İSLAMİ hökmlər

İslam dünyasında parçalanmanın səbəbləri


İslam dünyasında parçalanmanın səbəbləri

İslam dünyasının parçalanma prosesi 20-ci əsrin əvvəllərindən başlayır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər.

Ancaq 19-cu əsrin ən dağıdıcı hərakatlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qismi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi nəticəsində müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrildi. Müstəmləkəçi güclər İslam torpaqlarından əl çəkərkən bu torpaqları süni sərhədlərə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək olduqca qarışıq vəziyyət meydana gətirdi.

Müsəlman cəmiyyətlərdəki etnik müxtəlifliklər qarşıdurmalara səbəb oldu. Son dövrlərə qədər eyni torpaqlarda bir yerdə yaşayan xalqlar bir anda fərqli sərhədlər daxilində yaşayan, aralarında anlaşılmazlıqlar və ziddiyyətlər olan cəmiyyətlərə çevrildilər. Hər ölkə ilə qonşuları arasında müxtəlif mübahisələr yaranmağa başladı. Bu anlaşılmazlıqların bir qismi, İran-İraq müharibəsində olduğu kimi, iki müsəlman dövlətin bir-biri ilə var gücü ilə müharibə etməsinə qədər gedib çıxdı. Beləliklə İslam dünyası bir əsr boyu davam edən qeyri-stabil dövrə daxil oldu.

Burada qeyd etmək lazımdır ki, millət və vətən sevgisi, müstəqillik tələbi qanuni və nəcib duyğulardır. Milliyyətçilik duyğusunun anormal hala gəlməsi, sevginin ehtirasa çevrilməsi nəticəsində baş verir. Bir insan millətini sevərkən digər millətlərə qarşı səbəbsiz yerə kin bəsləməyə başlayarsa, öz millətinin mənfəətləri üçün digər millətlərin və xalqların haqqını tapdalamağı, məsələn onların torpaqlarını ələ keçirməyi, mallarını yağmalamağı hədəfləyirsə, bu qeyri-qanuni yoldur. Eləcə də öz millətinə olan sevgisini irqçiliyə çevirdikdə, yəni öz millətinin irsi olaraq digərlərindən üstün olduğunu iddia etdiyində də yenə anormal fikir meydana gətirir. Milliyyətçiliyin irqçi düşüncəyə çevrilməsi, iki müsəlman cəmiyyət arasındakı “müsəlman qardaşlığı” anlayışını zədələməsi və qardaşlığı aradan qaldıraraq nifrətə çevirlməsi də  yanlışdır.

Allah bu səhv anlayışa Quranda diqqət çəkir. Ayələrdə “cahiliyyə lovğalığı” olaraq təsvir edilən bu düşüncə cahilliyin (din əxlaqından uzaq cəmiyyətlərin) xüsusiyyəti olaraq izah edilir:

“Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi) rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir.” (Fəth Surəsi, 26)

Diqqət yetirilsə ayədə “cahiliyyə lovğalığı”ndan bəhs edilir, buna qarşılıq kimi Allahın möminlərə güvən və rahatlıq duyğusu verdiyi bildirilir. Göründüyü kimi öz cəmiyyətinə (tayfasına və ya millətinə) istiqamətlənən sevgi nəticəsində digər cəmiyyətlərə qarşı qəzəbli və təcavüzkar rəftar nümayiş etdirən insanların belə ruh halı Quran əxlaqına ziddir.

19-cu əsrdə materialist Avropada inkişaf edib müsəlman cəmiyyətlərə də ixrac edilən milliyyətçilik anlayışı qəzəb və şiddət doludur. Bu təkcə İslam dünyasında deyil, az qala bütün dünyada qarşıdurmalara və siyasi qeyri-sabitliyə səbəb olmuşdur.

Halbuki insanlar arasında irqlərinə və soylarına görə ayrı-seçkilik etmək, etnik fərqləri anlaşılmazlıq mövzusuna çevirmək Quran əxlaqına qəti şəkildə zidddir. Rəbbimiz bir ayədə bu şəkildə buyurur:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (irq və soy baxımından deyil), təqvada ən irəlidə olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Hucurat Surəsi, 13)

Allah, “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır.” (Rum Surəsi, 22) ayəsiylə insanların fərqli irqlərdən və millətlərdən olmasının Özünün ayələrindən biri olduğunu bildirmişdir. Bu fərqliliklər qarşıdurma və ədavət mövzusu deyil, əksinə zənginlik və müxtəliflikdir.

