İman edən ALİMLƏR

Elmin inkişafında imanlı alimlərin rolu


Elmin inkişafında imanlı alimlərin rolu

Təkamülçülər nə qədər özlərini yenilik, dəyişiklik, inkişaf tərəfdarı kimi tanıtmağa çalışsalar da, tarix göstərmişdir ki, hər dövrdə elmin, yenilik və inkişafın əsl qabaqcılları yaradılışı müdafiə edən alimlər olmuşdur.

Elmi inkişafın hər anında imanlı alimlərin imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontologiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini kəşf edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habbl və daha bir çox elm adamı Allahın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.

XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn isə iman barəsində belə deyir: ”Dərin imana malik olmayan heç bir alim təsəvvür edə bilmirəm. Bu, belə də ifadə edilə bilər: Dinsiz elmə inanmaq mümkün deyil.” (Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.)

Müasir fizikanın əsasını qoyan alman fiziki Maks Plank isə belə deyir: ”Hansı sahədə olursa olsun, elmlə ciddi şəkildə məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: “İman elm adamının əl çəkməyəcəyi xüsusiyyətdir”. (J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, s. 15.)

Elm tarixini tədqiq etdiyimizdə dəyişikliyin və inkişafın yaradılışı müdafiə edən elm adamlarının əsəri olduğu görünür. Digər tərəfdən elmi nailiyyətlər, xüsusilə də XX və XXI əsrdəki inkişaf yaradılışın saysız-hesabsız dəlilini əldə etməyimizə kömək edib. Müasir elm və texnologiya kainatın yoxdan yaradıldığını anlamışdır. Kainatın təxminən 13.7 milyard il əvvəl bir nöqtədən başlayaraq genişlənməsi nəticəsində yaradıldığı bu gün bütün elm dünyası tərəfindən qəbul edilmiş həqiqətdir. Beləliklə, XIX əsrin bəsit elmi şərtləri daxilində materialistlər tərəfindən müdafiə edilən “başlanğıcı və sonu olmayan” sonsuz kainat modelinin üstündən xətt çəkilib. Kainatın eynilə Quranda bildirildiyi kimi yaradıldığı, bir başlanğıcının və sərhədlərinin olduğu, həmçinin genişləndiyi aydın olub. Bu həqiqət Qurani-kərimdə belə ifadə edilir:

Məgər inkar edənlər göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya surəsi, 30)

Göyü qüdrətimizlə Biz yaratdıq və Biz onu genişləndirməkdəyik! (Zariyat surəsi, 47)

XX əsrdə daha da inkişaf edən elm canlıların yaradılışının bir çox elmi sübutunu əldə etməyimizə kömək oldu. Elektron mikroskop vasitəsilə canlıların ən kiçik hissəsi olan hüceyrəni və onu əmələ gətirən hissələrin möhtəşəm quruluşunu müşahidə etmək mümkün oldu. DNT-nin kəşf edilməsi isə mikroskopla görə bildiyimiz hüceyrənin içindəki sonsuz ağılın mövcudluğunu sübut etdi. Biokimya və fiziologiya sahəsindəki nailiyyətlər orqanizmin molekulyar səviyyədə mükəmməl funksiyalarını və yalnız yaradılışla izah edilə bilən quruluşunu göstərdi.

Yaradılışı müdafiə edənlər elmin tərəfdarlarıdır. Çünki yeniliklər, irəliləyişlər və elm onların imanlarını daha da artırır. Elm yaradılışçıların ən böyük dəstəkçisidir. Yeniliyə qarşı olanlar isə elmin ortaya qoyduğu bütün dəlillərdən üz çevirib əsassız fantaziyaların məhsulu olan təkamül nəzəriyyəsini və materialist fəlsəfəni müdafiə edənlərdir.