Xəstələndiyi zaman
İmanlı bir düşüncəyə sahib olan bir insan hər hansı xəstəlik halında da son dərəcə səbirli və təvəkküllüdür. O, xəstəliyin də Allahın bir imtahanı olduğunu bilir. Buna görə xəstəliyi nə qədər şiddətli olsa da səbir edir və Allaha səmimiyyətlə dua etməkdə davam edir. Çünki xəstəliyi yaradan da, şəfa verən də Uca Allahdır. Möminin xəstəlik dövründə göstərdiyi səbri Allah Quranda "yaxşı əməl" adlandırır və tərifləyir:
"...Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbir edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!" ("Bəqərə" surəsi, 177).
Möminlər gözəl bir şəkildə səbir edərkən sağlığına qovuşmaq üçün lazım olan müalicəni qüsursuz şəkildə qəbul edir. Hissiyyata qapılmır, uşaq kimi davranaraq özünü ətrafdakıların diqqət mərkəzinə gətirməyə çalışmır. Xəstəliyinin müalicəsi üçün təklif olunan dərmanları və müalicəni ağılla və diqqətlə qəbul edir. Bu davranış onun Allaha olan əməli duasıdır. Mömin eyni zamanda Quran əxlaqına uyğun yaşamasının bir nəticəsi olaraq Allahın ona yardım etməsi və şəfa verməsi üçün daim dua edir. Allah iman gətirənlərin bu davranışına Quranda Hz.Əyyubu nümunə göstərir. Hz.Əyyub xəstələnəndə Allahın mərhəmətinə belə sığınmışdı:
"Əyyubu da bir vaxt Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!"" ("Ənbiya" surəsi, 83).
Bunu da xüsusilə vurğulamaq lazımdır ki, istifadə olunan dərmanların hamısı xəstəliyin sağalması üçün bir səbəbdir. Əgər Allah istəsə, qəbul edilən müalicəni səbəbə çevirərək adamın sağalmasına icazə verir. Xəstəliyin müalicəsində istifadə olunan tibbi imkanları, dərmanların hazırlanmasında istifadə olunan mikroorqanizmləri, heyvanları və bitkiləri yaradan qüvvə Uca Allahdır. Qısası, şəfanı yaradan yalnız Allahdır. Allah Quranda bu həqiqətə Hz.İbrahimin "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir" ("Şuara" surəsi, 80) ifadəsi ilə diqqət çəkir.
Cahil cəmiyyəti təşkil edən fərdlər isə xəstələnərkən o an üsyankar bir davranış göstərirlər. "Niyə mənim başıma belə bir hadisə gəldi?" deyə alın yazısı, qədər, tale həqiqətinə son dərəcə zidd bir davranış göstərirlər. Bu yanlış məntiqlə hərəkət edən insanların bir xəstəlik anında təvəkkül etməsi və ya qarşılaşdıqları hadisəyə xeyir gözü ilə baxması mümkün deyil.
Halbuki möminlər xəstəlikləri Allaha yaxınlaşmaq üçün çox önəmli bir fürsət kimi dəyərləndirir və xəstəliklərin arxasındakı gizli hikmətlər barədə düşünürlər. Onlar sağlamlığın nə qədər böyük bir nemət, insanın isə nə qədər aciz olduğunu bir daha anlayırlar. Adi bir xəstəlik sayılan qrip mikrobu belə insanın yatağa düşməsinə səbəb ola bilər. Belə bir vəziyyətdə insan nə qədər güclü, qürurlu və zəngin olursa-olsun yenə acizdir, dərman içmək və istirahət etmək məcburiyyətindədir. Bu vəziyyət insana Allaha möhtac olduğunu xatırladır, Allahın adını ürəkdən anmasına və Ona yaxınlaşmasına bir vasitə olur. Bundan başqa, hər xəstəlik möminə dünyanın faniliyini, ölümün və axirətin yaxınlığını xatırladan bir xəbərdarlıq xarakteri daşıyır.