Nemətlər qarşısında davranış
Vərdişin əmələ gətirdiyi baxış bucağını bir kənara qoyaraq hikmətli bir tərzdə ətraflarını müşahidə edən möminlər gördükləri hər şeyin Allahdan gələn bir nemət olduğunu anlayırlar. Gözlərinin, qulaqlarının, bədənlərinin, yedikləri bütün ərzaq və qidaların, nəfəslə alıb-verdikləri təmiz havanın, imkanlarının, sahib olduqları hər şeyin, mikroorqanizmlərdən ulduzlara qədər hər şeyin onların xidmətinə Uca Allah tərəfindən verildiyini anlayırlar. Belə ki, bu nemətlər sayılmayacaq qədər çoxdur. Rəbbimizin "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir!" ("Nəhl" surəsi, 18) ayəsində bildirdiyi kimi, nemətləri hətta siniflərə ayıraraq saymaq da mümkün deyil.
Mömin insan ona qanuni ölçülərdə verilən bütün dünyəvi nemətlərdən yararlanır, amma bunlara aldanaraq Allahı, axirəti və Quran əxlaqına uyğun şəkildə yaşamağı əsla unutmur. Əlinə nə qədər yaxşı imkanlar (pul, vəzifə və s.) keçirsə-keçsin, bu hal onun zəifləməsinə, təkəbbür göstərməsinə, bir sözlə, Quran əxlaqından uzaqlaşmasına səbəb olmaz. Çünki mömin insan bunların hamısının Allahdan gələn bir nemət olduğunu və Allahın istəsə, bunları geri ala biləcəyini dərk edir. Dünyadakı nemətlərin müvəqqəti və məhdud olduğunu, bu nemətlərlə sınandığını, əsl nemətlərin isə cənnətdə olduğunu ağlından çıxarmır.
Quran əxlaqına uyğun yaşayan bir insan üçün mal, mülk, mövqe kimi dünya nemətləri onun yalnız Allaha yaxınlaşması və şükür etməsi üçün bir vasitədir. Müvəqqəti bir zaman kəsiyində yararlandırıldığını bildiyi dünya nemətlərinə sahib olmaq mömin insan üçün heç bir zaman məqsəd deyil. Məsələn, dünya həyatında istifadə ediləcək ən uzunmüddətli nemətlərdən biri olan evin insana verdiyi fayda təxminən 60-70 illik bir ömür ərzində olacaq. İnsan onun dünya həyatı sona çatdığı zaman sahib ola bilmək üçün həyatı boyu çalışdığı, çox sevdiyi evini dünyada qoyub gedəcək. Aydındır ki, ölüm dünya nemətləri ilə insan arasında mütləq bir ayrılıq deməkdir.
Mömin ona verilən nemətlərin əsl və yeganə sahibinin Allah olduğunu, bunların yalnız Ondan gəldiyini bilir. Bu nemətləri var edən Rəbbimizə lazımınca şükür etmək, Ona məmnuniyyətini və minnətdarlığını bildirmək üçün əlindən gələni edir. Saysız nemətlərin əvəzində sözdə və əməli olaraq daim Allaha şükür edir, Onun nemətlərini xatırlamağa və izah etməyə çalışır. Bu mövzuda bəzi ayələr belədir:
"Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı olacaqsan! Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qovma! Və Rəbbinin sənə olan nemətindən söhbət aç!" ("Duha" surəsi, 5-11).
"Yoxsa sizi xəbərdar etmək üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!" ("Əraf" surəsi, 69).
Bəzi adamlar Allaha şükür etmək üçün onlara çox böyük, çox gözəl bir nemətin gəlməsini və ya çox böyük problemlərinin həll olunmasını gözləyirlər. Lakin bir az diqqət etsək, insanın hər bir anının nemət içində keçdiyini görərik. Həyatı, səhhəti, ağlı, şüuru, beş duyğu üzvü, nəfəs aldığı hava və bunlara bənzər saysız-Hesabsız nemətlər ona fasiləsiz bir şəkildə, hər an verilir. Bu nemətlərin hər biri üçün ayrıca şükür etmək lazımdır. Allahı xatırlamaqda, yaradılış dəlillərini düşünməkdə zəiflik edən kimsələr qəflət içində olduqları üçün bu nemətlərin dəyərini onlara sahib olduğu zaman bilmir, bunlara görə şükür etmir, ancaq bu nemətlər əllərindən alındığı zaman onların dəyərini anlayırlar.
