Peyğəmbərlər

Allahı sevən peyğəmbərləri və möminləri də sevər


Allahı sevən peyğəmbərləri və möminləri də sevər

İman gətirənlər Allaha olan güclü sevgilərinə və səmimi bağlılıqlarına görə Allahın yaratdığı varlıqları da çox sevər, bunların hər birində Allahın sifətlərinin təzahürünü görərlər. Quranın «Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, rüku edərək namaz qılır və zəkat verirlər» («Maidə» surəsi, 55) ayəsində bildirdiyi kimi, iman gətirənlər Allahın insanlara doğru yolu göstərmələri üçün göndərdiyi peyğəmbərlərə və saleh möminlərə qarşı da dərin bir sevgi bəsləyərlər. Peyğəmbərlər Allahın bütün insanlar üçün nümunə etdiyi, dərin imana sahib olan, yüksək əxlaqlı şəxslərdir. Allahın «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!» («Əhzab» surəsi, 21) ayəsində xəbər verdiyi kimi, Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) həyatında və əxlaqında iman gətirənlər üçün gözəl nümunələr və hikmətlər vardır. Peyğəmbərimizin (s.ə.v.) Allaha olan dərin bağlılığı, təqvası, səbri, mehribanlığı, ağlı, cəsarəti, təmizliyi, mərhəməti, sədaqəti, şövqü və bir çox gözəl xüsusiyyəti bütün müsəlmanlara nümunə olmuşdur.

Peyğəmbərimiz (s.ə.v.) Allaha və peyğəmbərlərə qarşı duyulan sevginin əhəmiyyətini bizə belə xatırlatmışdır:

Rəsulullah buyurur ki: «Uca Allahı və Rəsulunu hər şeydən çox sevməyənin imanı sağlam deyildir». «İman nədir?» - deyə soruşulduqda: «Allah və Rəsulunun sənin üçün hər şeydən daha sevimli olmasıdır» - buyurdu. Yenə buyurdu ki: «Bəndə Allah və Rəsulunu övladlarından, malından və bütün məxluqatdan çox sevməsə, mömin olmaz».

«Hz. Ənəsin (r.ə.) rəvayətinə görə, Rəsulullah (s.ə.v.) buyurmuşdur ki, üç xislət bir kimsədə olarsa, o kimsə imanın ləzzətini bilər. Birincisi, Allah və Rəsulunun o kimsəyə hər şeydən daha əziz və daha sevimli olması. İkincisi, başqasına məhəbbətdə də Allah rizası üçün sevmək. Üçüncüsü də küfrə qayıtmağını oda atılacaqmış kimi pis görməkdir».1

Allahın bütün elçiləri və peyğəmbərləri Allah qatında seçilmiş, Rəbbimizin rizasını qazanmış yüksək əxlaqlı insanlardır. Allah Quranda peyğəmbərlərin gözəl əxlaqlarına dair nümunələr vermiş və onlardan təriflə bəhs etmişdir. Peyğəmbərimiz hz. Muhəmməd, hz. Musa, hz. İsa, hz. İbrahim, hz. Harun, hz. Yəhya, hz. Yunis, hz.Yəqub, hz. İsmayıl, hz. Süleyman, hz. Davud və digər bütün peyğəmbərlər və elçilər Allaha olan səmimi imanları, hörmət dolu qorxuları, təqvaları və gözəl əxlaqları ilə insanlara nümunə olmuşlar. Quranı rəhbər tutub elçiləri bu yüksək xüsusiyyətləri ilə tanıyan bütün möminlər onların əxlaqına çata bilmək, onlar kimi Allahın dostluğunu qazana bilmək və cənnətdə onlarla birlikdə ola bilmək üçün xeyir işlərdə yarışar və ciddi səy göstərərlər. Möminlərin peyğəmbərlərə bəslədikləri belə dərin sevgi onların sevgi anlayışlarını da ortaya çıxarır, iman gətirənlərin bir başqasına bəslədiyi sevgi tamamilə o insanın imanından, gözəl əxlaqından və təqvasından qaynaqlanır. Bir insanın bu xüsusiyyətini bilmək onunla heç görüşməsən belə ona qarşı dərin və səmimi bir sevginin yaranmasına səbəb olar.