Tarix İslamın etnik qrupları uzlaşdırma nümunələri ilə doludur. Hz. Muhəmməd (səv) səhabələri irq və qəbilə ayrı-seçkiliyi etməkdən, insanları millətlərinə, cinsiyyətlərinə, dillərinə, tayfalarına görə ayırmaqdan, hətta eyni cəmiyyət içində insanları maddi imkanlarına görə təsnif etməkdən də qəti şəkildə çəkindirmişdir. Peyğəmbərimiz Vida Xütbəsində “Ey İnsanlar! Şübhəsiz ki, Rəbbiniz və atanız da birdir. Hamınız Adəmdən, Adəm də torpaqdandır. Allah yanında ən üstün olanınız Ondan ən çox qorxanınızdır. Ərəbin əcəmə (ərəb olmayana), əcəmin də ərəbə, ağın qaraya, qaranın da ağa üstünlüyü yoxdur, təqva istisna olmaqla.” sözləri ilə müsəlmanları bu mövzuda diqqətli olmağa dəvət etmişdir.

Peyğəmbərimiz (s.ə.v.) və dörd xəlifə dövründə bir-birini izləyən fəthlər İslam dünyasının sərhədlərini şərqə və qərbə doğru genişlətmiş, fərqli millətlərdən bir çox insan İslam bayrağı altında birləşmişdi. Qəbilə qarşıdurmalarına, sonu gəlməyən qan döyüşlərinə boğulan Yaxın Şərq, İslam əxlaqının yayılması ilə dincliyə qovuşmuş, təkcə ərəblər arasındakı qəbilə döyüşləri deyil, müsəlmanların fəth etdikləri bütün torpaqlardakı qarşıdurmalar da sona çatmışdır. Xristian məzhəbləri arasında var gücü ilə davam edən mübarizələr də, müsəlmanların hakim olduğu torpaqlarda sülhlə nəticələnmişdir. Bir-biri ilə vuruşan qəbilələr, bir-birlərini mərhəmətsizcə yox etməyə çalışan qruplar İslam bayrağı altında bir-birlərinin yaşamaq haqqını tanıyır və hörmət göstərirdilər.

Müasir müsəlmanların dünyagörüşünün də bu istiqamətdə olması vacibdir. Müsəlmanların bir-birləri ilə olan münasibətlərində əsas meyarı qarşılarındakı insanın irqi, etnik mənşəyi, dil kimi xüsusiyyətləri, sahib olduğu imkanları, mövqeyi deyil, imanı və gözəl əxlaqıdır. Səmimi iman edən insanlar arasındakı sevgi, digər insanın Allahdan qorxub çəkinməsinə, Rəbbimizə qarşı olan dərin sevgisinə, saleh əməllərinə, göstərdiyi gözəl əxlaqa görə formalaşır. Əgər bir insan həyatını Allah üçün yaşamağa həsr edirsə və bunu bütün davranışları ilə sübut edirsə, hər anında Allahın razılığını və rəhmətini qazanmağa çalışaraq gözəl rəftar nümayiş etdirirsə, təbii ki, bu halda möminlər o insana qarşı sevgi və hörmət bəsləyərlər. Bu insanın dərisinin rəngini, mənsub olduğu millətini, maddi imkanlarını meyar olaraq qiymətləndirməzlər. Eyni meyarlar müsəlman cəmiyyətlər arasındakı əlaqələrdə də tətbiq edilməlidir. İki müsəlman cəmiyyət arasındakı münasibətlər də Quranda bildirildiyi kimi olmalıdır: müsəlmanlar bir-birlərinin köməkçisi və vəlisidirlər.

İslam dünyasının parçalanmağının ən mühüm səbəblərindən biri bu şüurun çatışmamasıdır. Bunun səbəbi də Quran əxlaqından uzaqlaşaraq dinsiz ideologiyaların və düşüncələrin geniş vüsət almasıdır. Bəzi insanlar Qərbdə geniş vüsət alan dinsiz fəlsəfə və ideologiyalara aldanaraq bu fikirlərin müsəlman torpaqlarına ixrac edilməsinin də İslam dünyasını irəli aparacağını hesab edirdilər. Bu tarixi səhvin səbəb olduğu təxribatın izləri bu gün də açıq-aşkar görünür. Ədaləti, fədakarlığı, mərhəməti, tolerantlığı, açıq və qabaqcıl düşünmə tərzini gətirən Quran əxlaqının yerinə, bəzi azğın fəlsəfə və ideologiyalar cəmiyyətlərə mənimsədilmiş və müsəlman dünyasında davam edən nizamın və həmrəyliyin yerini hərc-mərclik və parçalanma bürümüşdür. Bu xaosu sona çatdırmaq üçün bəzi ölkələrdə Quran əxlaqına zidd olan modellər meydana gəlib və xalqı mərhəmətsizcə əzən despot rejimlər qurulub.

Bu gün də İslam dünyasının gələcəyinə istiqamətlənən strategiyalar təyin olunarkən bu tarixi təcrübədən dərs alınmalı, yanlış istiqamətləndirmə və təlqinlərə qapılmaqdan çəkinilməlidir. Tarix göstərir ki, İslam dünyası ancaq özündəki dəyərlərə sahib çıxdığında yüksələ bilir və bu dəyərlərdən ən vacib olanları isə müsəlmanların birlik və bərabərliyidir.