MÖMİNLƏR

Möminlər tam yəqinliklə iman gətirər


Möminlər tam yəqinliklə iman gətirər

Bir insan əlini alova uzatdığında yanacağını bilir, bundan heç bir şübhəsi yoxdur. "Görəsən, həqiqətən əlim yanarmı?"- kimi bir düşüncəyə qapılmır. Odun əlini yandıracağından tam əmindir. Bir Quran ayəsində qəti imandan belə bəhs edilir:

Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)

Qəti iman insanın heç bir şübhə duymadan Allah`ın varlığına, təkliyinə, qiyamət gününə, cənnətə və cəhənnəmə iman gətirməsi deməkdir. Qəti bilgiyə əsaslanan iman, insanın hər hərəkətini, həyatının hər anını yalnız Allah`ı razı edəcək şəkildə keçirən bir vicdana yönəldir.

İnsanların həqiqi xoşbəxtliyi əldə edə bilmələrinin tək yolu Allah`a iman gətirməkdir. Bu həqiqət Quranda "... Bilin ki, qəlblər yalnız Allah`ı zikr etməklə aram tapar." (Rad surəsi, 28) ayəsi ilə xəbər verilir. Yaşanılan bədbəxtlikdən və sıxıntılardan ancaq Allah`ın rəhməti və qulları üzərindəki mərhəməti qavranıldığı və iman əxlaqı yaşanıldığı təqdirdə xilas oluna bilər. Dünya həyatından ancaq bu şəkildə həqiqi mənada zövq alına bilər, ancaq bu yolla gözəlliklərin dəyəri ola bilər.

"… Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır…" (Nəhl surəsi, 30)

 

"…Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi…" (Ali İmran surəsi, 148)

Ayələrdə xatırladıldığı kimi Allah gözəl həyatı ancaq iman gətirənlərə yaşadır.

Kafir olanlar üçün isə Allah`ın bir ayədə "Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" (Taha surəsi, 124) ifadə etdiyi kimi çətin bir həyat var.

Bu insanlar iman gətirməsələr heç cür bu çətin həyatdan xilas ola bilməz, heç bir yolla həqiqi xoşbəxtliyi əldə edə bilməzlər. Maddi mənada çox böyük imkanlara sahib olsalar belə, bunlardan lazımınca zövq ala bilməzlər, bu nemətlərin sevincini tam olaraq yaşaya bilməzlər.

Çünki gözəlliklərdən zövq almaq üçün insan bu gözəllikləri təqdir edə biləcək bir anlayışa sahib olmalıdır. Məsələn, bir qərənfil ləçəklərinin qüsursuz düzülüşünün, qoxusunun, yumşaqlığının böyük nemət olaraq var edildiyini anlamalıdır. Bunu tam mənası ilə anlaya bilən insanlar isə yalnız iman sahibləridir.

Möminlər qeybə iman gətirərlər

Uca Allah'ın "...Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!..." (Bəqərə surəsi, 32 ) ayəsində bildirdiyi kimi, hər mövzuda məlumat sahibi olan uca Rəbbimizdir. Qullarına məlumatının istədiyi qədərini açan Allah'ın sonsuz elminin vacib nümunələrindən biri qeyb xəbərləridir. Bütün həyatlarını Allah'ın rizası üçün yaşayan möminlərin ən vacib xüsusiyyətlərindən biri də, Rəbbimizin Quranda bildirdiyi və Peyğəmbərimizə (s.ə.v) vəhy etdiyi bu qeyb xəbərlərinə olan səmimi imanlarıdır. Sonsuz elm sahibi olan uca Allah, Quranın bir çox ayəsində qeybi bilənin yalnız Özü olduğunu bildirir. Bu ayələrdən biri belədir:

(Allah) dedi: "Ey Adəm, bunların adlarını onlara bildir!" O, bunların adlarını onlara bildirdikdə (Allah) dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?" (Bəqərə surəsi, 33)

