Qədər

Pis kimi görünən hadisələr qarşısındakı davranışı


Pis kimi görünən hadisələr qarşısındakı davranışı

Hər insan gün ərzində müxtəlif çətinliklərlə qarşılaşa bilər. Ancaq möminlər qarşılaşdıqları çətinliklərin nə olmasından asılı olmayaraq Allaha təslim olur, Onu özlərinə vəkil edir, (təvəkkül edərək) belə düşünürlər: "Allah bizi bu dünya həyatında hər etdiyimizlə və hər düşündüyümüzlə sınayır. Bu, bir an belə unudulmayan çox önəmli bir həqiqətdir. Elə isə gördüyümüz hər hansı bir işdə çətinliklə qarşılaşdığımız və ya işlərin qaydasında olmadığını düşündüyümüz zaman Rəbbimizin bunların hamısını bizi sınamaq üçün qarşımıza çıxardığını qətiyyən unutmamalıyıq".

Allah insanların qarşılaşdığı hər cür hadisənin Ondan olduğunu bir ayədə belə bildirir:

"De: "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!"" ("Tövbə" surəsi, 51).

Imanlı bir şüurla düşünən hər kəs bilir ki, yaşanan və qarşımıza çıxan hər bir hadisə Allahın nəzarətindədir və onun dünya və axirət üçün mütləq bir xeyiri var (ətraflı məlumat üçün bax: Harun Yəhya, "Hər şeydə xeyir görmək"). Məsələn, insanın sevdiyi bir əşyasını itirməsində bir çox faydalar var. Kənardan baxanda pis kimi görünən bu hadisə möminin öz səhvlərini görməsinə, diqqətli olmasına, bəzi məsələlərdə daha çox tədbir görmək barədə düşünməsinə səbəb olur. Bununla bərabər insanın heç bir şeyə sahib çıxmaması lazımdır, çünki hər şeyin tək sahibinin Allah olmasının xatırlanması da bu tip hadisənin digər bir xeyirli cəhətidir.

Haqqında bəhs edilən vəziyyət gündəlik həyatda qarşılaşdığımız hər bir böyük və ya kiçik hadisəyə aiddir. Məsələn, bir iş yerində səhv anladığı üçün və ya birinin diqqətsizliyi ucbatından səhv yerə pul ödəmələri ola bilər; saatlarla kompüterdə üzərində işlənən bir iş elektrik kəsildiyinə görə bir anda yox ola bilər; gənc bir tələbə həddindən artıq çox oxumasına baxmayaraq o gün xəstələndiyi üçün universitet imtahanına getməyə bilər; bir insan çox təcili getməli olduğu bir yerə gedərkən təyyarəsinə, avtobusuna çatmaya bilər... Hər kəsin öz həyatı boyunca qarşılaşa biləcəyi bu cür çətin və tərs kimi görünən hadisələr var.

Ancaq bu hadisələrin hər birində iman sahibi olan bir insan üçün bir çox gözəlliklər var. Mömin insan hər şeydən öncə Allahın onun davranışını və səbrini sınadığını, öləcək və axirətdə hesab verəcək bir insanın bu hadisələrə görə kədərlənib vaxt itirməsinin yersiz olduğunu düşünür. Hər hadisənin arxasında bir xeyir olduğunu bilir. Heç bir hadisə qarşısında "Heyf!" demir. İşlərini asanlaşdırması və hər şeyi faydalı hala gətirməsi üçün Allaha dua edir. Və bir çətinlikdən sonra asanlıq gələndə o an bunun Allaha etdiyi duanın bir əvəzi olduğunu, Allahın duaları eşidən və onları qəbul edən olduğunu düşünür və Allaha şükür edir.