İman gətirənlər Allahın elçilərini heç görməsələr də, tanış olmasalar da, yanlarına getməsələr də, onlara qarşı belə bir səmimi sevgi və bağılılıq hiss edərlər. Allahın onları bütün inananlara bir rəhmət olaraq göndərməsi və bir çox Quran ayəsində onlardan sevgi və təriflə bəhs etməsi iman gətirənlərin elçilərə olan sevgilərini daha da artırır. İman gətirənlər peyğəmbər və elçilərdən hər zaman hörmət, sevgi və təriflə bəhs edir, onları daima özlərindən öndə və üstün tuturlar. Hər dəfə fürsət tapanda onların Allaha olan tabeliklərini, yaxınlıqlarını, sevgilərini, gözəl əxlaq xüsusiyyətlərini bütün insanlara izah edir və onları da elçilərin yoluna çağırırlar.

Allah Quranda iman gətirənlərin elçilərə olan bu sevgilərinə diqqət vermiş və peyğəmbərlərin möminlər üçün öz nəfslərindən daha öndə olduğunu bildirmişdir:

«Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır...» («Əhzab» surəsi, 6).

Allah Quranın bir çox ayəsində peyğəmbərlərin gözəl əxlaqına və yüksək xüsusiyyətlərinə yer vermişdir. Peyğəmbərlərin sevgi və təriflə salamlandığı bu ayələrdən bəziləri belədir:

«Sonradan gələnlər arasında onun üçün yaxşı ad, gözəl xatirə qoyduq. Onu belə yad edirlər: «İbrahimə salam olsun!» Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik. Biz ona və İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!».(«Saffat» surəsi, 108-113)

«Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. Onları belə yad edirlər: «Musaya və Haruna salam olsun!»

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi» .(«Saffat» surəsi, 119-122)

«Həqiqətən, İlyas da peyğəmbərlərdəndir... Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. Onu belə yad edirlər:

«İlyasinə (İlyasa) salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!» . («Saffat» surəsi, 123, 129-132)

«Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da hidayətə qovuşdurduq və onları aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da bir qismini hidayətə çatdırdıq, onları seçdik və düz yola yönəltdik». («Ənam» surəsi, 84-87)

Allah Quranda peyğəmbərlərimizi belə salamlayır:

«Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!» . («Saffat» surəsi, 181-182)

Peyğəmbərlər Allahın ən sevdiyi, Özünə ən yaxın dost etdiyi, ən saleh möminlərdəndir. Allahın ən sevdikləri, möminlərin də ən sevdikləridir. Buna görə də möminlər də peyğəmbərlərimizə olan sevgilərini, onları Allahın Quranda salamladığı kimi, sevgi ilə tərifləyərək və anaraq göstərməli, onların yoluna və əxlaqlarına tam olaraq uymaq üçün çalışmalıdırlar.

Allahı sevən Allahın dostu olan möminləri də sevər

Allahın sevdikləri, möminlərin də sevdiyidir. Allaha dost olan, möminlərə də dostdur. Allah kimdən razıdırsa, möminlər də ondar razıdır. Allahı sevən, Allahın sevdiyi bəndələri də sevər. Allah yolunda olan saleh möminlər Allahın ən sevdiyi bəndələrindəndir. Buna görə də möminlər bir-birini çox sevir və bir-birinə çox bağlıdırlar. Quranın bir çox ayəsində möminlərin bir-birinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətlərindən bəhs edilir. Bu ayələrdən bəziləri belədir:

«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!» . («Kəhf» surəsi, 28)

«Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!». («Saf» surəsi, 4)

«Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O , sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir  uçurumun kənarında ikən O , sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!» («Ali-İmran» surəsi, 103).