İman HƏQİQƏTLƏRİ

Hüceyrə daxilindəki daşıma mexanizmi


Hüceyrə daxilindəki daşıma mexanizmi

Son dövrlərə qədər hüceyrədəki orqanoidlərin, zülalların və ya hüceyrə xaricinə göndərilən molekulların hüceyrənin daxilində nəzarətsiz şəkildə hərəkət etdikləri və hədəflərini təsadüfən tapdıqları düşünülürdü. Keçmişdə isə elm inkişaf etmədiyi üçün hüceyrənin "içi su dolu şar" olduğu zənn edilirdi. Bu cür yanılmaların səbəbi elmin qeyri-kafi imkanlar və fərziyyələr əsasında irəli sürülməsi idi. Belə ki, hazırda da təsirini davam etdirən bəzi elmdənkənar iddia və nəzəriyyələrin də buna əsasən  dəyərləndirilməsi böyük əhəmiyyət daşıyır.

Son illərdə əldə edilən elmi nailiyyətlər nəticəsində bunun kimi yanılmalar öz yerini həqiqətlərə vermişdir. Məsələn, flüoressent mikroskopunun ixtirası və hüceyrədaxili strukturların xüsusi boyalarla işarələnməsi texnologiyası ilə canlı hüceyrələrin müşahidə ediməsi mümkün oldu. Beləliklə, aktiv haldakı molekul və zülalların izlənməsinə nail olundu. Hüceyrənin böyük bir şəhər qədər kompleks quruluşlu olduğu məlum oldu. Hüceyrə daxilində nəqliyyat və xəbərləşməni təmin etmək üçün olduqca mükəmməl və sürətli daşıma sisteminin olduğu görüldü. Belə ki, endoplazmatik  retikulum və holci kompleksindən çıxan strukturlar getməli olduqları ünvana ən doğru şəkildə göndərilirlər.

Kinezin, dinein və miozin Va kimi zülallar hüceyrədəki mükəmməl poçt sisteminin poçtalyonlarıdır. Bu poçtalyon zülallar “mikroborucuq" adlanan skelet sistemi üzərində hərəkət edirlər.

Kinezin zülalı enerji istifadəsi baxımından insan istehsalı olan hər cür texnologiyadan daha məhsuldardır. Hüceyrə daxilindəki izdihama baxmayaraq, inanılmaz sürətlə hərəkət edir. 1 ATF molekuluna qarşı 8 nanometr yol gedən kinezin saniyədə 80 ATF istifadə edərək 640 nanometr yol gedir. Bu, hüceyrə üçün çox yüksək sürətdir. Belə ki, avtomobilin şosedə saatda 321 km sürətlə getməsinə bərabərdir.

Kinezin iki hərəki vahiddən ibarətdir. Mikroborucuq üzərinə yapışan bu vahidlər, sanki addım atırmış kimi hər zaman mikroborucuğun mənfi ucundan müsbət ucuna doğru hərəkət edirlər. Arxa ayaqdakı ATF-in hidrolizi nəticəsində fosfat ayrılır və arxa ayaq mikroborucuqdan qopur. Ön ayağa yeni ATF-in bağlanması ilə arxa ayağın irəli hərəkəti üçün lazımi forma dəyişikliyi təmin olunur. Bu proses 1 salisədən daha qısa müddətə tamamlanır.

Kinezinlə edilən bu mükəmməl daşıma prosesinin bir çox vacib xüsusiyyətləri var. Zülal quruluşlu kinezin bir-birinə dolanmış, ikiyə qatlanmış iki zülal zəncirindən ibarətdir. Bu iki struktur tam uyğunluq təşkil edir, lakin tək halda heç bir məna ifadə etmirlər. Kinezinin üzərində irəlilədiyi mikroborucuq da riyazi nizama malikdir. Mikroborucuq olmadan kinezin heç bir işə yaramaz.

Mikroborucuq inşa edilərkən mənfi və müsbət qütbləri təyin edilməlidir. Əks halda kinezin daşıma funksiyasını yerinə yetirə bilməz. Maraqlıdır ki, mikroborucuqların inşa edilməsində istifadə olunan tubulin zülallarının daşınması da kinezin vasitəsilə həyata keçirilir. Kinezinin ATF molekuluna bağlanması, ATF-in hidrolizi ilə fosfatın ayrılması, geridə qalan ADP molekulunun ayrılması ilə yeni ATF-ə yer açılması, bu proseslər zamanı arxa ayaq önə doğru hərəkət edərkən bağlanma nöqtəsinin mikroborucuğa istiqamətlənməsi və yeni ATF-in bağlanma səthinin sərbəst qalması və bilmədiyimiz daha bir çox xüsusiyyətlərin eyni anda mövcud olması əsas şərtdir.

Hüceyrədaxili “şoselər”olaraq xarakterizə edilən mikroborucuqlar hədəf nöqtəsinə qədər düzgün inşa edilməlidirlər. Kinezinin üzərində daşıdığı hissəciyi doğru ünvana aparması üçün minlərlə mikroborucuq yolu içərisindən hansının üzəri ilə yola düşəcəyini ayırd edə bilməsi isə möcüzədir.

Böyük bir şəhər qədər kompleks quruluşlu hüceyrənin içində kinezinin nümayiş etdirdiyi ağıl üzərində düşünülməli, vacib mövzudur. İnsan bilmədiyi ünvanı tapmağa çətinlik çəkir və vəziyyətdən çıxış yolu axtarır. Tanımadığı ölkədə isə bu vəziyyət daha da çətin olur. Lakin hüceyrənin daxilində bu cür ağıl nümayiş etdirən molekullar şüuru və insana aid heç bir xüsusiyyəti olmayan, gözlə görünməyən varlıqlardır, yerinə yetirdikləri işlər isə heyranedicidir.

Ən diqqətçəkən nümunələrdən biri isə sinir hüceyrələrinin aksonları boyunca həyata keçirilən daşıma prosesidir. Sinir hüceyrələrinin cismindən 10 000 dəfə uzun aksonları ola bilir. Onurğa beynində  yerləşən sinir hüceyrəsinin aksonu ayaq barmaqlarına qədər uzanır. Aksonda olan zülalların qaynağı isə hüceyrə nüvəsidir. Bu zülallar bir metrdən uzaq məsafələrə kinezinlə qısa müddətdə daşınırlar.

Hüceyrənin daxilindəki bircə zülalın nümayiş etdirdiyi ağıl insan ağlından daha üstündür. Zülallar insanın gücünün çatmadığı işləri, elmi imkanlar olmadan həll edə bilməyəcəyi əməliyyatları yarandıqları andan etibarən, heç bir yardıma və əlavə vəsaitə ehtiyac duymadan asanlıqla yerinə yetirirlər.

Məlumdur ki, zülal atomları ağıla sahib deyillər. Bu ağıl Allahın sənətinin və elminin hüceyrədəki təzahürüdür. Təsadüflər zülallara nə edəcəyini öyrədə və hüceyrədəki nizamı təmin edə bilməz.

Əslində, hər bir varlıq sahib olduğu xüsusiyyətlərlə "mən Allahın əsəriyəm" deyir. Rəbbimiz Onu tanımağımız, gücünün sonsuzluğunu anlamağımız üçün bənzərsiz yaratmasını elm vasitəsilə bizlərə göstərir.

“(Quranın) haqq olduğu onlara bəlli olsun deyə Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?”(Fussilət surəsi, 53)