İman HƏQİQƏTLƏRİ

Ultrabənövşəyi Şüaları Görən Arılar


Ultrabənövşəyi Şüaları Görən Arılar

Arılar ultrabənövşəyi şüaları da rəng olaraq gördükləri üçün çiçəklərə baxdıqda insanlardan tamamilə fərqli naxışlar görürlər. Bunlar da təsadüfən əmələ gəlməyib. Uca Rəbbimiz hər çiçəyin üzərindəki bəzəyi fərqli yaratmışdır. Naxışlar enmə zolağındakı xəttlər kimi arıları nektar olan yerə yönləndirir. Beləcə, arılar sürətlə çiçəklərin nektarlarına çata bilirlər.

 

Çiçəklər və arılar arasında çox mühüm əlaqə sistemi vardır. Hər iki canlı da Allahın ilhamı ilə hərəkət edir. Məsələn, arılar tərəfindən mayalanmağa ehtiyac duyan çiçəklər onları özlərinə cəlb edən nektar hasil edirlər. Allah çiçəklərə qoxuları və əlvan rəngləri ilə arıların diqqətini cəlb edən xüsusiyyətlər bəxş etmişdir. Amma Allahın çiçəklərə bəxş etdiyi xüsusiyyətlər bunlarla bitmir. Çünki çiçəklərdə arıların nektara rahat çatmasını təmin edən bəzi cizgilər vardır.

 

Arılar və çiçəklər arasındakı bu əlaqə insanlar üçün də çox əhəmiyyətlidir. Çünki arıçılıq kənd təsərrüfatında mühüm əhəmiyyət kəsb edir. Bir çox meyvə ağacı və çiçək, əsasən, arılar vasitəsi ilə mayalanır. Buna görə də bəzi mütəxəssislər arıların bu xüsusiyyətini bal hazırlamalarından daha vacib hesab edirlər. Bütün bunları düşündükdə dərhal ağıla Nəhl surəsindəki bal arısı ilə bağlı ayələr gəlir. Allah bu ayələrdə arıların bütün meyvələrdən yemələrinə diqqət çəkmişdir:

 

"Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır." (Nəhl surəsi, 68-69)

 

Arılar digər canlılar kimi Allahın ilhamı ilə hərəkət edirlər

 

Aydındır ki, arıların sahib olduğu mükəmməl sistemlər, ağıllı davranışlar, hesablama, planlama, inşa etmə qabiliyyəti və texniki məlumatlar təsadüfən yarana bilməz. Buna görə təkamülçülərin təsadüf iddialarının da heç bir əsası yoxdur. Çünki burada qeyd edilən bir neçə nümunə ilə də arıların bir anda və bütün sistemləri ilə birlikdə yaradıldığını görmək olar. Allah digər canlılar kimi arıları da bütün bacarıqları ilə birlikdə yaratmış və onları ehtiyaclarından artıq bal hazırlamaları üçün texniki qabiliyyətlərlə təmin edərək insanların xidmətinə vermişdir. Məhz bu xüsusiyyətlər yalnız bir gerçəyi sübut edir: arılara bu xüsusiyyətləri və maraqlı bacarıqları verən sonsuz qüdrət sahibi Allahdır. Allah yaratdığı bütün canlılarda olduğu kimi arılarda da sonsuz elmini və misilsiz yaratmasını bizə göstərir. Bu yaradılışa şahid olan insan isə hər şeyin Hakimi olan Rəbbini ucaltmalı və Ona təslim olmalıdır. Bir ayədə yaradılış dəlillərinin əhəmiyyəti belə bildirilmişdir:

 

"Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır." (Casiyə surəsi, 4)