdır

Münafiq deyilərkən ağlımıza üzünə baxan kimi saxtakarlığı dərhal aydın ola bilən insan gəlməməlidir. Bu şəxslər xarici görünüş olaraq səmimi insanlardan fərqli olmaya bilərlər. Allah ayəsində bu şəxslərin bədən quruluşlarının gözəl, söhbətlərinin də aldadıcı ola biləcəyinə diqqət çəkir:

Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar (divara) söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də (haqdan) döndərilirlər! (Münafiqun surəsi, 4)

Belə ki, möminlərin fiziki təmizlikləri, geyim tərzləri münafiqlərin təqlid etməyə çalışdığı xüsusiyyətlər arasındadır. Bu şəkildə kənardan baxdıqda münafiqləri digər Müsəlmanlardan fiziki yöndən ayırmaq o qədər də mümkün olmaya bilər. Ancaq münafiqlər həyatlarının hər anına əks olunan mənəvi bir çirkab içindədirlər. Allah "... Artıq siz onlara arxa çevirin. Onlar həqiqətən murdardırlar..." (Tövbə surəsi, 95) ayəsi ilə bu şəxslərin vəziyyətini bildirmişdir. Allah onların "... iyrəncliklərinə iyrənclik (murdarlıq) qatıb-artırmış..."dır. (Tövbə surəsi, 125) Zehinləri davamlı olaraq pislik hazırlama, tələ qurma, xainlik, xəbislik, kin, yalan, həsəd kimi bir çox mənfiliklərlə məşğul olduğundan üzlərində də imanın nuru olmaz. Allah Quranda bu şəxslərin üzlərini "... sanki qaranlıq bir gecənin parçalarına bürünmüş kimidir" (Yunus surəsi, 27) şəklində bir nümunə ilə təsvir edir. Başqa bir ayədə münafiqlər haqqında belə bildirilir:

Onlar harada olursa olsunlar, Allah'ın və (mömin) insanların (himayəsində olanlar) istisna olmaqla onlara (həmişə) zəlillik qismət olar. Onlar Allah'ın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu (cəza) ona görədir ki, onlar Allah'ın ayələrini inkar etmiş və (bəzi) peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu (həm də) ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar. (Ali İmran surəsi, 112)

Möminlər isə hər zaman Allah'ın razılığını axtarıb xeyir və yaxşılıq düşündükləri üçün üzləri çox nurludur və Allah'ın bir ayəsində ifadə etdiyi kimi onların "... əlamətləri, səcdə izindən üzlərindədir..." (Fəth surəsi, 29) Başqa sözlə, münafiqlərin üzlərindəki ifadə və üzərlərindəki mənəvi çirk, möminlərin nuru ilə müqayisə edildikdə daha çox diqqət çəkir.