Quran möcüzələrİ

Kainatın sonu və "Biq Krənç"


Kainatın sonu və "Biq Krənç"

Qeyd etdiyimiz kimi, kainatın yaradılması "Biq bənq" deyilən böyük partlayışla başlayıb. Həmin dövrdən indiyə qədər də kainat genişlənməkdədir. Alimlər bildirir ki, kainatın kütləsi kifayət edəcək miqdara çatanda bu genişlənmə prosesi cazibə qüvvəsinə görə dayanacaq və bu da kainatın öz daxilinə çəkilməyə, büzülməyə başlamasına səbəb olacaq.3 

Kainatın büzülməsi prosesinin isə axırda "Big crunch" ("Böyük çöküş") deyilən çox yüksək bir istilik və sıxılma ilə nəticələnəcəyi qeyd edilir. Bu isə bizə məlum olan bütün həyatın yox olması mənasına gəlir. Stenford Universitetinin fizika professoru Renata Kalloş (Renata Kallosh) və Endryu Lindenin (Andrew Linde) bu mövzu haqqındakı açıqlamaları isə belədir:

«Kainatın aqibəti kiçilməyə və yox olmağa tərəf gedir. Gördüyümüz və daha uzaqlarda olduğundan görə bilmədiyimiz hər şey bir protondan da kiçik bir nöqtə şəklində kiçiləcək. Sanki qara deşiyin daxilində imişsiniz kimi... Qara enerjinin ən yaxşı tərifinin bu izah olduğunu tapdıq: «Mərhələ-mərhələ neqativ hala gələn bu qara enerji kainatın balansının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək».

Fiziklər qara enerjinin neqativ enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər. Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulyasiyasının ortasında da ola bilərik».4

"Biq krənç" kimi ifadə edilən bu elmi nəzəriyyəyə Quranda belə işarə edilir:

"Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. İlk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salırıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik". ("Ənbiya" surəsi, 21/104)

Başqa bir ayədə isə göylərin bu vəziyyəti belə izah olunur:

"Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!" ("Zumər" surəsi, 39/67)

"Biq krənç" nəzəriyyəsinə görə, kainat başlanğıcda olduğu kimi, əvvəlcə, yavaş-yavaş, sonra tədricən sürətlə dağılmağa başlayacaq. Bütün bunlardan sonra isə sonsuz yoğunluq və sonsuz hərarətdə, sonsuz kiçiklikdə bir nöqtə halına gələcək. Bu elmi nəzəriyyə Quran ayələri ilə tam şəkildə üst-üstə düşür (doğrusunu Allah bilir).