Peyğəmbərlər

Rəsulların Allaha olan güclü imanları


Rəsulların Allaha olan güclü imanları

Bir insanın qüvvətli bir imana sahib olub-olmamasının bir çox göstəricisi var. İnsanın yaxşı və çətin günlərdə göstərdiyi reaksiyalar bu göstəricilərdən biri, bəlkə də ən mühümüdür. Əgər insan güclü bir imana malikdirsə, nə olursa olsun hadisələrə nəzarət edənin Allah olduğunu, Allahın möminlər üçün həmişə xeyir və gözəllik istəyəcəyini bilirsə, bu insanın təvəkkülü bir qədər də güclü olacaq. İstər çətinlik zamanı, istərsə də bolluq dövründə qövmlərin davranışı Quran əxlaqından uzaqlaşmayacaq. Allahla qurduğu güclü və yaxın əlaqə nəticəsində Onunla hər an bərabər olduğunu, bütün əməllərini gördüyünü, onu dəstəklədiyini biləcəkdir. Quranda nümunə göstərilən saleh möminlərin də bu xüsusiyyətlərə malik və Allaha ürəkdən bir sevgi, candan, səmimi bir hisslərlə bağlı olan rəsullar olduğunu görürük. İndi rəsulların və onların yolu ilə gedən möminlərin Allahla qurduğu yaxın əlaqəyə nəzər salaq:

                            Çətinliklər zamanı göstərilən təvəkkül

"O kəslər ki, xalq onlara: "Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!" - dedikdə, onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!"- deyə cavab verdilər" ("Ali-İmran" surəsi, 173).

Möminlər arasında Allaha ən yaxın, Onunla əlaqəsi ən güclü olanlar əlbəttə ki, rəsullardır. Dar günlərdə etdikləri təvəkkül buna sübutdur. "Şüəra" surəsinin 6162-ci ayələrində Hz.Musanın Fironun orduları ilə dəniz arasında qaldıqda göstərdiyi davranış buna gözəl bir nümunədir. Ətrafdakılar qorxu ilə "Artıq yaxalandıq" deyərkən Hz.Musa: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!" deyir. Budur, bu təvəkküllü hərəkətin və Allaha olan etibarın əvəzində də Allah bir möcüzə ilə Hz.Musanı və ətrafındakıları dənizdən keçirərək xilas etmişdir.
Digər gözəl bir nümunə də Peyğəmbərimizin (s.ə.v.) iman gətirənlərə ibrət olan həyatındandır:

"Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: "Qəm yemə, Allah bizimlədir!" - dediyi zaman göstərmişdi. O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!" ("Tövbə" surəsi, 40).

Üzərində durulacaq məqam Rəsulun (s.ə.v.) Allaha tam təvəkkül etməsindən sonra rahatlıq və etibarlılıq duyğusu göndərilməsi və görünməyən ordularla ona yardım edilməsidir. Həmçinin rəsullar yalnız Allaha təvəkkül etdiklərini və daxilən ona üz tutduqlarını, doğru olan yolları onlara göstərdiyini söyləmişdilər. Allah da "sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən" ("Nəml" surəsi, 79) şəklində buyuraraq rəsulları Ona təvəkkül etməyə dəvət etmişdir. Başqa bir ayədə Allah Peyğəmbərimizə (s.ə.v.) belə söyləməsini buyurur: "De ki: "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər" ("Tövbə" surəsi, 51). Bu mərtəbədə bir təvəkkül ancaq      Allaha olan səmimi bir imanla mümkündür.
Çətin vaxtlarda edilmiş təvəkkülün digər bir nümunəsi də "Yusif" surəsində keçir. 23-cü ayədə Hz.Yusifin evində qaldığı qa-dın onunla yaxınlıq etmək istəyində Hz.Yusif Allaha sığınmış, zindana atılma kimi təhdidlərə baxmayaraq qadının haram olan istəyini yerinə yetirməmişdir. 33-cü ayədə Hz.Yusifin verdiyi cavab rəsulların Allaha olan yaxınlığına dair gözəl bir dəlildir:

"Yusif dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər bu qadınların hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram!" ("Yusif" surəsi, 33).

Rəsulların mühüm xüsusiyyətləri hərəkətləri ilə ətraflarına və bütün insanlara nümunə olmalarıdır. Lazım gəldiyində çox qərarlı, sərt və güzəştsiz, bəzən isə sevgi və qayğı ilə zəngin bir davranış tərzi nümayiş etdirirlər. Beləcə, onlarla bir mühitdə yaşayan insanlar da bu hərəkət və davranışlardan təsirlənirlər. Həmçinin Fironun qarşısında çox güclü və qərarlı davranan Hz.Musa da sehrbazlara imkan vermiş, beləliklə, sehrbazlar iman gətirdikdən sonra onları işgəncə və ölümlə təhdid edən Firona "Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf dönəcəyik!" ("Şüəra" surəsi, 50) demişlər.
Hz.Eyyub da ağır xəstə olduğu vaxt Allaha səmimi dua etmiş, Allah da bunun əvəzində ona sağalmağın yolunu göstərmişdi:

"Bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!" Ona belə buyurduq: "Ayağınla yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur!"" ("Sad" surəsi, 41-42).

