MÖMİNLƏR

Bütün nemətlərin ən üstünü: Allahın razılığı


Bütün nemətlərin ən üstünü: Allahın razılığı

     “Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allah`dan olan bir razılıq isə daha böyükdür. Bu, ən böyük uğur və qurtuluşdur”(“Tövbə” surəsi, 72).

Əvvəlki səhifələrdə cənnətdə olan nemətlərin gözqamaşdırıcı olduğunu birlikdə incələdik. Ortaya çıxan mənzərə cənnətin insanın beş duyğu üzvünə ən böyük zövq və ləzzəti daddırdığını göstərir. Lakin cənnətin bütün bunlardan daha çox üstün olan neməti Allah`ın rizasıdır. Möminin Allah rizasını qazanmasından dolayı hiss etdiyi sevinc və xoşbəxtlikdir. Sonra Allah`ın verdiyi hər şey üçün ondan razı olmağın, ona daim şükür etməyin verdiyi əsl sevincdir. Qurani-kərimdə cənnət əhlinin vəsfi bu şəkildə diqqəti çəkir:

    “Allah onlardan, onlar da Allah`dan razıdırlar. Bu, möminlər üçün böyük uğur və qurtuluşdur”(“Maidə” surəsi, 119).


Möminlərin Allah`ın rizasını qazandıqlarını hiss etməsinin ən qabarıq ifadəsi isə Allah`ın onlara görünəcək şəkildə təcəlli etməsidir. Dünyada bu durum qeyri-mümkündür. Çünki gözlər onu görüb dərk etməz... (“Ənam” surəsi, 103). Ancaq Qurani-kərimdə bildirildiyinə görə, Allah axirətdə mömin qullarına aydın bir şəkildə təcəlli edərək görünəcəkdir. Bunun necə olacağı isə Allah dərgahındadır. Ancaq ayələrdə keçən ifadələrə görə, məhşər günü Allah səkkiz mələyin daşıdığı ərşində möminlərin qarşısına gələcəkdir (“Haqqə” surəsi, 17). O an möminlərin üzləri sevinib güləcək, öz Rəbbinə baxacaqlar (“Qiyamət” surəsi, 22-23). Sonra rəhmli Allah`dan onlara “salam” deyiləcəkdir (“Yasin” surəsi, 58). İçində olduqları həqiqət məqamı Allah`ın ali məqamıdır və möminlər burada haqq məclisində qadir hökmdar Allah`ın hüzurunda olacaqlar (“Qəmər” surəsi, 55).

Bütün bunlar möminlərin Allah`ın rəhmətini və rizasını öz üzərində hiss etməsi mənasına gəlir ki, ən böyük nemət də elə budur. Allah`ın rizasını qazanmaq heç bir maddi gözəlliklə müqayisə edilməyəcək qədər böyük bir sevinc və xoşbəxtlik gətirir. Əslində, cənnətin digər nemətlərini qiymətli edən şey yenə də Allah`ın rizasıdır. Çünki eyni nemətlər dünyada da qismən var və var ola bilər. Amma Allah`ın rizası daxilində olmadıqda onların mömin üçün bir mənası olmaz.

Bu məqam son dərəcə önəmlidir və iman gətirənlərin bu haqda ciddi düşünməsini tələb edir. Çünki neməti qiymətli edən onun içində daşıdığı ləzzət və zövqün xaricində olan bir şeydir. Əsl dəyər o neməti Allah`ın lütf etməsidir. O nemətdən istifadə edib şükür edən mömin Allah`ın ikramı ilə nemətləndirildiyini, Allah`ın onu sevdiyini, qoruduğunu və ona rəhmətindən daddırdığını hiss edər ki, əsl həzzi də bundan alar. Nemət məqsəd deyil, vasitədir. Nemət insanın Allah`a daha çox şükür etməsini davam etdirmək üçün mövcuddur. Dolayısilə, cənnətin bütün nemətləri yenə də bir vasitədir. Cənnətdəki möminlər əbədi olaraq Allah`a şükür etsinlər deyə yaradılmışdır. Onları qiymətli edən ən önəmli şeylərdən biri də budur. Qısası, cənnətdəki nemətlər insanın Allah`a yaxınlaşması, Onun əbədi dostluğunu, sevgi və razılığını qazanmağın əvəzsiz zövqünə çatması üçün bir vəsilədir. Elə bu səbəblə də Allah`ın rizası cənnətin ən böyük nemətidir. Və bütün maddi zövqlərdən üstündür.

