Hz. Məryəm
Hz. Məryəm Quranda iffəti, səbri, səmimiyyəti, imanda qərarlılığı və qınayanın qınamasından qorxmaması ilə tanınan mömindir. Allah hz. Məryəmi seçmiş və möcüzəvi şəkildə tərbiyə etmişdir. Hz. Məryəm Allah`a olan yaxınlığı və əxlaqı ilə bütün qadınlardan üstün edilmişdir:
Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər! (Ali-İmran surəsi, 37)
Allah`ın yaratdığı bir möcüzə ilə hz. İsaya hamilə qalan hz. Məryəm Allah`ın əmrlərinə laqeydlik göstərmədən, əmr edilən hər şeyi tam şəkildə yerinə yetirmişdir.
Hz. Məryəm Allah`a son dərəcə bağlı və iffətinə düşkün, mübarək insan idi. Allah hər zaman işlərində ona kömək etmiş və hər işini xeyirlə nəticələndirmişdir. Hz. Məryəm hər işin Allah`ın iradəsində olduğunu heç unutmamış və özünü qövmünün atdığı əsassız böhtanlardan yenə də Allah`ın təmizə çıxaracağını bilmişdir.
Belə ki, Allah da bu işi hz. Məryəm üçün asanlaşdırmış və ona sükut orucu tutmasını vəhy etmişdir. Allah hz. Məryəmə qövmü onunla danışmaq istədikdə susmasını və onu günahlandıranlara hz. İsanı göstərməsini bildirmişdir. Beləliklə, hz. Məryəm Allah`ın köməyi ilə sıxıcı söhbətlərdən uzaq tutulmuşdur. Allah bu şəkildə hz. Məryəmə kömək etmiş və hz. İsa vasitəsilə qövmünə açıqlama gətirmişdir.
Allah`ın yaratdığı bu möcüzə ilə qövmünün hz. Məryəmə qarşı qurduğu tələ də pozulmuşdur. Bu hadisə Quranda bu cür xəbər verilir:
(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Məryəm surəsi, 20)
(Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!” (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışacaq?” – dedilər. (İsa) dedi: “Mən, həqiqətən, Allah`ın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. (Məryəm surəsi, 27-30)
Müxtəlif böhtanlara məruz qaldığı halda, şövq və qərarlılığını qoruyan hz. Məryəm cəsarəti və əzmi ilə bütün möminlərə nümunə olmuşdur. Allah`ın Quranda bütün möminlərə nümunə göstərdiyi üstün məqama yüksəlmişdir:
Allah iman gətirənlərə isə fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – cənnətdə bir ev tik. Məni firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi. Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və (Allah`a) itaət edənlərdən oldu. (Təhrim surəsi, 11-12)