Bütün rəsullar qövmləri onları yalançılıqda ittiham edib böhtan atdığı, öldürməyə və sürgün etməyə çalışdığı zaman Allaha səmi-mi şəkildə dua edərək kömək istəmişdilər. Əlbəttə ki, rəsulların Al-lahla yaxınlıqları sadəcə "çətin vaxtlar"da deyildi. Onlar bütün mö-minlərə çox gözəl nümunə olaraq həyatlarının hər bir anında Allahla səmimi, yaxın bir dialoqa sahibdir. Məsələn, Hz.Süleyman ona göndərilmiş cins çapar atları sevən zaman "...Mən bu atları Rəbbimizin zikrindən dolayı sevirəm..." ("Sad" surəsi, 32) deyir. Kafirlər üçün "dünya həyatının müvəqqəti olan və onların azğınlığını artıran" nemətlər Hz.Süleymanın Allaha olan yaxınlığını artırır.
Hz.Süleymanın aşağıdakı duası isə bütün möminlər üçün səmimiyyətin bir nümunəsidir:

"...Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan bu-yurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı il görmək üçün ilham ver! Və məni öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et!" ("Nəml" surəsi, 19).

Quranda qarşımıza çıxan buna oxşar örnəklər rəsulların istər dar gündə, istərsə də rahat vaxtlarında Allahla əlaqələrinin kəsilmədiyini, bu yaxınlığın ətrafdakılara nümunə olacaq qədər açıq və təsirli olduğunu göstərir.

İxlas sahibi (səmimi) bəndələrin ruhi halları

İstər rəsullar, istərsə də onların ətrafındakı möminlər hər işlərində Allaha üz tutduqları və səmimi bir ürəklə Ona təslim olduqları üçün həmişə istəkli, həyəcanlı, coşğun bir görkəmə malikdir. Bu da çox dərin, hikmətli, acizliyini bilən, axirətə yönəlmiş bir görkəmdir. Bu, hər şeyi idarə edənin Allah olduğunu bilməkdən irəli gəlir. Hz.İbrahimin Quranda bildirilən aşağıdakı sözləri bu mövzuda mühümdür:

"Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək Odur! Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" ("Şuəra" surəsi, 77-82).

Hz. Musa da Rəbbi qarşısındakı acizliyini bilərək "Ey Rəbbim! Mən Sənin mənə nazil etdiyin xeyirə möhtacam!" ("Qəsəs" surəsi, 24) deyir.
Hz.Yusif də saleh bir mömin olan ata-anasını qarşılayanda onları bağrına basır, sonra da çıxarıb taxtında oturdur. Möminlərə, xüsusilə də onu ərsəyə çatdırmış ailəsinə bəslədiyi bu dərin hörmət onun Allaha olan yaxınlığının bir nümunəsi və əksidir.
Həmçinin möminlər də hər əməllərində Rəbbinə üz tutmağa, ixlas sahibi bir bəndə olmağa səy göstərirlər. Bunun üçün "...ayaq üstə olanda da, uzananda da Allahı xatırlar, göyləri və yerin yaradılması haqqında düşünərlər..." ("Ali-İmran" surəsi, 191).
Möminlərin Allaha qarşı göstərdikləri səmimiyyətlərini daha yaxşı başa düşmək üçün onları "əksləri" ilə müqayisə etmək yerinə düşərdi. Möminlər nə qədər səmimidirsə, münafiqlər də bir o qədər qeyri-səmimidir. Məsələn, münafiqlər mübarizədən qaçmaq üçün "evlərimiz açıq", "hava çox istidir", "gücümüz çatsaydı, mütləq səninlə birlikdə savaşa çıxardıq" kimi bəhanələr irəli sürürlər. Ancaq möminlər inkarçılarla elmi mübarizə aparmaq üçün adətən yarışırlar. Bu, "Tövbə" surəsinin 92-ci ayəsində belə anladılır:

 "Döyüşə getməyə minikdən ötrü yanına gəldikdə: "Sizin minməyiniz üçün bir heyvan tapmamışam" deyərkən sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə də heç bir günah yoxdur".
O möminlər səmimiyyətlərindən və Allaha olan güclü imanlarına görə Quran oxuduqları zaman "...üzü üstə səcdəyə qapanar" ("İsra" surəsi, 107). Allah onları "elmə çatmış kəslər" kimi səciyyələndirir. Bir başqa ayədə isə belə bildirilir:

"Onlar üzü üstə səcdəyə qapanıb ağlayar, onların itaətini daha da artırar" ("İsra" surəsi, 109).

