Hz. Süleymana atılan böhtan
Quranda da bildirildiyi kimi, hz. Süleyman çox böyük bir mal-mülkün və sərvətin sahibi olmuşdur. Allah Quranda hz. Süleymanın sahib olduğu sərvət və hakimiyyətlə bağlı bir çox məlumatlar vermişdir. Hz. Süleyman isə bütün bu sərvəti və zənginliyi Allah`ı zikr etmək üçün istəmiş və sahib olduqlarının hamısının Allah`ın bir lütfü olduğunu bilərək Rəbbinə şükür etmişdi.
“Bəqərə” surəsində Allah`ın kitabını yalanlamağa çalışanların hz. Süleymanın sahib olduğu mülk haqqında şeytanların söylədiklərinə inanması bildirilir. Mövzu ilə bağlı ayə belədir:
Allah tərəfindən onlara əllərindəkini təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allah`ın kitabına arxa çevirdi. Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar inkar etdilər... (Bəqərə surəsi, 101-102)
İnkarçılar, böhtançılar və möminlər əleyhinə fitnə-fəsad törətmək istəyənlər isə hz. Süleymanın mülkü əleyhinə də yalanlar hazırlamışdılar. Hz. Süleymanın mal-mülkü əleyhinə iftira söyləyənlərlə bağlı Quranda heç bir detal verilməyib. Ancaq bir çox tarixi qaynaqlarda hz. Süleymanın zənginliyə uyub həyatını əxlaqsızlıq içində yaşaması yönündə bəzi dedi-qoduların yayıldığı bildirilir. Əgər hz. Süleyman əleyhinə belə bir şayiə çıxarılmışsa, bu, böyük bir yalan və böhtandır. Çünki yuxarıda da bildirildiyi kimi, hz. Süleyman zənginliyin Allah tərəfindən verilən bir nemət olduğunu bilən və hər an Allah`a ona verdiyi nemətlər üçün şükür edən saleh bir peyğəmbərdir. O, öz zənginlik və gücündən isə həmişə Allah rizasına uyğun şəkildə istifadə etmişdir.
Bəzi insanların hz. Süleymanın davranışı haqqında əsassız dəlillərlə ortaya çıxmasının əsl səbəbi məhz dinə olan düşmənçilikdir. Möminləri, xüsusilə Allah`ın elçilərini inanc baxımından zəif, əxlaqsız insan və əyləncə həvəskarı kimi göstərmək, onların namusu ilə bağlı şübhə oyatmaq böhtançıların tez-tez istifadə etdiyi bir yoldur. Beləliklə, böhtançılar insanların elçilərə və möminlərə güvənməsini və onları dinləməsini əngəlləməyə çalışırlar. Ancaq Allah inkarçıların bu planlarını həmişə pozmuş, iman gətirənləri hər cür böhtandan təmizləmişdir. Müsəlmanlar həmçinin inkarçıların onlara atdığı böhtanların müqabilində səbir edərək, Allah`a olan təvəkkül və itaətlərini hər cür şərtlər çərçivəsində göstərərək axirətdəki dərəcələrini artırmışlar. İnkarçıların onlara zərər vermək üçün əl atdığı bütün cəhdlər boşa çıxmış və bütün bunlar möminlərin əbədi gözəllik və nemətlərlə mükafatlandırılmasına vəsilə olmuşdur.