MÖMİNLƏR

Mömin İstehza etməkdən çəkinməlidir


Mömin İstehza etməkdən çəkinməlidir

İstehzalı davranışlar Quran əxlaqından uzaq olan insanların bir hissəsinin gündəlik həyatında çox yayılıb. Cahil cəmiyyətdə insanların qüsur və çatışmazlıqları, xətaları, fiziki qüsurları, qiyafələri, maddi ehtiyacları, diqqətsizlikləri, hər cür davranışları, danışıq tərzləri, sözləri, qısası, hər şeyləri istehza mövzusu ola bilər. İstehza etmək üçün bəzən sözlərdən və əl hərəkətlərindən, bəzən də baxışlardan və mimikalardan istifadə olunur. İstehza edilənin qəlbinin qırılması, kədərlənməsi, dilxor olması, əhvalının pozulması və ya sıxılması istehza edən adam üçün heç bir əhəmiyyət kəsb etmir. Onun nəzərində mühüm olan məsələ yalnız öz qürurunu, şövqünü təmin etmək və başqasını alçaltmaqdır (ətraflı məlumat üçün bax: Harun Yəhya, “İstehza adlanan zülm").

Halbuki Allah insanların bir-birinə istehza etməsini Quranda qəti olaraq yasaqlamışdır:

"Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir!" ("Hucurat" surəsi, 11).

Rəbbimiz bir ayədə də "Qeybət edib tənə vuran hər kəsin vay halına!" ("Huməzə" surəsi, 1) deyə buyuraraq Quran əxlaqına uyğun yaşamayan, hesab gününü və axirəti düşünmədən bu cür çirkin davranış göstərən insanları xəbərdar edir.

Möminlər arasında istehza etməyin heç bir növünə qətiyyən izn verilmir. Onlar gözəllik, zəka, mal-dövlət, bacarıq kimi hər cür xüsusiyyətin insanlara Rəbbimiz tərəfindən verildiyini bilir, bir-birlərində gördükləri gözəl xüsusiyyəti böyük bir məmnunluqla qarşılayırlar. Nəfslərinə deyil, Allahın rizasına uyduqları üçün cahil insanların yaşadıqları təkəbbür, həsəd kimi hissləri yaşamırlar. Buna görə də bir-birinə qarşı həmişə xoşrəftar olur, bir-birinə müsbət, təvazökar bir münasibət bəsləyirlər.

Eyni şəkildə də bir-birlərində gördükləri qüsurları Allahın bir sınağı kimi qəbul edirlər. Buna görə bu qüsurları ortaya çıxarmır, əksinə, bunların əvəzinə gözəl davranışlar göstərirlər. İstehza etməyə yol açacaq ən kiçik bir davranışdan, baxışdan, sözdən qətiyyətlə çəkinirlər.