Həmçinin "Maidə" surəsinin 83-cü ayəsində də "Peyğəmbərə nazil olan dinlədikləri zaman haqq bildikləri üçün gözlərinin yaşla dolduğunu görürsən. Onlar belə deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi şahid olanlarla bir yerdə yaz!" şəklində bildirilir.

Peyğəmbərlərin dualarındakı səmimiyyət

Həm saleh möminlər, həm də atalarının dininə uymuş insan-lar, şirk qoşanlar və bəziləri bir çox səbəbdən Allaha dua edər. İnanmayanların duaları ya dar və sıxıntılı günlərdən qurtarmaq, ya da yaşadıqları dünya həyatında bir az da var-dövlət, sərvət sahibi olmaq üçündür. Allahı yalnız çətin günlərdə xatırlayanlardan Quranda belə deyilir:

"İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş çıxıb gedər. Həddi aşanlara əməllər beləcə yaxşı göstərildi" ("Yunus" surəsi, 12).

Sadəcə olaraq dünya həyatı üçün dua edənlərdən belə bəhs olunur:

"Biz axirət qazancını istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur" ("Şura" surəsi, 20).

"Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: "Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!" - deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!" ("Bəqərə" surəsi, 200).
Ancaq rəsulların və möminlərin duaları tamamilə axirətlə bağlı olan, nəfslərini düşünməyən, acizliyini bilən səmimi dualardır. Möminlər qiyamət günü alçaldılanlardan olmamaq, o gün cavabını verə bilməyəcəkləri şeyləri etmək və onlara sonsuz cəhənnəm əzabından qurtaracaq əməlləri ilham etməsi üçün Allaha dua edərlər. Bunlar axirətə bağlı dualardır. Allahdan istədikləri günahların və xataların bağışlanması, tövbələrinin qəbul edilməsi, qorunmaq və mərhəmətdir.
Hz.Adəm şeytana uyaraq etdiyi səhvi anladığı zaman Allaha belə dua edir: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki, ziyana uğrayanlardan olarıq" ("Əraf" surəsi, 23). Hz.Nuh isə Allahın hökmünə itaət etməyən oğlu üçün Allahdan əfv diləmiş, ancaq Allah bunun səhv olduğunu ona göstərdikdə  tez dua etmiş və "...Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram" ("Hud" surəsi, 47) demişdir. Bu ifadələr bütün möminlərə örnək olan, xətalarında israr etməyən, acizliyinin fərqində olan son dərəcə səmimi möminlərə aid ifadələrdir.
Başqa bir gözəl örnək isə Quranda rəbbanilərin (dində dərin bir qavrayışa sahib olanların) dilindən bildirilir:

"Onların: "Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!" - deməkdən başqa sözləri olmamışdır" ("Ali-İmran" surəsi, 147).

Rəsullar Allaha olan yaxın dostluq və səmimiyyətlərinin açıqca hiss edildiyi digər dualarında insanların dirildiləcəkləri gün təhqir olunmamaq, alçaldılmamaq, cəhənnəm əzabından qorunmaq, nemətlərlə dolu cənnətin mirasçılarından olmaq və hesab günü bütün möminlərin bağışlanması üçün Allaha yalvarırlar.
Ancaq rəsulların duaları əlbəttə ki, yalnız axirətdən ibarət deyil. Onlar öz Rəbbinə dünyada gözəl bir həyat, inkarçıların əzabla cəzalandırılması və inkarçılardan uzaq olmaq üçün də dua edirlər.
Hz.İbrahimin ona dünyada gözəl bir həyat verməsi üçün Allaha etdiyi səmimi dua belədir:

"Yadına sal ki, İbrahim; "Ey Rəbbim, buranı bəladan asudə bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!" - deyə dua etdikdə, O: "Kafir olanlara da bir qədər ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora nə fəna bir yerdir!" - deyə buyurdu" ("Bəqərə" surəsi, 126).

Bir qədər əvvəl də dediyimiz kimi, inkarçılar da Allaha dua edir. Ancaq onların duası sadəcə olaraq bu dünya həyatına bağlıdır. Allahın bunları yararlandırması da dünya həyatında da əzab çəkmələri və inkarlarına inkar qatarkən canlarının alınması üçündür. Bunun əksinə olaraq möminlərin dünya həyatı üçün etdiyi dualar əslində axirətə yönəlib. Yuxarıdakı ayədə Hz.İbrahim içində olduğu şəhərin möminlər üçün təhlükəsiz bir yer olması üçün Allaha dua edir. Beləliklə, möminlər burada yerləşib öz təbliğatını apara biləcək, Allaha və axirət gününə inanmaları səbəbi ilə də nemətlərə qovuşacaqlar.
Hz.Nuh da qövmünə təbliğat apararkən Allahdan bağışlanma diləmələrinin onlara qazandıracaqlarını belə bildirir:

"Və dedim: "Tövbə edib Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!" ("Nuh" surəsi, 10-12).

