Qədər

İnsanlara həmişə bu sualı vermək lazımdır: hər şeyi Allahın yaratdığını həmişə düşünürsən?


İnsanlara həmişə bu sualı vermək lazımdır: hər şeyi Allahın yaratdığını həmişə düşünürsən?

Müəyyən olunmuş bir vaxtda bir nəfərlə ilə görüşməlisiniz, amma o vaxtında gəlib çıxmaz. Çox uğurlu bir işi başa çatdırdığınız halda lazımınca dəyərləndirilməyə bilərsiniz. Çox çalışaraq qarşınızdakı insana gözəlliklər təqdim edərsiniz, o, bunu heç fərq etməz. Xoş niyyətlə bir söz söyləyərsiniz, amma qarşınızdakı bunu səhv başa düşər. Saatlarla bir yeri təmizləyib çox mükəmməl hala gətirərsiniz, biri gəlib oranı çirkləndirər. Yuxunuz gələr, amma biri gəlib düşüncəsizcə səs-küy salar. Çox vacib vəziyyətdə olduğunuzda birindən kömək istəyərsiniz, ancaq o, sizi unudar. Vacib bir şeyi əmanət edərsiniz, qarşınızdakı bunu itirər. İllərcə universitetə hazırlaşarsınız, son gün həmin saatda xəstələnib imtahana girə bilməzsiniz. Yeni paltar alıb geyinərsiniz, biri sizin üstünüzə ani xəta ilə bir şeylər tökər. Alış-verişə çıxıb keyfiyyətli ərzaq almağa niyyətlənərsiniz, evə gəldiyinizdə aldadıldığınızı görərsiniz. Çantanıza çoxlu pul qoyarsınız, biri gəlib pul qabınızı oğurlayar. Yola çıxarsınız, bacarıqsız bir sürücü gəlib sizi vurar, ya da bir yerə tələsərsiniz, amma nəqliyyatın sıx olduğuna görə gedəcəyiniz yerə saatlarla çata bilməzsiniz. Bir yaxınınız ani olaraq xəstələnər, amma təcili yardım saatlarla gələ bilmədiyi üçün xilas olmayıb vəfat edər. Müəyyən xəstəlik səbəbilə  müalicə olunmaq üçün xəstəxanaya yatarsınız, səhlənkarlıq səbəbi ilə başqa  bir mikrob qapıb yeni xəstəliyə düçar olarsınız...

Beləliklə, bütün bu yaşadıqlarınızın hər birinə görə zərər çəkdiyinizi düşünürsünüz və bütün bunların da günahkarını qarşınızdakı insanın olduğunu zənn edirsiniz. Hirsə qapılır və bu duyğularınızı onlara yönəldirsiniz.

Belə vəziyyətlərdə insanlar ya üzlərinə, ya da arxalarından bu insanlara əsəbiləşib deyinərlər. Sanki, o insan həmin səhvi etməsəydi, yaxud diqqətsizlik etməsəydi, hər şey tamamilə onun istədiyi kimi həyata keçərdi.

Ancaq belə düşünmək o qədər böyük bir səhvdir ki, insan bu həqiqəti dərk etsə, həyata baxışı tamamilə dəyişər.

Dünyada Allahdan başqa bir toz zərrəsini belə hərəkət etdirə biləcək başqa güc yoxdur. Dünyada olub bitən hər şey Allahın istəməsi ilə baş verməkdədir. Əgər bir insanın həyatı boyunca yaşadıqlarını bir video kaseti kimi götürsək, bu videonu hər seyr etdiyinizdə mütləq eyni görüntülərlə qarşılaşacaqsınız. İnsan həyatının bundan heç bir fərqi yoxdur. Hətta bu film yüzlərlə il saxlansa, yüzlərcə il sonra təkrar yenidən seyr edilsə, eyni filmlə qarşılaşacaqsınız. Bax insanın ömrü boyu başına gələn hər bir hadisə də bunun kimi qətiyyən dəyişməz və sabitdir. Əgər bir insanın gedəcəyi yerə gec çatması lazımdırsa, mütləq gec çatacaq. Bunun səbəbi nəqliyyat, xəstəlik, unutqanlıq ola bilər. Nəticə isə qətiyyən dəyişməz. Eyni şəkildə, ölüm zamanı gələn bir insanın ölümünün qarşısını heç bir şey ala bilməz, təcili yardım gecikə bilər, nəqliyyat qəzası ola bilər, həkim ciddi səhlənkarlıq edə bilər. Ancaq nəticə mütləq və mütləq eynidir və dəyişməzdir.

