Quranı dinləməyənlərin gizli lideri: Şeytan
Kitabın birinci hissəsində insanların Quranı dinləməmə və həqiqətlərdən qaçma səbəblərini ayələrlə izah etdik. İnsanları Qurandakı həqiqətlərdən qaçmağa və inkar etməyə təşviq edən, onları yanlış yola yönəldən və onlara təsir etməyə çalışan insanlar var. Bu insanlar şeytanın təsiri altında olan cəmiyyətlərə liderlik edən insanlardır. Məqsədləri dinsizliyi yaymaq, Quran əxlaqının tətbiq olunmasının qarşısını almaqdır.
Bu insanların sayca çox olmalarına ehtiyac yoxdur. Cəmiyyətdə maddi və mənəvi gücə malik olan, iqtisadiyyatı əllərində tutan və ya cəmiyyətin düşüncə tərzini yönləndirən vasitələrə sahib olmaları kifayətdir. Bununla kütləni istədikləri yönə istiqamətləndirirlər. Bu vasitələr sayəsində insanları istədikləri cür düşündürüb danışdıra bilirlər.
İnkarçıların öndərlərinin siyasəti xalq arasında təslimiyyətlə qarşılanır. Bu insanların əsl niyyətini bilməyən, özünü dünya həyatına qapdıran insanlar məqsədlərinin nə olduğunu və nə cür həyatın içinə düşdüklərini bilmədən onların göstərdikləri yolla gedirlər. Onların ağzından çıxan hər sözü dərhal qəbul edir və həyatlarını buna əsasən uyğunlaşdırırlar. Onlar bütün vasitələrdən öz düşüncələrini yeritmək üçün istifadə etmiş, istədikləri şəkildə təhsil verilməsini təmin etmiş, istədikləri kitabların oxunmasına icazə vermiş, istəmədiklərini kütləvi şəkildə məhv etmişlər. Müxtəlif düşüncələrin olmasına izn verməmiş, bütün zidd düşüncələri vəhşicəsinə ortadan qaldırmışlar. Dinsizliyi insanlar arasında yaymaq üçün hər cür üsuldan istifadə etmiş, kilsələri, məscidləri dağıtmış, dini təhsili aradan qaldırmışlar. Bu insanların hərəkətləri Quranda bildirildiyi kimi, insanları oda çağırmaq olmuşdur. Allah “Qəsəs” surəsində bu cür davranan insanların vəziyyətini belə bildirir:
Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir. Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar qovulmuş kimsələrdən olacaqlar. (Qəsəs surəsi, 41-42)
Bu inkarçı idarəçilərin güclü təlqinləri sayəsində düşünməyən, görməyən, danışmayan ağılsız insanlar ortaya çıxır. Bu insanlar onları yaradan və həyat verən Allah`ı unudaraq özlərinə rəhbər seçdikləri insanın sözünə görə hərəkət edir, onun razı olmadığı hərəkətlərdən çəkinirlər. Bu insanların rəhbərlərinin izni olmadan Allah`a iman gətirməyə dəvət edənləri dinləmələri, onların kitablarını oxumaları və Allah`a iman gətirmələri mümkün deyil. Quranda bildirilən peyğəmbərlərin həyatlarında da bunun nümunələrini görmək mümkündür. Çünki hər qövmün içində insanların elçilərə iman gətirmələrinin qarşısını almağa çalışan öndərlər olmuşdur. Məsələn, hz. Musa fironun qövmünü Allah`ın ayələrinə iman gətirmək üçün dəvət edəndə qövmü fironun güc sahibi olduğundan onun öndərliyini qəbul etmiş və onun verdiyi əmrlərə düşünmədən tabe olmuşlar. Ancaq ayələrdə fironun insanları oda apardığına belə işarə edilmişdir:
Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik – firon və onun əyanlarına. Onlar isə fironun əmrinə tabe oldular. Halbuki, fironun əmri doğru deyildi. Qiyamət günü öz camaatının qabağına düşüb onları oda aparacaq… (Hud surəsi, 96-98)
Bu liderlər onlardan asılı olan insanların həyatlarını idarə etdikləri kimi, necə düşünəcəklərinə də qərar verirlər. Məsələn, fironun bütün dəlillərə baxmayaraq, Allah`ın varlığını qəbul etməməsi hakim olduğu cəmiyyəti də eyni cəhalətə sürükləmişdir. Bu baxımdan Qurandakı firon nümunəsi inkar edənlərin liderlərinin cəmiyyətə necə təsir etdiyini bir daha sübut edir:
(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”. (Şüəra surəsi, 49)