Şübhəsiz ki, Hz.Nuhun öz qövmünə Allahın nemətlərini sayması onların şövqünü və Allaha olan yaxınlığını artırmaq və onları hərəkətə gətirmək üçündür.

Allahın şəninin yüksəldilməsi

"Və de: "Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!" Və Allahı uca tut!" ("İsra" surəsi, 111).

Allahla yaxın və sıx əlaqə qurmağın bir yolu da heç şübhəsiz ki, Onu tez-tez anmaq, xatırlamaq və yüksəltməkdir. Allahın qüdrətinin heç bir şeyə çatdığını, hər şeyə nəzarət etdiyini bilən möminlər bu qüdrət qarşısında sevgi qarışıq qorxu  duyurlar. Allahın əzəmətindən və müdrikliyindən qaynaqlanan heyranlıq dolu bir qorxudur bu. Və bütün üstün güc qarşısında acizliklərini bilirlər və Onu ayənin ifadəsi ilə desək, "təkbir edə bildikləri qədər təkbir edirlər".
Möminləri digər insanlardan ayıran başlıca xüsusiyyətlərdən biri həmişə Allahı düşünmələri və Onu xatırlamalarıdır. Məhz Allahla qurduqları yaxın əlaqənin qaynağı elə budur. Onu düşündükləri vaxt istifadə etdikləri bir ifadə Quranda belə bildirilir:

"O kəslər ki, ayaq üstündə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından Özün qoru!" ("Ali-İmran" surəsi, 191).

Ayədən də açıq göründüyü kimi, dünyada həqiqi mənada düşünən ağıllı insanlar olan möminlər təvəkkülləri nəticəsində Allahın ucalığını və gücünü hiss edirlər. Bunun da nəticəsi Allahın şənini yüksəltmək və Onu təkbir etməkdir. Həmçinin möminlər dualarında belə yalvarırlar:

"Ey Rəbbimiz! Bizi kafirlərin əlinə salma! Bizi bağışla. Həqiqətən, Sən yenilməz qüvvət və hikmət sahibisən!" ("Mumtəhinə" surəsi, 5).

Eyni şəkildə Hz.Musa da Allahın ayəsini görəndə "...Sən pak və müqədəssən Rəbbim..." ("Əraf" surəsi, 143) demiş, Hz.İbrahim də qövmünə təbliğat apararkən "...Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir..." ("Ənam" surəsi, 80) deyərək başlıca vəzifələri olan Allahın şəninin yüksəldilməsini təbii və daxildən gələn bir hərəkət olaraq icra etmişdilər.
Buna bənzər bir ifadə Hz.Şüeyb tərəfindən də bu şəkildə təkrarlanmışdır:

"Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elmi ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişmik..." ("Əraf", surəsi, 89).

Quran bizə rəsulların və möminlərin Allahla sıx münasibətdə olmasının davranışlarından, Allahı xatırlamalarından və Onun şənini yüksəltmələrindən qaynaqlandığını bildirmişdir. Yuxarıda verdiyimiz nümunələrdən başqa Quranda rəsulların və möminlərin Allaha səmimi xitabları ilə bağlı bir çox örnəklər var. Bunlardan bəziləri belədir:

"...Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında ola bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!" ("Maidə" surəsi, 116).

"Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!" ("Hud" surəsi, 47).

"Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!" ("Yusif" surəsi, 101).

"Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz!" ("İbrahim" surəsi, 38).

"Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!" ("Sad" surəsi, 35).

Bəs Allah rəsulların və möminlərin bütün bu səmimiyyətinə qarşılıq olaraq necə mükafat verir? Əslində bu mükafatı tək bir cümlə ilə yekunlaşdırmaq mümkündür: Allahın rizası, mərhəməti və cənnəti... Nəticədə Allah möminlərdən, onlar da Allahdan razı olacaq. Yaxşılıq və səbir edənlərin mükafatı qiyamət günü alçaldılmamaları və əməllərinin əvəzi olaraq mirasçısı olduqları cənnətə düşmələri olacaq... Onlara heç bir əziyyət verilmədən, istədikləri bütün nemətlər arasında, gözlərinin həzz aldığı və nəfslərinin arzu etdiyi hər şeyin içində əbədi olaraq qalacaqlar... Bu, qorxub qorunanların xoşbəxt aqibəti və əbədi qurtuluşudur.