Cənnətdəki diqqəti cəlb edən nemətlərdən biri olan və Qurani-kərimdə də tez-tez vurğulanan gözəl qadınları (huriləri) nəzərə alaq. Bu qadınlar estetik düşüncənin əslini təmsil edirlər və son dərəcə cəlbedicidirlər. Onlarla birlikdə olmaq öz-özlüyündə böyük bir nemətdir. Necə ki, Qurani-kərimdə bu, təşviq edilir. Onların üzlərinin, dərilərinin və hətta kökslərinin gözəlliyinə diqqət çəkilir. Allah yaratdığı ən böyük maddi nemətlərdən biri olan cinsi münasibət bu möhtəşəm qadınlarla əbədiyyətə qədər mükəmməl şəkildə yaşanır. Eyni şəkildə, ərə getməmiş qadınlar da cənnətdə qılmanlarla evləndiriləcək. Bu da Allah`dan onlara bir bəxşişdir.

Ancaq cənnətdəki bu qadınları qiymətli edən öz gözəlliklərinin xaricində olan və onların Allah`dan gələn bir nemət olmasının bilinməsidir. Nəticədə, alınan ən böyük zövq lütf edənin sevgi, yaxınlıq və iltifatına qovuşmağın verdiyi zövqdür. Edilən lütf, verilən hədiyyə nə qədər dəyərli olursa-olsun bunlardan daha dəyərli olan aləmlərin Rəbbi olan Allah`ın lütfünə layiq görülməyin, Allah`dan hədiyyə almağın verdiyi zövqdür. Necə ki, əgər Allah`ın lütfü olmazsa, mömin üçün bütün nemətlər öz mənasını itirərlər. Hz. Yusifin göstərdiyi böyük əxlaq mömin əxlaqının bu yönünü ən gözəl şəkildə ortaya qoyur. Qurani-kərimdə Misir vəzirinin zövcəsinin hz. Yusifdən murad almaq istədiyi, hətta hz. Yusifi buna məcbur etdiyi bildirilir. Ayələrdə hz. Yusifin qadını özünə cəlb etdiyi bildirilir. Ancaq hz. Yusif Allah`ın haram buyurduğu bu əlaqədən Allah`ın işarəsi ilə çəkilmişdir. Qadın onu təkrar məcbur edəndə isə zina etməkdənsə, həbsə alınmağı üstün tutaraq demişdir: “Ey Rəbbim, mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur”(“Yusif” surəsi, 33).

Hz. Yusifin son dərəcə ağır şərtləri olan həbsxananı vəzirin zövcəsinin onu dəvət etdiyi pis əməldən daha xoş sanması Allah rizasının mömin üçün əsas olan dəyərini göstərir. Allah`ın rizasına uyğun hərəkət etmək, onun razılığını qazandığını bilmək möminin qəlbi üçün daha qiymətlidir. Maddi nemətlər möminin qarşısına Allah rizasına uyğun olmayan bir şəkildə çıxarsa, onlar nemət sayılmaz və öz dəyərini itirərlər.

Cənnətdə isə bütün maddi nemətlər Allah`ın rizasına uyğun bir biçimdə yaradılmışdır. Huriləri Allah xüsusi olaraq yaratmış və bəndələrinə ikram etmişdir. Evlər, yeməklər, təbiət gözəllikləri və qalan bütün şeylər Allah`ın təqdim etdiyi nemətlərdir. Onları qiymətli edən şey də budur.

Bu səbəblə də insanın qəlbi ancaq cənnətlə rahat olur. İnsan Allah`a qulluq etmək üçün yaradılmışdır və bu səbəbdən də ancaq onun lütfündən zövq alır. İnsan bu dünyada isə yalnız cənnəti xatırladan vəziyyətlərdə, yəni nemətlərdən Onun rizasına uyğun və Ona şükür edilərək istifadə edildiyi hallarda sevinc tapır. İnkarçıların qədimdən bəri xəyalən qurduğu yer üzündə cənnət idealı elə bu səbəblə mümkün deyildir. Cənnətdə mövcud olan maddi gözəlliklərin dünyadakı bənzərlərini yığıb bir yerə toplasanız belə, Allah`ın rizası olmazsa, heç bir məna ifadə etməz. Allah o maddi gözəlliklərdən alınan zövqü də dərhal yox edər.

Xülasə, cənnət Allah`ın lütfüdür və bu səbəblə qiymətlidir. Cənnət əhli Allah`ın xəlq etdiyi möhtərəm bəndələrdən (“Ənbiya” surəsi, 26) olduğu üçün əbədi səadət və sevincə qovuşur. Orada söyləniləcək ən hikmətli söz isə əzəmət və kəramət sahibi olan Allah`ın tərifləyib ucaltmaqdır (“Rəhman” surəsi, 78).