Qədər

Qədər haqqında yanlış inanclar insanları kədər və sıxıntıya sürükləyir


Qədər haqqında yanlış inanclar insanları kədər və sıxıntıya sürükləyir


İnsanların böyük əksəriyyəti qədəri bilirlər, ancaq qədər haqqında yanlış anlayışları var. Məsələn, sadəcə insanın saç rəngi, boyunun uzunluğu, ata-anasının kim olacağı kimi müəyyən şeylərin insanın qədərində olduğunu düşünür, digər məsələlərdə isə əgər çox çalışıb, səy göstərsələr, qədərlərini dəyişdirə biləcəklərini zənn edirlər. Halbuki, həqiqət budur: bir insanın hər anı, bütün həyatı, həyatı boyu başına gələn və gələcək hər hadisə, hər söhbət, hər baxış, hər səs qədərindədir. Məsələn, hal-hazırda, jurnalın bu sətirlərini oxuyan insanın qədərində bu günün bu saatında bu sətirləri oxumaq mövcuddur. Allah bu anı hələ siz yaradılmadan milyon illər əvvəl də bilir. Bəlkə bu jurnalı oxuyana qədər insanın başına bir çox hadisə gəlib. Məsələn, elə oxumağa başlayacağı an qapının zəngi çalınıb və bir dostu gəlib. Beləliklə, jurnalın oxunması üç saat sonraya qalıb. Əlinə jurnalı aldığı an qapının zənginin çalınması, qapını açdıqda dostunun gülər üzü, salam verməsi, jurnalın oxunmasının üç saat sonraya qalması siz bunları yaşamadan əvvəl Allah`ın hafizəsində, sizin, dostunuzun və bu jurnalın qədərində müəyyən olunmuşdur. Allah bir ayədə bu barədə belə bildirir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)

İnsan zaman və məkandan asılıdır. Bizim üçün keçmiş, indi və gələcək olan Allah qatında bir andan ibarətdir. Məsələn, növbəti ad günümüz bizim üçün gələcəkdir. Əslində isə, həmin an Allah qatında olub bitib, Allah o anı bilir. Yəni bizim növbəti ad günümüzdə nə geyinəcəyimizi, kimlərlə birlikdə olacağımızı, həmin gün nə edəcəyimizi Allah hal-hazırda bilir. İki il sonra, üç il sonra, on il, qırx il sonra nə edəcəyimizi də Allah hal-hazırda ən incə təfərrüatına qədər bilir. Allah bir insanın həyatının bütün günlərini, hətta bütün dəqiqələrini, saniyələrini bir an olaraq bildiyi kimi, kainat mövcud olduğundan bəri yaşamış milyardlarla insanın və bundan sonra yaşayacaq bütün insanların həyatının hər saniyəsinə hakimdir. Allah sonsuz uzun zamanı sonsuz qısa zamanın içində - yəni bir anda yaratmışdır.

İnsanın Allah`ın sonsuz elmini dərk etməsi və öz qədərini izlədiyini bilməsi isə onun üçün böyük nemət və asanlıqdır. Səmimi iman gətirən, Allah`a səmimi təslim olan bir mömin yaradılmış qədərini ibrət alaraq, şövqlə, şükürlə və hər an dərin düşünərək, kreslosunda oturub bir filmə baxan insan kimi rahatlıqla, təslimiyyətlə izləyər.