Quran

Şirkdən təmizlənən insanın mənəvi sirlərə yiyələnməsi


Şirkdən təmizlənən insanın mənəvi sirlərə yiyələnməsi

Allaha iman gətirdiyini deyən, lakin qəti imana sahib olmayıb bəzən tərəddüd edən insanlar var. Bu insanlar həyatları boyu nələrinsə çatışmadığını hiss edərlər və buna görə sıxıntılı, bədbin və narahat ruh halından qurtula bilməzlər. Üstəlik bu sıxıntıların səbəbini də tapa bilməzlər. Dünyanın ən zəngin, ən gözəl, məşhur və ya uğurlu insanları olsalar da, bu əzablı həyat onların yaxasını buraxmaz. Həmişə qarşılarına tərsliklər çıxar, xoşbəxtlikləri isə həmişə səthi olar.

Əslində isə bütün mənəvi sıxıntıların və çətin həyat yaşamağın səbəbi açıqdır: Qurandan uzaq olmaq və Qurana uyğun yaşamamaq. Allah Quran vasitəsilə Özünü tanıtmış, insanları nə üçün və necə yaratdığını, dünya və axirət haqqında məlumatları və daha bir çox mövzunu bizə bildirmişdir. Cənnəti qazana bilmək üçün necə yaşamalı olduğumuzu və edəcəyimiz ibadətləri Quranla bizə öyrətmişdir.

Quran şəksiz-şübhəsiz imana sahib olmaq istəyən insanın nə etməli olduğunu açıq şəkildə izah edir. Bunun üçün əsas şərt şirkdən arınmaqdır. Şirk güc, qüvvət, var-dövlət, gözəllik kimi xüsusiyyətləri Allahdan başqasına aid etmək deməkdir və Allahın heç vaxt bağışlamayacağını bildirdiyi böyük günahdır. Bitkiləri, meyvələri, heyvanları və cürbəcür gözəl nemətləri hər an Allah yaradır, kainatdakı mükəmməl nizamı hər an Allah qoruyur. Elə isə Allaha şərik qoşmaq Ona olan sevgi və hörmətə yaraşmaz. Allah ən çox sevilməyə layiq olan sonsuz gücün sahibidir, sevgini, diqqəti tamamilə Allaha yönəltmək lazımdır.

Hər şeyi Allahın yaratdığını düşünmək və bunun şüurunda olaraq danışmaq nə üçün vacibdir?

Şirk Allahın bəyənmədiyi və möminləri çəkindirdiyi təhlükədir. Bundan tam xilas olmağın yolu istisnasız hər şeyi Allahın yaratdığını unutmamaq, hadisələrin hər zaman Allahın nəzarətində olduğunu düşünməkdir.

Bunu daha yaxşı dərk etmək üçün gündəlik həyatdan nümunələr üzərində düşünmək lazımdır. Məsələn, insan danışdığı zaman "Məni danışdıran yalnız Allahdır, Allah icazə verdiyi üçün danışıram, əks təqdirdə, bir cümlə belə qura bilmərəm",  ̶  deyə düşünərək Allahın gücünü, Onun hər şeyin üzərindəki nəzarət və hakimiyyətini daha yaxşı anlaya bilər. Yemək yeyərkən “Bu nemətləri mənə Allah verir, məni yedirən və içirən Allahdır, Allah verdiyi üçün bu nemətlərə sahibəm, yoxsa bunların heç birini əldə edə bilməzdim",  ̶  deyərək yediklərinin, içdiklərinin təsadüfən yaranmadığını, hər cür neməti ona Allahın nəsib etdiyini daha yaxşı qavramış olar.

Allaha şirk qoşmadan iman gətirmək özü ilə nemətləri də gətirir. Gün ərzində qarşısına çıxan hər nemətin, hər şeyin Allah tərəfindən yaradıldığını, məsələn: gözlədiyi gözəl xəbəri ona çatdıranın Allah olduğunu, xoşuna gələn bir mahnıya qulaq asdıqda onun musiqi və sözlərinin Allahın ilhamı ilə yazıldığını, yəni mahnının, əslində, Allaha aid olduğunu unutmayan insan şirkdən uzaqlaşar. İnsan ailəsini, dostlarını, yaxınlarını, bütün sevdiklərini, eləcə də təbiəti, bitkiləri, rəngbərəng çiçəkləri, heyvanları Allahın yaratdığını tez-tez düşünərsə, hər yerdə Allahın təzahürlərini görməyə başlayar. Onu dərin sevməyi öyrənər.

