Quran əxlaqına görə mömin zənndən və dedi-qodudan uzaq olmalıdır
Cahil cəmiyyətdə bir çox insanlar gündəlik həyatını ayrılmaz hissələrinə çevrilmiş bəzi pis vərdişlərə sahibdir. Bunlar insanın başqaları haqqında müxtəlif mənfi zənnlərə düşməsi, təcəssüs etməsi, yəni onu maraqlandırmayan şeyləri gizlincə öyrənməyə çalışması, qeybət etməsi, yəni başqa adamlar haqqında dedi-qodu etməsi, onları çəkişdirməsidir. Sözügedən bu üç davranış ümumiyyətlə bir-biri ilə bağlıdır. Çünki qeybət edən, yəni bir insanın arxasınca danışan adam onun haqqında sözsüz ki, pis zənnə sahibdir. Eyni şəkildə təcəssüs edən bir adam da müxtəlif zənnlərlə belə bir rəftar edir.
Quran əxlaqında isə bu kimi çirkin davranışlara yer yoxdur. Allah möminlərin bunlardan çəkinmələrini buyurur:
"Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" ("Hucurat" surəsi, 12).
Allahın ayələri möminin hər an ağlındadır, mömin insan Rəbbimizin sevmədiyi davranışlardan gün ərzində qəti şəkildə qaçır. Başqa bir adamın haqqında pis niyyətlə araşdırma apararaq məlumat toplamağa çalışmır. Orada olmayan bir kimsə haqqında xoş olmayan, doğruluğuna əmin olmadığı və eşidən adamın qəlbini qıracaq sözlər söyləmir. Məlumatı olmadığı halda bir insan haqqında gümana düşüb zənnə qapılmır. Bir insan haqqında məlumatı olmayan bir məsələ ilə əlaqədar düşüncələri həmişə xeyir yönündədir. O adamın yaxşı və gözəl cəhətlərini düşünür və danışır. Allah həmçinin möminlərin doğruluğuna qəti olaraq əmin olmadıqları bir mövzu ilə bağlı xeyirli izahatlar verməyin vacibliyinə Quranda mömin qadınlara atılan iftiraya olan cavabı nümunə göstərərək belə işarə edir:
"Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi?" ("Nur" surəsi, 12).
Mömin insan ailəsi, dostları və ətrafındakı insanlar haqqında daim yaxşı düşünməyə, xeyirli olanı danışmağa və insanları da buna istiqamətləndirməyə çalışır. Ancaq insan dünya həyatındakı imtahana görə unutqan yaradılmışdır və xəta edə bilər. Amma bu səhv davranışını dərk edəndə dərhal Allahın rəhmətinə sığınaraq Rəbbimizdən bağışlanma diləyir.