Möminlər isə sahib olduqları hər nemət qarşısında nə qədər aciz və ona nə dərəcədə möhtac olduqlarını düşünərək daim Allaha şükür edirlər. Möminlər Allaha yalnız zənginlik, mal-mülk və başqa maddi nemətlərə görə şükür etmirlər. Hər şeyin sahibinin və hakiminin Uca Allah olduğunu bilən möminlər öz sağlamlıqları, gözəllikləri, bilikləri, ağılları, imanı sevmələri, inkarçılığı çirkin saymaları, hidayət əhli olmaları, möminlərlə birlikdə olmaları, bəsirət və fərasət sahibi olmaları, fiziki və mənəvi güclərinə görə Rəbbimizə şükür edirlər. Möminlər gözəl bir mənzərə görərkən və ya işləri asan həll olunarkən, istədikləri bir şey həyata keçərkən, gözəl bir söz eşidərkən, sevgi və hörmət görərkən və daha saymaqla bitməyəcək qədər çox nemətlə qarşılaşarkən o an Allaha şükür edir, Onun mərhəmətini, şəfqətini, Rəhman və Rəhim olduğunu düşünürlər.
Əgər mömin ona verilən nemətlərə görə azğınlaşmayacağını, təkəbbür göstərib lovğalanmayacağını etdiyi şükürdə, bütün davranış və danışıqları ilə Allaha göstərərsə, Allah ona daha artıq nemət verər. Allahın Quranda verdiyi "Əgər mənə şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir!" (“İbrahim" surəsi, 7) hökmü bunu ifadə edir.
Bütün nemətlər eyni zamanda insanın dünyada qarşılaşdığı imtahanın bir parçasıdır. İman gətirənlər bu səbəbdən şükür etməklə bərabər onlara verilən nemətlərdən mümkün qədər xeyirli işlərdə yararlanır, xəsislik edərək onları yığıb toplamırlar. Çünki xəsislik edərək yığıb toplamaq cəhənnəm əhlinin bir xüsusiyyətidir. Rəbbimiz buna Quranda belə diqqət çəkir:
"Xeyr. Həqiqətən, o alovlu atəşdir. Başın dərisini sıyırıb çıxardır. Çağırır çıxanı, üz döndərəni. Və yığıb saxlayanı! Həqiqətən, insan çox həris yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar" ("Məaric" surəsi, 15-21).
Allah "ehtiyacınızdan artıq qalanı"nın ("Bəqərə" surəsi, 219) xeyirli və savab işlərə sərf olunmasını əmr edir. Quran əxlaqına görə, möminlər qazanclarından ehtiyaclarından artıq qalan hissəsindən xeyirli işlərdə, Allah yolunda istifadə edirlər.
Əlbəttə, nemətlərə görə şükür Allahın verdiyi bütün nemətləri Allah rizası üçün istifadə etməklə olur. Mömin ona verilən hər şeyi Allahın əmr etdiyi xeyirli işlərə sərf etməyə görə məsuliyyət daşıyır. Mömin insan Allahın ona verdiyi maddi imkanlarla bərabər bədənindən də Onun rizası üçün, onun yolunda səy göstərmək üçün istifadə edir və Allahın razılığını, rəhmətini və həmişə nemətlərlə dolu olan cənnəti qazanmağa ümid edir:
"Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır..." ("Tövbə" surəsi, 111).
Quran əxlaqını yaşayan fərdlərdən təşkil olunan bir cəmiyyətdə yoxsulluq, aclıq, səfalət və bu kimi digər çətinliklərin meydana çıxardığı qarşıdurma, dava, oğurluq, cinayət kimi çirkin əməllər ortadan qalxar. Beləliklə, rahatlıq və rifah Allahın izni ilə ən yüksək səviyyəyə çatar.