Allahın möminləri inkarçıların planlarından qurtarması
Şübhəsiz ki, bütün tarix boyu təbliğat aparan mömin qruplarına şiddətlə qarşı çıxıb onlarla mübarizə aparanlar həmişə sayca möminlərdən çox olan və cəmiyyətin qabaqcılları tərəfindən idarə olunan inkarçı dəstələr olmuşdur. Bu, Allahın sünnəsidir və Quranda bildirildiyi kimi, Allahın sünnəsində dəyişiklik etmək mümkün deyil. Bu səbəbdən Quran ayələrinə dayanaraq möminlərlə inkarçılar arasındakı mübarizənin mərhələlərini və Allahın bunu nə ilə nəticələndirəcəyini öyrənə bilərik.
Əvvəlki fəsillərdə inkarçıların möminlərin təbliğatçılıq fəaliyyətinə qarşı çıxdığını, bunun səbəbinin də şeytanlarla qurduğu yaxın əlaqə olduğunu demişdik. Qabaqcılların möminləri hər növ təhdid etdiklərini, onları qorxutmağa, hətta öldürməyə çalışdıqlarını görmüşdük. İndi də möminlərin təbliğatçılıq fəaliyyətinə son qoymasına və sonra olanlar haqqında Quranda tərif edilənlərə nəzər salaq.
Bir mömin təbliğat apardığı insanın və ya qövmünün qəti şəkildə müsəlman olmayacağını anladıqdan sonra möminlərin üzərinə düşən iş inkarçı cəmiyyətdən uzaqlaşıb ayrılmaqdır. Bu mərhələyə gəldikdə Allah möminlərlə inkarçı qövmün arasını açacaq, möminləri rəhməti ilə onlardan ayıracaq və inkarçı qövmə layiq olduğu şeyləri göstərəcəkdir: inkarçılara Allahın şiddətli əzabı veriləcək və onlar həlak ediləcəkdir.
Allahın rəsullarını mürtəce inkarçıların əlindən necə qurtardığı bəzi ayələrdə belə anladılır:
"Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman: "Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdırlar" - dedilər. İbrahim dedi: "Orada Lut da var!" Onlar: "Biz orada kimin olduğunu yaxşı bilirik. Yalnız övrətindən başqa. O, əzab içində qalanlardan olacaq! - deyə cavab verdilər. Elçilərimiz Lutun yanına gəldikdə Lut onlara görə kədərləndi və ürəyi qısıldı. Onlar dedilər: "Qorxma və kədərlənmə. Biz səni və və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O, əzab içində qalanlardan olacaq!" ("Ənkəbut" surəsi, 31-33).
"Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət, qüvvət sahibidir!" ("Hud" surəsi, 66).
"Buna görə onlar yalançı hesab etdilər. Biz də onu və onunla bərabər gəmidə olanları xilas etdik. Ayələrmizi təkzib edənləri isə batırdıq. Onlar, həqiqətən, kor bir camaat idilər" ("Əraf" surəsi, 64).
Bu qurtuluşdan sonra şübhəsiz ki, bütün inkarçılar həlak edilmişlər:
"Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər" ("Tövbə" surəsi, 70).
Quranda söylənilən bir çox qövmün həlakı bu gün arxeoloji qazıntılar zamanı üzə çıxarılmışdır. Beləcə, Qurandakı ayələrin dünyadakı əksi görünmüş və ayələr "ibrət olma" xüsusiyyətlərini bir daha büruzə vermişdir. İndi Quranda bəhs edilən inkarçı qövmlərə necə əzablar veriləcəyini ayələrlə işıqlandıraq.
ALT-ÜST EDİLƏN LUT QÖVMÜ
Allahın elçisi Hz.Lutu yalançı çıxaran və yer üzündə ilk dəfə homoseksuallığı tətbiq edən azğın Hz.Lut qövmünə verilən əzab Quran ayələrinə görə belədir:
Göydən iyrənc bir əzab (güclü yağışsayağı daş yağdıran bir qasırğa) göndərilməsi, qövmlərinin kor edilməsi, qorxunc və dözülməz bir qışqırıq, yurdlarının alt-üst edilməsi, palçıqdan bişirilmiş və müəyyən bir şəklə salınmış, damğalanmış daş yağması...
FİRONUN HƏLAKI
Hz.Musaya qarşı mübarizə aparan Fironun və köməkçilərinin cəzası belədir:
Firon qövmünün dünya həyatında lənətlənməsi, qiyamət günündə isə çirkinləşdirilmiş olmaları, bağçalardan və bulaqlardan, xəzinələrdən və köklü yerlərindən çıxarılmaları, ordularının suda boğulmaları, illərlə davam edən quraqlıq və məhsul qıtlığı, iyrənc bir əzabın başlarına tökülməsi, ayrı-ayrı ayələr olaraq tufan, çəyirtkə, buğda güvəsi, qurbağa və qanın əl çəkməməsi, tikdikləri və tikməkdə olduqları (köşk və saraylarının) dağıdılması, əzabın baş alıb getməsi...
SƏMUD QÖVMÜNƏ GƏLƏN ƏZAB
Hz.Salehi yalançılıqda günahlandıran Səmud qövmünün cəzası belədir:
Qövmün tamamilə dağıdılması, məhv edilməsi, yurdlarının yerlə-yeksan edilməsi, uçmuş evlərin ibrət üçün saxlanılması, inanıl-maz bir səs nəticəsində dizi üstə çökmüş vəziyyətdə sabahı açmaları, dözülməz bir sarsıntıya düçar olmaları, bir fəryadla quru ot kimi olmaları, durduqları yerdə ildırım vurması...
NUH TUFANI
Hz.Nuhu yalançılıqda ittiham edərək ona böhtan atan və onunla birlikdə iman gətirənlərə əziyyət edən azğın qövm qorxunc bir tufan nəticəsində suda boğulmuş, bundan əvvəl də Quranın ifadəsi ilə desək, "qorxunc fəryadla bir toz yığını" olmuşdu.
AD QÖVMÜNÜN DÜÇAR OLDUĞU ŞİDDƏTLİ ƏZAB
Şiddətli və ağır bir əzab, qövmün kökünün qurudulması və onun süquta uğradılması.
MƏDYƏN QÖVMÜNÜ BÜRÜYƏN DÖZÜLMƏZ SƏS
Hz.Şüeybə düşmənçilik göstərən Mədyən xalqının cəzası isə budur:
Qövmün dözülməz bir səs tərəfindən bürünməsi və zülm edənlərin öz yurdlarında sanki heç rahatlıq içində yaşamamışlar kimi dizi üstə çökmüş olaraq sabahı açmaları, inanılmaz, amansız bir sarsıntı keçirməsi, "kölgəlik günün əzab"ının yaxalanması.
Bütün bunlar Allahın və dini inkar etmiş cəmiyyətlərin başına gəlmiş həqiqi hadisələrdir. Beləcə, əzaba düçar olmuş və yerlə-yeksan edilərək süquta uğramış bir çox mədəniyyətlərin qalıqları gələcək nəslə ibrət olması baxımından bu günədək qorunub saxlanılmışdır. Dünyanın müxtəlif yerlərinə səpələnmiş bu nümunələr möminlərə Quranda:
"Sizdən əvvəl bir çox vaqiələr olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!" ("Ali-İmran" surəsi, 137) ayəsi ilə xatırladılır.
Dinin hökmlərini yerinə yetirməyən, hətta həyata keçirməkdə ləng davranan hər kəs Ad və ya Mədyən qövmlərinin qarşılaşdıqlarının oxşarını yaşamaqdan qorxmalıdır.