İnkar edənlər

Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı


Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı

Bəzi insanlar başlarına gələn hadisələri öz məntiqləri əsasında yaxşı və ya pis şəklində müəyyən kateqoriyalara ayırırlar. Bunu edərkən öz vərdişlərini və ictimai adətləri önə sürürlər. Reaksiyaları hadisələrin şiddət və formasına görə dəyişir, lakin nəticə etibarilə cəmiyyətin təyin etdiyi qəlibdən kənara çıxmırlar.

Hər insanın uşaqlıqdan etibarən gələcəklə bağlı bir çox planı olur. Lakin həyat həmişə insanların düşündüyü və ya planlaşdırdığı şəkildə inkişaf etmir. Zamanla hər insanın başına gözlənilməz olaylar gəlir. Bəzən hər şey insanın tam istədiyi şəkildə həyata keçir, bəzən də zahirən tərs görünən bir çox hadisə baş verir. Çox sağlam birisi bir anda ölümcül xəstəliyə tutulur və ya qəza keçirib şikəst olur. Yaxud da çox varlı birisi bir anda bütün malını itirir.

Ümumiyyətlə, insanlar həyatı boyu rastlaşdığı bu hadisələrə fərqli reaksiyalar verirlər. İşləri qaydasında getdiyi və mənfəətlərinə zərər gəlmədiyi müddət ərzində müsbət reaksiya verir, ancaq gözlənilməz hadisələrdə narazı qalıb üsyan edirlər. Hadisələrin əhəmiyyətinə və nəticəsinə görə bu üsyankar davranışları daha da şiddətlənir.

Əsasən, bu ortaq xüsusiyyəti cahiliyyə cəmiyyətlərinin hamısında görmək mümkündür. Lakin bu insanların bir qismi narazı qaldığı bu hadisələrdə “bir xeyir vardır” və ya “xeyirdir, inşaAllah” deməyi unutmurlar. Bu sözlər -daha əvvəl də qeyd etdiyimiz kimi- vərdişdən, yaxud da adət-ənənədən qaynaqlanır. Yoxsa bir çox insan sözdə deyildiyi kimi, başına gələn hadisələrdə xeyir axtarmır.

Bəziləri də zərərsiz və ya əhəmiyyətsiz gördüyü hadisələrə: “Bir xeyir var”, -deyərkən, önəmli bildiyi və mənfəətinə ciddi zərər vuracağını düşündüyü olaylara qarşı heç bir xeyir söz işlətmirlər. Məsələn, avtobusa çatmayan və ya maşını xarab olan birisi: “Bir xeyir var”, -deyib vecinə almır. Ancaq bundan dolayı müdiri onu təhqir edəcəksə və ya işindən qovulacaqsa, bu vəziyyətdə gileylənməyə başlayır. Yaxud da ucuz bir saatı itəndə eyni sözü işlədən insan qızıl üzüyü itəndə özünü itirir. İnsanın xeyirlə baxdığı və ya səbir etdiyi kiçik hadisələr vardır, amma böyük hadisələrdə hər cür neqativ davranışı özünün təbii haqqı kimi görür.

Bəziləri də xeyirlə baxmaqdan yalnız təsəlli məqsədilə istifadə edir. Yoxsa insanlar hadisələri xeyirlə dəyərləndirməyin həqiqətdə nə məna ifadə etdiyini anlamırlar. Bunun sadəcə sıxıntıya düşən və ya zərər çəkən dostların bir-birinə təsəlli vermək şəkli olduğuna inanırlar. Məsələn, iflas edən tanışa, yaxud sinifdə qalan dosta onu sakitləşdirmək üçün “eybi yoxdur, bir xeyir var” və ya “olmalı idi, xeyrə düşünmək gərək” kimi sözlər deyirlər. Eyni hadisə özlərinin başına gələndə heç bir xeyir söz işlətmirlər. Bu vəziyyət işlətdikləri sözün mənasından tamamilə xəbərsiz olduqlarını açıq şəkildə göstərir.

Belə insanların başına gələn və pis kimi görünən bütün hadisələrdə bir xeyrin olduğunu düşünməmələri iman zəifliyindən qaynaqlanır. İnsanın həyatı boyu qarşılaşdığı hər hadisəni Allah`ın yaratdığını, hər işin müəyyən qədərlə baş verdiyini və dünya həyatının imtahan yeri olduğunu anlamaması xeyirlə baxmasına mane olur.

Bu səbəbdən, növbəti səhifələrdə baş verən hadisələrdə mütləq bir xeyrin olduğuna inanmaq üçün və bu xeyirləri görmək üçün başa düşülməsi gərəkən bəzi əhəmiyyətli həqiqətlərə toxunacağıq.