Qeybə aid məlumatların, əsasən, gələcəyə aid bilinməyən məlumatlar olduğu düşünülür. Lakin qeyb həm keçmiş, həm də gələcəyə aid məlumatları əhatə edir. Keçmişdə yaşananlar da, gələcəkdə yaşanacaq olanlar da Allah qatında gizli saxlanılan məlumatlardır. Ancaq Allah öz qatında olan qeyb xəbərlərinin bəzilərini elçiləri vasitəsilə insanlara çatdırır. Məsələn, uca Allah bəzi Quran ayələrində keçmişlə bağlı xəbərlər verir, Peyğəmbərimizə bunların qeyb xəbəri olduğunu belə bildirir:

Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin ümmətin bilirdi. Səbir et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir. (Hud surəsi, 49)

Ayələrdə də bildirildiyi kimi, uca Allah Peyğəmbərimizə (s.ə.v) hələ yaşanmamış bəzi hadisələr haqqında da xəbər vermişdir ki, bunlar gələcəyə aid qeyb xəbərlərindəndir. Məsələn, Məkkənin fəthi (Fətih surəsi, 27) və Rumların bütpərəstlərə qarşı qələbəsi (Rum surəsi, 3-4) kimi hadisələr hələ yaşanmamışdan əvvəl Peyğəmbərimizə (s.ə.v) bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v) qiyamət əlamətləri, axırzaman kimi mövzulardakı hədisləri də hər şeyi bilən Rəbbimizin bildirdiyi qeyb xəbərləridir.

Quranda peyğəmbərlərə və digər saleh möminlərə də qeybə aid məlumatlar verildiyi bildirilir. Məsələn, hz.Yusufa qardaşlarının tələlərinin puç olacağı xəbər verilmiş (Yusuf surəsi, 15), hz. Musanın anasına suya buraxdığı uşağının yaşayacağı və peyğəmbər olacağı bildirilmişdir (Qəsəs surəsi, 7).

Qısaca, bizim keçmiş və gələcək kimi adlandırdığımız hadisə və məlumatların hamısı Allah qatında gizli saxlanan qeyb xəbərlərindəndir. Hər şeyi əhatə edən Allah, dilədiyi zaman dilədiyi kəsə bu xəbərlərdən bəzilərini verərək qeybin bir qismini insanlara bildirir .

Qeybə iman gətirmək mömin vəsfidir

Uca Allah'ın qullarına hidayət rəhbəri və öyüd olaraq endirdiyi Qurani-kərimdə möminlərin ən bariz xüsusiyyətlərindən biri belə bildirilmişdir:

O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. (Bəqərə surəsi, 3-5)

Ayələrdə xilas olanların ancaq bu sadalanan xüsusiyyətlərə sahib olan möminlər olacağı bildirilmişdir. Bu xüsusiyyətlərin ən başında isə qeybə iman durur. Allah'ın idarəsində olduqlarını bilən möminlər kainatda insanların tam olaraq qavraya bilmədiyi başqa həqiqətlərin də olduğunun şüurundadırlar. Hər insan ancaq Allah'ın izn verdiyi müəyyən şeyləri görə bilər, eşidə bilər, anlaya bilər, qavraya bilər. Bu acizliklərin fərqində olan və Allah`a qəlbən iman gətirən möminlər, Allah`ın Quranda özləri üçün qeyb olduğunu bildirdiyi həqiqətlərə könüldən iman gətirərlər.

Özlərinə xüsusi elm verilənlər

Allah'ın özlərinə xüsusi elm verdiyi şəxslər, bu elm sayəsində Allah'ın izni ilə keçmişdən və gələcəkdən xəbər verə bilir, yaşanan hadisələrin batini yönünü görür, bunlardan fərqli nəticələr çıxara bilirlər. Məsələn, hz. Musanın elm öyrətməsi üçün tabe olduğu şəxs bunlardan biridir. Hz. Hızır olduğu qəbul edilən bu şəxs Allah'ın bildirməsi ilə hadisələrin batini yönünü və necə cərəyan edəcəyini biləcək elmə malikdir. Bu səbəbdən, baş verəcək hadisələrə görə əvvəlcədən tədbir ala bilir. Uca Allah'ın qədərdə təyin etdiyi bu tədbirlər, kənardan baxan və bu elmin şüurunda olmayan biri üçün heyrətamizdir.