Ayədən də göründüyü kimi, insanları haqq dinə qarşı çıxaran bu liderlərin ən vacib xüsusiyyətlərindən biri cəmiyyəti qorxudaraq təzyiq göstərməkdir. Bu səbəbdən, firon nümunəsində olduğu kimi, müxtəlif iftiralarla, həbs olunma, xalqın gözündən salma, öldürmə kimi təhdidlərlə insanları qorxudaraq Allah`a iman gətirməyə qoymurlar. Ancaq bir şeyi unudurlar ki, ağıllı və imanlı möminlər nə qədər təzyiq və ya təhdidlə qarşılaşsalar da, Allah`dan başqa heç kimdən və heç nədən qətiyyən qorxmazlar. Çünki iman gətirənlər bilirlər ki, insan yalnız Allah qarşısında məsuliyyət daşıyır və yalnız Allah`ın rizasını qazanmaq üçün yaşamalıdır. Firon qissəsində də gördüyümüz kimi, hz. Musanın gətirdiyi dəlilləri görən sehrbazlar Allah`a olan imanları və səmimiyətlərinə görə fironun təhdidlərindən qorxmamış və Allah`a iman gətirdiklərini bildirmişlər:
Sehrbazlar səcdəyə qapandılar. Onlar dedilər: “Aləmlərin Rəbbinə iman gətirdik! Musa və Harunun Rəbbinə!” Firon dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz. Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”. Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür”. (Əraf surəsi, 120-126)
Allah bir başqa ayədə iman gətirən sehrbazların firona qarşı çıxdıqlarını belə bildirir:
Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!” (Taha surəsi, 72)
Liderlərinə bağlı olduqları üçün ağılla və vicdanla düşünməyən, dolayısilə də Quranı rəhbər etməyənlərin vəziyyəti firon izn vermədiyi üçün iman gətirməyən cəmiyyətin vəziyyətinə bənzəyir. Bu insanlar Allah`ın varlığından və Ondan başqa heç kimin və ya heç nəyin müstəqil gücü olmayacağından qafil olduqlarından, qorxduqları şeyin nə qədər mənasız olduğunun fərqinə varmazlar. Halbuki, qorxduqları və əmrinə tabe olduqları şəxslər, əslində, heç bir gücə malik olmayan, Allah`ın yaratdığı qədərə tabe olan aciz insanlardır. Məsələn, firon yaşadığı dövrdə xalqına təzyiq göstərən və çox zülm edən bir lider idi. Amma ayələrdə xəbər verildiyi kimi, firon ancaq bu dünyada hökm verə bilər. Nə sahib olduğu mal-mülk, nə də qurduğu krallıq onu ölümdən xilas edir. Onun da qısa sürən ömrü ölümlə nəticələnir. Qövmünün Allah`a iman gətirməsinə mane olmaq üçün verdiyi əmrlərdən isə əsər-əlamət qalmamışdır.
Öndərlərinin təlqin və təzyiqlərini bəhanə edərək Quranın əmrlərindən qaçan insanlar Allah`ın hüzurunda olduqları zaman əmrlərinə tabe olduqları bu liderləri yanlarında görməyəcəklər. Hər kəs tək-tənha hesab verəcək və bütün əməlləri önünə gətiriləcək. Dolayısilə, küfrün liderlərinin dünyadakı güc, var-dövlət, ehtişam, iqtidar sahibi görüntüləri yanıldıcıdır. Allah küfrün öndərlərinin hətta öz nəfslərinə yardım edə bilməyəcəklərini bir Quran ayəsində belə bildirmişdir:
De: “Sizi gecə də, gündüz də sizi Ər-Rəhmandan müdafiə etməyə qadir olan kimdir?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər. Yoxsa onları Bizdən qoruya biləcək tanrılarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər. Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim gəlib ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?! (Ənbiya surəsi, 42-44)
Allah`dan başqa varlıqların gücü olduğunu düşünmək, onlara tabe olmaq, bu insanların düşüncə, inanc və əxlaqi dəyərləri yönləndirmələrinə izn vermək, öz düşüncə və inanclarını itirmək böyük ağılsızlıq və qəflətdir. Əslində, bu vəziyyət düşünməyən, iradəsiz və zəif cəmiyyətin psixologiyasından irəli gəlir. Bu insanlar üçün hazır olanı düşünmək, onları tətbiq etmək və heç bir məsuliyyət daşımamaq daha rahatdır. Onlar özlərinin düşünməyini, oxuyub-öyrənməyi, araşdırmağı çətin hesab edirlər. Hətta rəhbər seçdikləri insanlar həyatda olmasa da, onların əsərlərinin oxunması bu insanların dünyagörüşünün formalaşmasına kifayət edir. Bu insanın fikirlərində qeyri-sağlam düşüncə tərzinin olub-olmamasını dəyərləndirmədən dərhal bu fikirləri mənimsəyirlər. Marksın, Maonun, Leninin, Stalinin, Mussolininin, Hitlerin, Darvinin və s. kimi bir çox dinsiz fikri və ya siyasi rəhbərin insanların düşüncələrinə yiyələnmələri bu anlayışa nümunədir.