Bunları düşünərkən gününə davam edən insan nə ilə qarşılaşırsa-qarşılaşsın əsla ümidsizliyə qapılmır, narahat olmur, qorxub kədərlənmir, çarəsiz vəziyyətdə qalmır. Allahın bunları mütləq bir xeyir və gözəllik əsasında yaratdığını bilir. Üstəlik bunu yalnız başına gələ biləcək böyük hadisələrdə deyil, bir az öncə bəhs etdiyimiz kimi, gündəlik həyatı içində qarşılaşdığı irili-xırdalı hər məsələdə düşünür.

Məsələn, təsəvvür edin ki, bir insanın planlaşdırdığı mühüm bir işi istədiyi kimi getmir, tam uğur əldə etmək üzrə ikən son anda ciddi bir problemlə qarşılaşır. Bu insan bir anda hirslənir, sıxıntıya düşür, kədərlənir, qısası, hər cür çətinliyi yaşayır. Halbuki hər şeydə bir xeyir olduğunu düşünən bir insan Allahın bu hadisə ilə ona göstərdiyi hikmətləri düşünüb tapmağa çalışır. Bu mövzuda daha qəti tədbir görməsinə Allahın diqqət çəkmiş ola biləcəyini düşünür. Texniki cəhətdən lazım olan bütün tədbirləri görür və "bəlkə də bu şəkildə daha mühüm zərərlərin əmələ gəlməsinin qarşısı alındı" deyərək Allaha şükür edir.

Bir yerə getməyə çalışarkən minəcəyi avtobusa çatmasa, "Bəlkə gecikməyim və ya avtobusa minməməyim məni bir qəzadan və ya başqa bir pislikdən qorumuşdur" deyə düşünür. Bunlar sadəcə olaraq bir neçə nümunədir. "Bunun kimi daha bir neçə hikmət ola bilər" deyə düşünür. İnsanın gündəlik həyatında belə nümunələrdən çox göstərə bilərik. Amma burada əhəmiyyətli olan məsələ budur: insanın qurduğu planlar həmişə onun istədiyi kimi nəticə verməyə bilər. Belə bir vəziyyətdə təvəkkül edən, qarşılaşdığı hadisədə xeyir axtaran adam çox şey qazanır. Çünki Allah ayəsində insanlara belə bildirir:

"...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz" ("Bəqərə" surəsi, 216).

Allahın bildirdiyi kimi, biz nəyin xeyirli, nəyin zərərli olduğunu bilə bilmərik, bunu ancaq Uca Allah bilir. İnsanın yeganə vəzifəsi sonsuz mərhəmət sahibi olan Rəbbimizi dost etmək və Ona tam bir təslimiyyətlə təslim olmaqdır.

İnsan dünya həyatında sahib olduğu hər şeyini bir anda itirə bilər. Bir yanğın evini, iqtisadi böhran bütün sərmayələrini və ya bir hadisə sevdiyi, qiymətləndirdiyi əşyalarını itirməsinə səbəb ola bilər. Allah Quranda insanların bu şəkildə sınaqdan keçirilməsindən belə bəhs edir:

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!" ("Bəqərə" surəsi, 155).

Allah insanlara müxtəlif şəkillərdə sınaqlardan keçiriləcəklərini xəbər verərkən qarşılaşdıqları bu çətin vəziyyətlərdə səbir edənlərə də gözəl bir müjdə vermişdir. Allahın ayədə tərif etdiyi səbir, məsələn, itən əşyanı tapmayınca yaranmış vəziyyəti məcburən qəbul edərək səbir etmək deyil. Səbr itən əşya nə qədər böyük və əhəmiyyətli olursa olsun, insanın bunu eşitdiyi və ya bildiyi andan etibarən son dərəcə təvəkküllü, təslimiyyətli davranmasıdır. Hər şeyi edənin Allah olduğunu ağlından çıxarmadan, sabit rəftar və davranışını davam etdirməsidir.

