MÜNAFİQLƏR

Münafiqlər təkəbbürlüdürlər


Münafiqlər təkəbbürlüdürlər

Bir möminin əsas xüsusiyyətlərindən biri təvazökar olması, hər zaman səhv edə biləcəyini qəbul etməsi və ona verilən öyüd və xəbərdarlıqlara da dərhal təslim olmasıdır. Münafiqlər isə çox qürurlu və özünü bəyənmiş bir əxlaqa sahibdirlər. Onlara veriləcək heç bir öyüdü dinləməz, səhv etdiklərini qəbul etməzlər. Çox ağıllı olduqlarını, hər şeyin ən yaxşısını bildiklərini zənn edirlər. Üstəlik, Allah'ın saleh qulu olduqlarını iddia edirlər. Peyğəmbərimiz (s.ə.v.) dövründəki münafiqlərin Peyğəmbərimizin (s.ə.v.) özləri üçün bağışlanma diləmələrini qəbul etməmələri münafiqlərin sahib olduqları qürurun ən bariz nümunəsidir:

Onlara: "Gəlin Allah'ın Elçisi sizin üçün bağışlanma diləsin!"– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən.
(Münafiqun surəsi, 5)

Müsəlmanlar qəlblərində xəstəlik olan bu şəxsləri səmimi mömin olmağa dəvət edib onlara Allah'ın ayələrini xatırlatdıqları zaman münafiqlərin göstərdikləri rəftarlardan da qürurlarına təslim olduqları aydın olur. Özlərinin qüsursuzluğuna inanır, insani səhvləri belə özlərinə yaraşdırmırlar. Allah ayələrdə qürurlarına təslim olmalarının nəticəsindən belə bəhs edir:

Ona: "Allah'dan qorx!"– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!
(Bəqərə surəsi, 206)

Çünki onlara: "Allah'dan başqa (ibadətə layiq olan) məbud yoxdur!"– deyildikdə təkəbbür göstərirdilər.
(Saffat surəsi, 35)

Özlərini bütün səhvlərdən, əksikliklərdən uzaq gördükləri üçün sahib olduqları əxlaq pozuqluqlarının, etdikləri pisliklərin axirətdə necə bir qarşılığı ola biləcəyini düşünmürlər. Münafiqlərin xarakterik xüsusiyyəti olan qürur onları sonsuz əzab içində buraxır. Möminlər davamlı olaraq səhvlərini düzəldib, əskiklərini aradan qaldırıb özlərini inkişaf etdirərkən, münafiqlər bu saxtakar həyatın içinə daha da batırlar. Edilən xatırlatma və tövsiyələrdən də faydalana bilmirlər. Allah bu cür bir təkəbbürün nəticəsini belə bildirir:

Xeyr; həqiqətən insan, həddini aşır. Özünü ehtiyacsız zənn etdiyinə görə.
(Ələq surəsi, 6-7)

Eyni zamanda Quran ayələrini oxuyarkən də izah edilənləri həmişə kənar şəxslərdən bəhs edilirmiş kimi izah edirlər. Başqa sözlə, öyüd alınması lazım olan mövzuları, ibrət mövzusu olan hekayələrin hikmətlərini qavraya bilmirlər. Quranı davamlı oxuduqları halda, ölümü, axirəti, cəhənnəmi özlərindən çox uzaq görürlər. Əslində yaxşı niyyətli olduqlarını və buna görə də hər hansı bir şəkildə cəzalandırılmayacaqlarını düşünürlər.

Münafiqlər qürurlu olduqları üçün möminləri də özlərindən aşağı görürlər. Sahib olduqları hər hansı bir xüsusiyyət - zənginlik, şöhrət, mövqe, gözəllik onları qürurlandırır və bu xüsusiyyətə sahib olmayan bir mömini özlərindən aşağı görürlər. Halbuki, üstünlük ancaq təqva ilədir. Möminlər bu cür dünyəvi meyarlara önəm vermir, insanları pul, şöhrət, fiziki gözəllik kimi xüsusiyyətlərə görə deyil, imanlarına görə sevib hörmət edirlər. Bu səbəbdən bu cür xüsusiyyətlərinə görə qürurlanan şəxslər, mömin birliyi içində dərhal sezilir və alçalırlar.