Bu anlayış səhv olduğu kimi, həm də təhlükəlidir. İnsan məlumatsızlıqdan, vicdanının səsini dinləmədiyindən və başqa səbəblərdən Allah`a iman gətirməyə bilər. Ancaq doğrunu gördüyü andan qəbul etməsi daha ağıllı davranış olardı. Bilə-bilə səhv etmək, inadkarlıq etmək, doğru olanı tətbiq etməmək böyük ağılsızlıqdır. Əslində, doğrunu tətbiq etmək üstünlük oldugu halda, bunu zəiflik kimi görmək, insanların nə düşünəcəyini hesablamaq və etibarını qorumağa çalışmaq insana həm dünyada, həm də axirətdə zərər verər. Halbuki, bu qərarı vermək və qeyd-şərtsiz Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə tabe olmaq vicdanlı və cəsur hərəkətdir. Eyni zamanda, bunu edən insan nə qədər güclü, səmimi və sağlam düşüncəli olduğunu da sübut etmiş olur. Əslində, zəiflik şeytanın təlqinlərinə səssiz qalmaq, şeytana itaət etməkdir.
Şeytanın firqəsindən olmaq…
İnsanların haqq dinlə gələn elçilərə və ya elçilərin yoluna dəvət edən səmimi müsəlmanlara qarşı inkarçı üslubları həmişə eyni olmuşdur. Qövmün öndərləri elçinin sözünü dinləməyib haqq dinə uymamaq üçün həmişə eyni bəhanələr irəli sürmüş, qaçmaq üçün həmişə eyni üsullardan istifadə etmişlər. Bəs bu bənzərliyin, eyni söz və eyni hərəkətlərlə cavab verməyin səbəbi nədir? Hamısı eyni kitabı oxuyurlar? Yoxsa bu insanlar yaranandan bəri eyni insanın yolu ilə gedirlər?
Bunun səbəbi din əxlaqından uzaq olan insanların həmişə eyni yerdən əmr almaları, eyni öndərin sözünü dinləmələridir. İnsanların Allah`a iman gətirmələrinin, elçilərin sözünə itaət etmələrinin, hidayətə gəlmələrinin, Allah`ın haqq kitabı olan Qurana tabe olmalarının qarşısını alan öndər şeytandır. Əvvəlki hissələrdə insanları inkara təşviq edənlər cəmiyyətin liderləri olduğundan, insanları müxtəlif vasitələrlə təsir altına alıb doğru yoldan azdırdıqlarından bəhs etdik. Ancaq maddi və ya mənəvi güc sahibi olan bu insanlar da, əslində, şeytanın əmr və təlqinləri ilə hərəkət edir, onun sözünü dinləyirlər. Allah "Onlar Allah`ı qoyub...yalnız üsyankar şeytana sitayiş edirlər. (Nisa surəsi, 117)” ayəsi ilə insanların şeytanın yolu ilə getdiklərini, xeyirdən uzaqlaşdıqlarını bildirir. Dolayısilə, şeytan bu insanların öndəri olaraq onları müxtəlif vədlərlə aldadır, onların xalqı aldatdıqları kimi, müxtəlif təlqin və vəsvəsələrlə Allah`ın haqq dinindən uzaqlaşdırır. Halbuki, insanlar şeytanı özlərinə dost tutmaqla böyük əzabla nəticələnən yolu seçmiş olurlar. Quranda bu haqda belə buyurulur:
Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o! (Nisa surəsi, 38)
İnsan şeytanı dost etdiyi zaman onun tövsiyələri, ilhamı və əmrləri ilə hərəkət etməyə başlayır. Bir işə və ya söhbətə başlamazdan, yaxud da qərar verməzdən əvvəl bu saxta dostu ilə danışır. Hər işini şeytanla məsləhətləşir, şeytanla birlikdə planlaşdırır. Allah bir ayəsində belə bildirir:
İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda, Allah haqqında mübahisə edir və hər bir inkarçı şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim (şeytanla) dostluq etsə, (şeytan) onu (doğru) yoldan çıxardıb alovlu odun əzabına sürükləyər. (Həcc surəsi, 3-4)
Ayədə də bildirildiyi kimi, şeytanın dostları Allah`ın dininə qarşı döyüşənlər, mübahisə edənlər və doğru yoldan azanlardır. Bu insanlar şeytanın Allah`ın dininə qarşı apardığı mübarizədə onun yanında olur, onun ordusunun əsgərinə çevrilirlər. Belə insan haqqında Allah ayədə belə buyurur:
… Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir. (Furqan surəsi, 55)
