Mömin mübahisə etməkdən və hirslənməkdən çəkinməlidir
Məlum bir həqiqətdir ki, mübahisə insanları bir-birinə zidd salan, ayrılığa, dava-dalaşa və münaqişələrə səbəb olan haldır. Çox yaxın iki dost arasında yaranan kiçik bir mübahisənin böyüməsi ilə bütün gözəl hisslərin yerini qəzəb tutur. Allah "Kəhf" surəsinin 54-cü ayəsində bu pis əxlaqa diqqət çəkərək insanın "ən çox mübahisə edən" olduğunu bildirir. Bu səbəblə möminlər birlik, bərabərlik və qardaşlıq ruhunun zədələnməsinə və ya zəifləməsinə səbəb olan hər cür mübahisə və münaqişədən qətiyyətlə qaçırlar. Çünki Allah bu davranışı qəti olaraq yasaqlamışdır:
"Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz..." ("Ənfal" surəsi, 46).
Ayədə bildirildiyi kimi, mübahisə və münaqişə insanların gücünü qıran, heç bir məsələni həll etməyən, fayda verməyən, şeytanın vəsvəsəsi ilə edilən bir hərəkətdir. İnsanın vicdanı münaqişəni, davanı qəbul etmədiyi halda nəfsi onu çəkişməyə, münaqişəyə itələməyə çalışır. Buna görə Quranı özünə rəhbər tutan və hər zaman vicdanına uyan bir adam münaqişənin yaranmasına heç vaxt izn verməz. Bir anlıq qəflət nəticəsində çəkişməyə girsə belə dərhal diqqətini toplayar, Allahın hökmünü xatırlayar və gördüyü bu işin Allah tərəfindən bəyənilmədiyini dərk edərək ondan dərhal imtina edər.
İman gətirən insanlar gün ərzində cürbəcür adamlarla qarşılaşa bilərlər. Bununla bərabər onlar hansı şərait olursa-olsun münaqişədən qaçırlar. Məsələn, alış-veriş zamanı qoyulan qiymətlər qarşısında satıcı ilə, vaxtında gəlməyən avtobusun sürücüsü ilə, növbə gözləyərkən yavaş işləyən işçilərlə münaqişə etməzlər. Əgər onlara qarşı haqsızlığın edildiyi bir vəziyyətlə qarşılaşsalar, məsələni münaqişə edib hirslənməklə deyil, gözəl bir üsulla və ağıllı bir metodla həll etməyi üstün tuturlar. Rəbbimiz mömin insanın qəzəblənməməsinin vacibliyini "Ali-İmran" surəsində belə buyurur:
"O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" ("Ali-İmran" surəsi, 134).
Quran əxlaqına uyğun yaşayan bir insan özünün əxlaq anlayışını qarşısındakı adamların davranışlarına görə dəyişdirməz. Qarşı tərəf istehza ilə danışa bilər, çirkin sözlər söyləyə bilər, qəzəblənə bilər, pislik edə və ya düşməncəsinə davrana bilər. Ancaq mömin insanın alicənablığı, təvazökarlığı, mərhəməti və mülayimliyi heç bir vaxt dəyişməz. Ona söylənən pis bir sözə pis sözlə cavab verməz. İstehza edənə istehza ilə, qəzəbə qəzəblə cavab verməz. Hirslənən bir insana qarşı sakit olar və özünə nəzarət edər. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində möminlərə bu cür nəsihət etmişdir: "Harada olursan ol, Allahdan çəkin və pisliyin ardından yaxşılıq et, bu, onu yox edər. İnsanlara gözəl əxlaqla davran".
Mömin insan hər an hər şeyin onun imtahan edilməsi üçün yaradıldığını bilir. Bu səbəblə də insanlarla münaqişə etmək əvəzinə gözəl sözlər danışmağı, onlara qəzəblənmək əvəzinə qəzəbini udaraq səbr göstərməyi üstün tutur. Bilir ki, bunlar Allahın razı olduğu davranışlardır və Onun rizasını qazanmağa ümid edir.