MÖMİNLƏR

Namazın möminlərin ruhuna yaydığı bərəkət


Namazın möminlərin ruhuna yaydığı bərəkət

Hər gün yüz minlərlə insan bu dünyaya gözlərini açır. Möhtəşəm bir yaradılışın nəticəsi olaraq bu insanlar gözlər, əllər, qulaqlar, ürək, beyin, bir sözlə, bütün orqanlarla yeni bir həyata başlayırlar. Kiçik bir hüceyrə ikən Allah insanı anasının bətnində böyüdür, bədəni sinir hüceyrələri və damarlarla örtülür, ürəyi döyünməyə başlayır, qaraciyəri, böyrəkləri yavaş-yavaş formalaşır, sümüklər möhtəşəm bir nizamla bədəndə yerləşdirilir. Allah doqquz ay boyu bu cür yüz minlərlə lazımi şəraiti bir araya gətirərək böyük diqqətlə yaratdığı insandan sadəcə tək bir şey gözləyir: Səmimiyyət...

Çünki səmimiyyət sanki hər qapını aça bilən olduqca güclü bir açardır. İnsan ancaq səmimi, ixlaslı olduqda, qəlbi sadəcə Allah eşqi ilə yandıqda Allah qatında bir dəyər qazanır. Səmimi olan mömin həyatını Allah üçün yaşayır və Allah üçün son nəfəsini verir. Qısa olan dünya həyatı onun üçün sadəcə bir keçid yeridir. O, əsl yurdu olan axirəti bir an belə unutmaz, dünyaya qapılaraq vaxtını keçirməz.

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah’a məxsusdur!” (Ənam surəsi, 162)

Səmimi olan qulun qəlbi daima Allah ilə birlikdədir. Səhər gözlərini açan kimi Allah ağlına gəlir. Gün ərzində verilən bütün nemətlər sadəcə Allah`ın izni ilədir. Mömin Allah`ın lütfünə daim möhtac olduğunu bilir və şükür edərək bunu göstərir. Amma Allah möminlərə ən gözəl şükür vəsiləsi olan beş vaxt namazı fərz olan bir ibadət olaraq Quranda bildirmişdir:

“Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”(Bəqərə surəsi, 277)

“Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 31)

“Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla (Allah’dan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 153)

Namaz möminlərin səmimiyyətlərini tamamilə göstərə bildikləri, riyakarlıqdan, nümayişdən uzaq gözəl bir ibadətdir. Möminin gündə beş vaxt açıq şüur, dərin hörmət ilə, Allah`a qarşı acizliyini bilərək alnını səcdəyə qoyması və namaz ibadətini yerinə yetirməsi, namazlarını böyük diqqətlə qoruması çox əhəmiyyətlidir. Çünki mömin ibadətlərini məsuliyyətlə qoruyaraq, daima Allah`ı anıb Qurana uyaraq onu yaradan Rəbbimizi heç unutmadığını çox gözəl bir yolla, namaz ibadəti ilə göstərir. Səcdə edərkən, rükuya əyilərkən, qiyamda durarkən Allah`ı ən gözəl sözlərlə zikir edib, ucaldır.

“Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.” (Ənam surəsi, 92)

İxlaslı bir mömin etdiyi hər ibadətdə olduğu kimi namazda da Allah`a olan dərin sevgisini çox gözəl göstərir. Səhər namaz üçün qalxdıqda böyük bir şövq və coşğu ilə qalxır. Gün ərzində işlərini saxlayıb yenə böyük bir istəklə namaza gedir. Namaz insanın ruhuna sevdirilmiş çox gözəl bir ibadətdir. Mömin, necə ki, gözəl bir mənzərəyə, gözəl bir insanın üzünə baxmağı, sevgi dolu iltifatlar eşitməyi sevirsə ibadətləri yerinə yetirməkdən də böyük sevinc hissi duyur. Namaz insana özünə olan inamını gətirir. Allah ilə arasında dərin və sarsılmaz bir bağlılıq yaranmasına səbəb olur. Mömin gündə beş dəfə ən sevdiyi dostunun, yoldaşının, sirdaşının önündə əyilir. Bu elə gözəl, elə güclü bir dostdur ki, mömini əsla tərk etməz. Yaxşı gündə, pis gündə, istər xəstə, istər sağlam vəziyyətdə, yoxluqda və çətin gündə hər zaman onun yanındadır. Mömin əsl dostunun, onu yaradan Rəbbinin önündə eşqlə və şövqlə qibləyə yönəlir və səcdəyə qapanır. Onu ən gözəl adları ilə zikir edib ucaltmaq ruhuna bənzərsiz bir gözəllik və rahatlıq verir.

