MÖMİNLƏR

Mal-mülkdən əskilmə ilə imtahan


Mal-mülkdən əskilmə ilə imtahan

İnsanların bir çoxunun həyatda ən önəmli məqsədlərindən biri mal-mülk zənginliyinə sahib olmaqdır. Həyatda çox əhəmiyyətli sayılan bu hədəfə çatmaq üçün hər yolu sınayır, heç bir şeydən çəkinmirlər. İnsanların mal-mülkə verdiyi dəyər Quranda dünyanın bərbəzəyi və bunlara qarşı güclü istək kimi keçir. Ayələrdə belə buyurulur:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Allah bir başqa ayədə din əxlaqından uzaq yaşayan insanlara “mal-dövləti isə lap çox sevirsiniz” (Fəcr surəsi, 20) şəklində bildirir. Bu ayədən aydın olduğu kimi, cahiliyyə cəmiyyəti mal-mülk sahibi olmağa çox həvəslidir. Çünki var-dövlət din əxlaqını əsas almayan cəmiyyətlər üçün üstünlük ifadə edən vacib xüsusiyyət sayılır. Bu yanlış modeldə malı olana hörmət edilir və dəyər verilir. İnsanlar istədiyi zənginliyi əldə etdikdə böyük güc qazandıqlarını düşünürlər. Bu baxımdan, hər kəs çoxlu var-dövlətə sahib olmağı istəyir.

Cahiliyyə insanlarının mal-mülkə bu qədər həvəsli olması həyatı boyu qazandıqlarını itirmək qorxusunu da özü ilə birlikdə gətirir. Bu yanlış məntiqə sahib olan bəzi insanlar var-dövləti müəyyən səbəblərdən itirdikdə ümidsizliyə düşür və Allaha qarşı üsyankar olurlar. Mallarının azalmasının, əslində, imtahan olduğundan tamamilə qafil olduqları üçün bu böyük zərərə görə kədərlənirlər.

Halbuki Allah Quranda iman edən qullarına əllərindən çıxanlar üçün üzülməməyi və özlərinə verilən nemətlərə görə də sevinib qürrələnməməyi əmr etmişdir (Hədid surəsi, 23). Allah ayələrdə insanları gözəl əxlaqa və mötədil olmağa çağırır. Bir insanın var-dövləti artdıqda qürrələnməsi, azaldıqda isə kədərlənməsi Allaha qarşı nankorluqdur.

Lakin hadisələri öz yanlış düşüncələri əsasında dəyərləndirən cahiliyyə cəmiyyəti mal itkisi olduqda kədərlənməyi təbii qarşılayır. Məsələn, bir insanın həyatı boyu çalışıb əldə etdiyi sərvəti təbii fəlakət nəticəsində bir neçə saniyədə əlindən alına bilər. Yaxud da uzun müddət pul yığıb aldığı gözəl ev yanğın nəticəsində yararsız hala düşə bilər. Dünya həyatının imtahan yeri olduğunu və belə bir hadisə ilə imtahan edildiyini dərk etməyən insan malı bir anda əlindən alınanda nə baş verdiyinə təəccüblənər və üsyankar davranmağa başlayar.

Din əxlaqından uzaq insanlar mal itkisini bu yanlış düşüncə ilə dəyərləndirdiyi üçün bu hadisənin xeyirli və yaxşı yönünün olmadığını düşünürlər. Belə ki, Allaha təvəkkül etmədiklərinə görə, bu hadisə, həqiqətən, onların əleyhinə olur.

Halbuki xeyirlə baxan insanlar üçün vəziyyət tamamilə fərqlidir. Əgər mal-mülkləri əllərindən çıxsa, bunun bir çox xeyir və hikmətləri var. Bəlkə də Allah bu vasitə ilə zənginlikdən qürrələnən və dünya həyatının keçici həvəsinə düşən qullarına xəbərdarlıq edir. Onlara bütün gücün Özünə aid olduğunu və sadəcə Özünə rəğbət etmək gərəkdiyini xatırladır. Yaxud da o çətinliyə səbir edən qullarına dünya və axirətdə daha gözəli ilə qarşılıq verib onların bilmədiyi xeyirli gələcək müəyyən edə bilər. Dünya həyatının keçici və zahiri mənfəətləri yerinə sonsuz axirət həyatının saysız nemətlərini onlara verə bilər. Belə ki, dünya və axirət nemətləri müqayisə olunarsa, axirət nemətlərinin daha xeyirli olduğu çox aydındır.

Belə hadisələrin dünyaya aid bir çox xeyri də ola bilər. Məsələn, bir insan yeni aldığı maşını ilə qəza keçirərsə və maşın çox zərər görərsə, bunda mütləq xeyir var. Allah bəlkə də bu insanı daha böyük qəzadan və ya başına gələcək pis hadisədən qorumuşdur. Vicdanlı insan başına gələn bu hadisəni xəbərdarlıq kimi qəbul edib bağışlanma diləyir və Allahın yaratdığı qədərə qeyd-şərtsiz təslim olur.