Allaha şərik qoşmamaq və Onu dərin sevgi ilə sevmək bir insana daha əvvəl heç bilmədiyi sirlərin qapısını açır. Başqaları dünya hərisliyinə qapılıb mal-mülk, nüfuz, şan-şöhrət ardınca gedərkən o, mənəviyyatını və dərinliyini artırmağa başlayar. Allahın şirkdən arınmış səmimi qullarına nəsib etdiyi güclü iman, ağıl, nur, heybət, gözəllik, təmizlik, güvən və dünya həyatının həqiqətini qavramaq anlayışı bu mənəvi dərinliyin gözəlliklərindən bəziləridir.

Firavan həyat, yoxsa mənəvi gözəlliklərdən uzaq, sıxıntılı həyat?

Şirkdən arınmış imanla Allaha yaxınlaşmağa çalışan insanlar dünyadakı bir çox insandan fərqli olaraq çox rahat yaşayırlar. Qarşılaşdıqları heç bir hadisədə kədərlənmir və ümidsizliyə qapılmırlar. Həyatları həmişə sevinc, xoşbəxtlik içində keçir. Yeməyə bir boşqab yeməkləri, geyinməyə təkcə bir dəst paltarları olsa belə, özlərini dünyanın ən zəngin insanı hesab edərlər. Gözlərinin biri olmasa, digəri ilə görə bildiyi üçün şükür edərlər. Gözlərinin hər ikisini itirsələr, eşidən qulaqları olduğu üçün sevinərlər. Hər şəraitdə hallarına şükür edər, necə çətinliklə qarşılaşsalar da, Allahdan razı qalarlar.

İnsanların bir qismi isə bu üstün əxlaq xüsusiyyətlərindən və mənəvi gözəlliklərdən məhrumdur. Bir çoxu dərin qəflət içindədir. Hər canlı və ya cansız varlığı idarə edənin Allah olduğunu bilmir və ya bildikləri halda, bu reallığı düşünmədən yaşayırlar. Nəticədə hər şeydən qorxurlar, heç nə onları razı etmir. Allahdan qorxmaq, Ona yönəlmək, Onun üçün yaşamaq yerinə Allahdan başqalarını ilah kimi qəbul edib onlardan qorxub çəkinir, onların razılığını Allahın razılığından üstün tutur, dünya malına çox əhəmiyyət verir, mallarına zərər gəlsə, dəhşətə qapılır, dünyəvi maraqlarını (haşa) Allahdan və dindən üstün tuturlar. Bu səbəbdən sanki “tikan üstündə oturur”, qəlblərində daimi narahatçılıq hiss edərlər. Heç bir zaman həqiqi səadəti və rahatlığı tapa bilməzlər. Çünki Allah həqiqi mənada xoşbəxtlik, sevinc və qəlb rahatlığını Ona bağlanan və Onun razılığı üçün yaşayan insanlara verir.

Allah insanları müstəqil düşünüb yaşayacaqları şəkildə yaratmışdır. Allaha şirk qoşduqda isə şizofren ruh halı yaranmağa başlayır. Özünə qapalı, qorxu içində yaşayan, hər şeydən şübhələnən, heç kəsi sevməyən, incəsənətdən anlamayan  bu ruh halı şirk qoşmağın gətirdiyi bəlaların nəticəsidir.

Müsəlmanlar şirk kimi böyük günahdan çəkinməli, həyatlarının hər anında təkcə Allaha yönələrək, şirk qoşmadan yaşamağı əsas almalıdırlar.  Allaha iman gətirən insan ona verilən dünya həyatını dərin, şəksiz, səmimi imanla yaşamaq istəyər, hər zaman şən, müasir və sevincli olar. Şirkdən təmizlənmiş dərin imanın ona qazandıracağı təmiz ağılı Allahdan həyəcanla, şövqlə istəyər.