Peyğəmbərlər

Hz. İbrahim


Hz. İbrahim

Hz. İbrahim Allah`ın Quranda bir çox mövzuda nümunə göstərdiyi peyğəmbərdir. Son dərəcə güclü imana sahib olması, Allah`a çox böyük təvəkkülünün olması və cəsarətlə inkarçılara qarşı mübarizə aparması hz. İbrahimin əhəmiyyətli xüsusiyyətlərindəndir. Allah bir ayəsində hz. İbrahimin özünün bir ümmət (Nəhl surəsi, 120) olduğundan bəhs etmişdir. Bu, bütün müsəlmanlara nümunədir. Hər müsəlman hz. İbrahimi özünə nümunə götürərək öz-özlüyündə ümmət ola bilməli, yəni tək qalsa belə, Quranı yaşayan, həmçinin insanlara da yaşadan iman, cəsarət və qərarlılığa sahib olmalıdır.

Hz. İbrahimin Allah qorxusundan qaynaqlanan güclü ağılla birləşən cəsarəti bir çox ayədə nümunə verilmişdir. Quranda keçən bir qissədə İbrahim Peyğəmbərin bütlərə sitayiş edən inkarçılara qarşı göstərdiyi cəsarətdən belə bəhs edilir:

Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi. Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz? Allah`ı qoyub yalançı tanrılarımı istəyirsiniz? Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (İbrahim) ulduzlara bir nəzər saldı. Və dedi: “Mən xəstəyəm!” Ondan üz çevirib getdilər. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib dedi: “Məgər yeməyəcəksiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi. (Saffat surəsi, 83-93)

Ayələrdə gördüyümüz kimi, hz. İbrahim tək olmasına baxmayaraq, bütün qövmə qarşı çıxmış və bütlərin ilah olmadığını, əksinə, insanların taxtadan yonub hazırladığı əşyalar olduğunu çox ağıllı şəkildə izah etmişdir. İnkarçılar bu zamana kimi bütlərə qarşı çıxan heç kimlə rastlaşmadıqları üçün çox qəzəblənmiş, onu cəzalandırmaq istəmişdir:

(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi. (İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki, sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, özünü də oda atın!” Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil bir vəziyyətə saldıq. (İbrahim) dedi: “Mən Rəbbimə doğru gedirəm. O, mənə doğru yolu mütləq göstərəcəkdir!” (Saffat surəsi, 94-99)

Hz. İbrahim xalqın qəzəbinə və düşmənçiliyinə baxmayaraq, Allah`ın varlığından və birliyindən bəhs etməyə davam etmiş, öhdəsinə düşən təbliğ vəzifəsini böyük cəsarətlə yerinə yetirmişdir. Bütün varlıqların, şiddətlə özünə qarşı çıxan qövmü də daxil olmaqla, bütün insanların Allah`ın nəzarətində olduğunu bilərək Rəbbimizə güvənmiş və gözəl əxlaq nümayiş etdirmişdir. Qövmün öndərləri bütün bunlardan narahat olmuş, onu oda atmaq istəmişlər. Ancaq Allah möcüzə yaradaraq onu oddan qorumuşdur. Bu, Allah`ın Öz yolunda qorxmadan mübarizə aparan qullarına etdiyi kömək vədinin sübutudur.

Hz. İbrahimin Allah`a olan bağlılığı və göstərdiyi cəsarət başqa ayələrdə də bu cür təsvir edilmişdir:

Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız? Allah`ın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! (Ənam surəsi, 80-82)