İnsan gün ərzində daha mühüm itkilərlə də qarşılaşa bilər. Məsələn, ehtiyaclarını ödəmək üçün gününün əhəmiyyətli bir hissəsini keçirdiyi iş yerini itirmək bütün gələcəyinin yalnız ona bağlı olduğuna inanan insanlar üçün çox əhəmiyyətli məsələdir. Belə ki, cahil əxlaqa sahib olan insanlar uşaqlıqdan etibarən yaxşı bir iş sahibi olmaq üçün yetişirlər. Belə adamlar həyatlarının hər anında daha yaxşı bir işdə işləməyi və ya işində yüksəlməyi arzulayırlar. Buna görə də sahib olduqları işi itirmək onların böhran və sıxıntı dolu günlər keçirməsinə, elə öz sözləri ilə desək, "həyatlarının alt-üst olmasına" səbəb olur.

Digər tərəfdən, mömin ona ruzi verən qüvvənin Allah olduğunu və işin yalnız bir səbəb olduğunu bilir. Başqa sözlə, iş mömin insan üçün Allahın verdiyi nemətlərin ona çatmasında yalnız bir vasitədir. Buna görə də işdən çıxarılmaq kimi hadisələr iman gətirən insanların səbir və təvəkküllə qarşıladığı hadisələrdir. Onlar belə bir halda gözəl şəkildə səbir edir, Allaha dua və təvəkkül edirlər. Ruzini verənin və onu istədiyi zaman alanın yalnız Uca Allah olduğunu heç bir zaman unutmurlar.

Quranı özünə rəhbər tutan bir insan işini itirmək, ziyana düşmək, istədiyi bir məktəbdə oxuya bilməmək kimi bir vəziyyətlə qarşılaşanda o an öz davranış və düşüncələrini nəzərdən keçirir. Allahın razı olub-olmadığı bir hərəkətinin olub-olmaması barədə düşünür və ağlından aşağıdakı ehtimalları keçirir: "Ola bilərmi ki, itirdiyim mal-mülk və ya əşya üçün kifayət qədər şükür etməmiş olum?"; "Ola bilərmi ki, ixtiyarıma verilən nemətlərdə xəsislik və ya nankorluq etmiş olum?"; "Allahı və axirəti unudaraq malıma, mülkümə hərisliklə sahiblənmiş ola bilərəmmi?"; "Ola bilərmi ki, sahib olduqlarıma görə təkəbbür göstərib Allahın yolundan və Quran əxlaqından uzaqlaşmışam?"; "Allah rizası üçün deyil, başqalarının razılığını, tərifini qazanmaq və ya öz nəfsinin istək və arzularını təmin etmək üçün çalışa bilərəmmi?" və s.

Mömin bu suallara öz içində vicdanlı və səmimi bir şəkildə cavab verir. Verdiyi cavablara əsasən də Allahın razı olmadığı davranışlarını düzəltməyə çalışır və bu davranışlarını düzəltmək üçün Allaha dua edir. Səmimi bir şəkildə Allaha yönəlir. Yanılaraq və ya fərqində olmadan etdiyi və ya düşündüyü hər səhv şeydən Allaha sığınır. Allah iman gətirənlərin belə dua etdiklərini Quranda xəbər verir:

"Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən..." ("Bəqərə" surəsi, 286).

İnsan imtahan olaraq bir-birinin ardınca itkilərlə də qarşılaşa bilər. Ancaq dərin imana sahib olan bir insan burada da hikmətlər olduğunu bilir. Bu hikmətlərin ən önəmlilərindən biri isə insanın çətinliklərlə mənəvi cəhətdən tərbiyə olunmasıdır:

"Allah sizi əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməməyiniz üçün qəminizin üstünə qəm qoydu. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!" ("Ali-İmran" surəsi, 153).

"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz!" ("Hədid" surəsi, 22-23).

Mömin üçün gün ərzində bir-birinin ardınca qarşısına çıxan çətinliklər onun imtahanda olduğunu xatırlamasına, laha yaxınlığının artmasına, kamilləşməsinə və Quran əxlaqına sarılmasına səbəb olur. Mömin insan Allahın bununla onu tərbiyə etdiyini və axirətdəki sonsuz nemətlərə hazırladığını bilir.