Bu səbəbdən insanın gün ərzində qarşılaşdığı hadisələrə münasibəti çox fərqli olmalıdır. Məsələn, əgər cibdanı oğurlanıbsa, demək ki, o insanın həmin pula sahib olmaması lazımdır və Allah bunun üçün belə bir səbəb yaratmışdır. Əgər universitet imtahanlarından keçə bilmirsə, demək ki, Allah o il üçün o insana universitetə girməməsini, başqa bir şeylə məşğul olmasını diləmişdir. Və yaxud, əgər qarşı tərəf gecikdiyi üçün planlaşdırılmış görüş həyata keçmirsə, Allah bu görüşün baş tutmasını istəmədiyi üçün belə olmuşdur. Allah istəməsə, heç kim gecikməz, heç kim unutmaz, heç kim səhlənkar olmaz, heç kim bir şeyi səhv anlamaz, heç kim verilən əmanəti itirməz, heç kim nəqliyyatda tıxaca düşməz, heç kim pis maşın sürməz... Bu məsələdə bir şeyi yaxşı-yaxşı bilmək lazımdır: “İnsanın başına gələn hər bir şeyi yaradan Allahdır” və “Allah baş verməli olan hər bir hadisə üçün mütləq bir səbəb yaratmışdır.” Ancaq bu səbəb öz-özünə baş verməz. Heç kimin –Allah istəmədikcə- bunu edə biləcək gücü yoxdur. Rəbbimiz Quranda bu həqiqəti belə bildirmişdir:

Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir. (İnsan Surəsi, 30)

Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz. (Təkvir Surəsi, 29)

Axı sizidə, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. (Saffat Surəsi, 96)

Onları siz öldürmədiniz, Allah onları öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir. (Ənfal Surəsi, 17)

“...Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız.” (Ənbiya Surəsi, 35)  

Ayələrdə də bildirildiyi kimi, bütün bunlar dünya həyatının bir imtahan yeri olmasından irəli gəlir. Allah insanları sınamaq onların xoşlarına gələn və gəlməyən müəyyən hadisələr yaradır və bunlar qarşısında necə əxlaq göstərəcəklərini sınayır. Allahın yaratdığı bütün hadisələrdə bizim heç bilmədiyimiz sirlər, hikmətlər, nemətlər və müxtəlif sınaqlar gizlidir. Məsələn, başqasının düşüncəsizliyinə görə bir yerə gedə bilməyən insan, bəlkə də, bununla böyük bir təhlükədən qurtulub. Əslində isə, kim bilir, bəlkə də yolda onu vuracaq maşından, qarşılaşacağı pis bir insandan, yolda məruz qalacağı hücumdan və ya oğurluq hadisəsindən, çirkli yerdən düşəcək mikrobdan və s. bu kimi hadisələrdən qurtulmuşdur.

Bu səbəbdən, insan hadisələrin arxasında sonsuz hikmətlərin və sirlərin gizli olduğunu bilərək Allaha tam inam və təslimiyyət içində yaşamalıdır. Başına yaxşı və ya pis, hər nə gəlirsə gəlsin, bolluq və ya yoxsulluq içində olursa olsun, hər zaman Allaha şükür etməli, Allahın ən xeyirlisini yaratdığını bilən bir əxlaq içində olmalıdır.

Beləliklə, gün ərzində qarşılaşdığı hadisələri insanlara aid etməməlidir. Ona yaxşılıq edən də, zərər verən də, lehinə hərəkət edən də, yalnızca Allah ona əmr etdiyi üçün o cür davranır. Bu səbəbdən, bir insanın yaşadıqlarına görə başqalarına əsəbləşməsi, deyinməsi, küsməsi, inciməsinin bir mənası yoxdur. Mömin insan nemətlə qarşılaşdığında da, çətinliklə qarşılaşdığında da bunların yalnız Allahdan olduğunu bilməlidir.

Əlbəttə, pis insanlara qarşı tədbir alacaq, yaxşı insanlara gözəl duyğular bəsləyəcəkdir. Amma, həyatının hər bir anında hər bir hadisəni yaradanın Allah olduğunu unutmamalıdır.

Bu həqiqəti bilən müsəlmanların əxlaqı isə Quranda belə bildirilmişdir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!”(Tövbə Surəsi, 51)