Hz. Muhəmməd (s.ə.v) də Allah'ın izni ilə qeybdən və gələcəyə dair bir çox xəbər vermişdir. Axırzamana dair verdiyi xəbərlər, meydana gələcəyini söylədiyi hadisələr indiki vaxtda bir-bir baş verir.

Quranda bildirildiyi kimi, hz. Yusuf da yaşanacaq hadisələri əvvəlcədən bilir, yuxuları şərh edərək (Yusuf Surəsi, 21) meydana gələcək hadisələrdən xəbər verirdi.

Hz. Süleymana isə bəzi canlıların danışıq dili öyrədilmiş, quşlar, şeytanlar və küləklər onun əmrinə verilmişdir. (Sad Surəsi, 36-38) Rəbbimiz, özlərinə xüsusi elm verilən elçileri ilə əlaqədar olaraq ayələrdə belə buyurur:

O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz, razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur... (Cin surəsi, 26-27)

Cinlər qeybi bilməz

Bəzi insanlar cinlərin qeybi bildiyinə dair yanlış inanca sahibdirlər. Ancaq qeyb mövzusunda cinlər də eynilə insanlar kimi Allah'ın bildirdiyindən başqa hər hansı bir məlumata sahib deyildir. Qeybə dair söylədikləri isə bir zənn və təxmindən ibarətdir. Necə ki, əmrindəki cinlərin yerə yıxılana qədər hz. Süleymanın öldüyünü belə bilməmələri bu mövzudakı ən açıq dəlillərdən biridir. Quranda bu vəziyyət belə bildirilmişdir:

(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü (cinlərə) ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. (Süleyman) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar. (Səba surəsi, 14)

Quranda kəhanət qadağan edilmişdir

Gələcəkdən və ya keçmişdən xəbər verdiyini iddia edən kahinlər və falçıların da qeybi bilmələri mümkün deyil. İman etməyən cinlərlə əməkdaşlıq halında olan bu şəxslər zənn və təxminlə yalan söyləyirlər. Bu cəfəngiyat Allah inancı zəif olan bəzi insanlar üzərində təsirli ola bilər. Hər şeyin qədərdə müəyyən edildiyini bilməyən bu insanlar qorxu və narahatlıq keçirir, tədbir almaq məqsədilə ağıl və məntiqdən kənar hərəkətlər edərək şeytanın oyununa gəlirlər.

Əvvəl də ifadə etdiyimiz kimi, qeybi yalnız uca Allah və Onun istəyi ilə elm verdiyi şəxslər bilərlər. Falçılıqla gələcəyə və keçmişə dair məlumatlar əldə edib bunlara görə hərəkət etməyin azğın və pis əxlaq xüsusiyyətlərindən olduğu bir ayədə belə bildirilmişdir:

Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Maidə surəsi, 90)

Allah`ın yaratdığı qədər qüsursuzdur

Sonsuz elm sahibi olan uca Rəbbimiz kainatdakı bütün varlıqları qədər üzrə yaratmışdır. Allah'ın yaratdığı qədər qüsursuzdur. Möminlər də özləri üçün qeyb olan qədərə inanır və Allah`ın onu ən mükəmməl şəkildə yaratdığını, nəticədə özləri üçün ən gözəl və ən xeyirli olanın baş verəcəyini bilirlər. Allah iman edən qulları üçün ən gözəl aqibət olan cənnəti vəd etmişdir. Quran ayələrində belə bildirilir.
 

Ancaq (Allah'a) tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar. (Bu Cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 60-61)