Möminə yaraşan da bu cür güclü səmimiyyətdir. İman gətirdiyini söyləyənlər arasında namaza tənbəlliklə qalxan, namazı bir yük kimi görən, ikinci plana atıb təxirə salanlar da var. Bu insanlar mövzu öz mənfəətləri olduqda səhər ən erkən saatlarda yerindən qalxar, dağları belə aşmalı olsalar heç ruhdan düşmədən yola çıxarlar. Öz mənfəətləri uyğrunda heç nəyi unutmaz, səhlənkar yanaşmaz və heç bir şeyi təxirə salmazlar. Lakin namaza bu qədər etinasız yanaşmalarına baxmayaraq, Allah bu səmimiyyətsizliklərinə hər an şahiddir. Onlar bilməsələr belə, Allah onların etdikləri hər şeyi görür. O qəlblərdə olanı çox yaxşı bilir. Allah səmimi olan ilə səmimiyyətsiz olanı axirətdə ardıcıl olaraq bir-birindən ayıracaq.

“Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allah’ı və Onun Elçisini inkar edir, namaza tənbəlliklə qalxır və (mallarını) könülsüz xərcləyirlər.”(Tövbə surəsi, 54)

“Münafiqlər, həqiqətən də, Allah’ı aldatmağa çalışırlar. Halbuki, (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allah’ı olduqca az yad edərlər.”(Nisa surəsi, 142)

Namaz peyğəmbərimizin qıldığı kimi böyük bir sevinc və coşğu ilə qılınmalıdır. Allah müsəlmanların həyatını bu asan ibadət ilə bəzəyir, onların savablarına savab qatmalarına imkan verir. Şübhəsiz ki, Rəbbimizin bizim ibadətimizə ehtiyacı yoxdur. Onsuzda bütün kainat Ona səcdə edir, Onu ən gözəl adları ilə zikir edir. Lakin bizim Rəbbimizə şükür etməyə, Ona olan dərin hörmətimizi və sevgimizi göstərməyə çox ehtiyacımız var.

Axırzamanda iman gətirdiyini söyləyən, amma namaz ibadətini yerinə yetirməyənlər də var. Onlar namazın möminin ruhuna yaydığı gözəlliklərdən, alınlarında səcdə izi daşımağın şərəfindən məhrumdurlar. Amma axırzamanda böyük bir şövq və sevgi ilə qınayıcının qınamasından qorxmadan namaza qalxan möminlər də var. Onlar nə olursa olsun əsla namazlarını tərk etməz, namazla qalxıb namazla yatarlar. Namaz onların həyatının ayrılmaz bir parçasına çevrilmişdir. Axirətdə Allah`ın razı qaldığı qullarından biri olmaq ümidi ilə son nəfəslərinə kimi bu ibadəti böyük bir səmimiyyətlə yerinə yetirirlər.

“Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allah’ı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.” (Ənkəbut surəsi, 45)

Cəhənnəm əhlindən Cəhənnəmə niyə atıldıqlarını soruşduqda “Bizlər namaz qılanlardan deyildik” deyirlər. Buna görə də möminlər əsla şeytanın hiyləsinə aldanmasınlar. Bu ibadətə məsuliyyətsiz yanaşmağın nə qədər böyük fəlakətlə nəticələnə biləcəyini görsünlər. İxlasla, böyük coşğu və həvəslə Allah`a olan şükürlərini, sevgilərini gündə 5 vaxt namazla göstərsinlər. Ətraflarında namaz qılan tək bir insan olmasa belə, kimsə bu ibadəti yerinə yetirməsə belə, onlar ən kiçik səhlənkarlıq belə göstərmədən səcdəyə qapansınlar və Allah`ın sonsuz bağışlayıcılığına və şəfqətinə sığınsınlar.

“Göylərdə və yerdə nə varsa, Allah’ındır. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah Bağışlayandır, Rəhmlidir.”(Ali İmran surəsi, 129)