Şeytan təbəələrinə birinci Allah`ın varlığını, hər yeri əhatə etdiyini və insanların yaradılış səbəbləri unutdurur. Allah, elçiləri və haqq kitabları vasitəsilə insanlara onları yoxdan yaratdığını, yaşatdığını və onlara ruzi verdiyini və gözəl əxlaq göstərdikləri zaman sonsuzadək gözəl həyat vəd etdiyini bildirir. Bu səbəbdən, insanlara Quranda bildirilən sərhədləri qorumaqla və Ona ibadət etməklə mükəlləf olduğunu xatırladır. Şeytan isə öz firqəsinə etdikləri işlərin, dedikləri sözlərin hesabını verməyəcəklərini, insanın yalnız özünə qarşı məsuliyyət daşıdığını, heç kimin qarşısında məsuliyyət daşımadığını, beləliklə də hər cür azğınlıq etməkdə sərbəst olduğunu təlqin edir. Məsələn, Allah Quranda beş dəfə namaz qılmağı əmr edir. Namaz İslamın əsaslarından biridir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə buyurur:
“İslam (dini) beş (əsas) üzərində qurulmuşdur: Allah`dan başqa heç bir ilah olmadığına, Muhəmmədin (s.ə.v) Allah`ın Rəsulu olduğuna şəhadət etmək, namazı doğru-düzgün qılmaq, zəkatı vermək, beyt (-i şərifi) ziyarət etmək və Ramazan orucunu tutmaqdır”. (Riyazüs-salihin, İmam Nəvəvi, Bədir yayınları, səh. 668)
Şeytan isə namazı çətin göstərərək bəhanələr uydurmağa başlayır. Bəzən işlə bağlı iclas, bəzən avtomobil tıxacı, səyahət, təyyarə və ya avtobusun saatı, bəzən vaxt darlığı kimi vəziyyətlər insanın qarşısına çıxa bilər. Ancaq iman gətirənlər bunları gözəl fürsət kimi dəyərləndirir və namazlarını nə olursa-olsun mütləq vaxtında qılmağa çalışırlar. İman gətirməyən, Quranı rəhbər etməyən insanlar isə şeytanın bu təlqinlərini rahat şəkildə qəbul edirlər. Allah Qurandan üz çevirənlərin vəziyyətini bir ayəsində belə təsvir edir:
Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. (Əraf surəsi, 175)
Bu təlqinlərə qapılanlar sanki ölməyəcəkmiş kimi məsuliyyətsiz şəkildə yaşayırlar. Din əxlaqını və Allah`ın qoyduğu qadağaları görməməzliyə vuraraq rahat yaşayacaqlarını ümid edirlər. Onları əhatə edən həqiqətləri görməmək, gördükləri şeyləri isə unutmaq, düşünməmək üçün səy göstərirlər. Bunun üçün də Qurandan uzaq həyat tərzi seçərək Quranda bildirilən həqiqətləri düşünməməyin, bunlardan qaçmağın və unutmağın, qısaca desək, Quranı dinləməməyin çıxış yolu olmasını istəyirlər. Ancaq heç də şeytanın onlara vəd etdiyi kimi olmaz. Əksinə, Quran ayələrindən qəflətdə keçirdikləri hər dəqiqə onlara sıxıntı və bəla gətirər. Çünki heç kimin qarşısında məsuliyyət daşımadığına və etdiklərindən hesaba çəkilməyəcəyinə inanan insan hər cür əxlaqsızlığı, vicdansızlığı edə bilər. Bu səbəbdən, inkarçılar çox vaxt inanmamaqla məhdudlaşmır, eyni zamanda, elçilərin söylədiklərinə və ya haqq kitabların oxunmasına belə dözməyərək Allah`ın elçilərinə və möminlərə qarşı düşmən mövqeyində olurlar. Tarixin bütün dövrlərində inkar edən insanların davranışları eyni olmuşdur. Çünki onları yönəldən şeytani gücdür. Bu vəziyyət Quranda belə xəbər verilir:
... Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər... (Ənam surəsi, 121)
Quranın hər yerdə üstün gələcəyindən xəbərsiz olan, Allah`ın ayələrinə qarşı mübarizə aparanlar da şeytanın yolu ilə gedərək, onun verdiyi əmrləri düşünmədən və vicdanlarının səsini dinləmədən ona tabe olurlar. Ancaq şeytanın bu gizli çağırışları, əslində, onları cəhənnəm odunun əzabına doğru sürükləyir. Allah bu insanlarla bağlı Quranda belə xəbər verir:
... İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. Onlara: “Allah`ın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (cəhənnəm) odunun əzabına doğru sürükləyirsə, necə olsun? (Loğman surəsi, 20-21)