AXİRƏT

Cəhənnəm əhlinin öz aralarındakı mübahisəsi


Cəhənnəm əhlinin öz aralarındakı mübahisəsi

"Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi - bir həqiqətdir!" ("Sad" surəsi, 64).

Quranda həyatlarına son qoyularkən kafirlərin böyük bir əzab çəkəcəklərindən xəbər verilir. Canlarının arxalarına və üzlərinə vuru-laraq çətinliklə çıxarılacağı, ölümün əzablı sarsıntılarını yaşayacaqları və mələklərin onları əbədi əzabla müjdələyəcəkləri ayələrdə bildirilmişdir. Bu vəziyyət bir ayədə belə ifadə edilir:

"Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: "Biz yer üzərində zəif kəslər idik". Mələklər də onlara: "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?" - deyəcəklər. Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis yerdir! Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!" ("Nisa" surəsi, 97-99).

Buradan da anladığımız kimi, kafirlərin ölüm vaxtı özlərini zəif, çarəsiz və günahsız göstərmək səyləri nəticəsiz qalacaq. Bu, onları getdikcə artan bir ümidsizliyə və cəhənnəmin qorxuncluğunun yol açdığı bir dəhşətə sürükləməkdədir. Bu səbəbdən bütün cəhənnəmlik insanlar ətrafındakıları "satmaqda", özünün əzabdan qurtarmayacağını anladıqda dostlarının da eyni əzabı, hətta daha şiddətlisini çəkməsini istəməkdədir. Quranda bu məsələ belə açıqlanır:

"...Hər tayfa girdikcə dindaşına və tayfadaşına lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada toplandığı zaman sonra gələnlər əvvəl gələnlər barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! Allah buyuracaq: "Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!"" ("Əraf" surəsi, 38).

Cəhənnəmdə bu insanlar keçmişdə itaət etdikləri və onları yoldan çıxarmış "əfəndilərinə" və "böyüklərinə" Allahdan ikiqat böyük bir əzab və lənət istərlər. Aralarındakı birlik və həmrəylik, inananlara qarşı yürütdükləri ortaq cəhd və əməkdaşlıq artıq əbədiyyən yox olmuşdur. Burada nə dostluq, nə də qohumluq əlaqəsi davam etməyəcək.
Quranın ifadəsi ilə desək, "orada bir-biri ilə çəkişib mübahisə edərək" belə deyərlər: "...İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var!" ("Şuəra" surəsi, 100-101). Əksinə, cəhənnəmliklər onları azdırmış dostlarını "Ayaqlarımız altına salaq, paymal olsunlar!" ("Fussilət" surəsi, 29) həvəsindədir! Bu qarışıq şəraitdə aralarındakı mübahisələr də bir-birini günahlandırmaqdan ibarətdir. Quranda belə deyilir:

"İnkar edənlər dedilər: "Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanırıq!" Kaş sən o zalimləri Rəbbinin huzurunda saxlanılıb bir-birinə söz qaytardıqları və acizlərin özlərini yuxarı tutanlara: "Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq!" - dedikləri zaman görəydin" ("Səba" surəsi, 31).

Başqa bir ayədə də belə buyrulur:

"O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər təkəbbür göstərənlərə deyəcəklər: "Biz sizə tabe idik. İndi siz cəhənnəm odunun bir hissəsini bizdən dəf edə bilərsinizmi?!"" ("Mumin" surəsi, 47).

Göründüyü kimi, cəhənnəm əhlinin arasındakı mübahisələr bir-birini günahlandırmaq, özlərini məsum, günahsız qəbul etdirmək və başlarına gələn bu qorxunc aqibətin tək səbəbi kimi qarşısındakını göstərmə şəklində olmaqdadır. Dünya həyatında Allahı və dini inkar edib Qurana inanmamaqda "qərarlılıq" göstərmişkən cəhənnəmə girincə "...əgər sizlər olmasaydınız, bizlər möminlər olardıq" ("Səba" surəsi, 31) demələri sahib olduqları ikiüzlü və bəsit xarakteri açıq şəkildə ortaya qoyur.
Burada diqqət çəkən bir məqam da var: bu insanlar hər nə qədər mömin deyillər və azğın bir xarakterə sahibdirsə, onları yoldan çıxarmaq üçün xüsusi bir səy göstərən, planlar və rejimlər quran bir qism insanlar da var. "Səba" surəsinin 33-cü ayəsində cəhənnəmdəkilərin mübahisələrindən danışılarkən belə bir dialoqa diqqət çəkilir:

"Acizlər özlərini yuxarı tutanlara deyərlər: "Xeyr, bəs gecə-gündüz qurduğumuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz" ("Səba" surəsi, 33).

"Saffat" surəsinin 28-ci ayəsinə görə də cəhənnəmliklər azdıranlara "siz bizim yanımıza bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən gəlirdiniz" deyəcəkdilər. Bəs kimdir bu planları quranlar və insanları Allahın doğru yolundan azdırmağa çalışanlar? Bunlar şübhəsiz ki, "şeytanın firqəsidir".