Quranda bütün peyğəmbərlər təriflənir, müsəlmanlar hz. Musa (əs) və hz. İsanı (əs) qəlbən sevirlər
Allah tarixin hər dövründə Öz vəhyini insanlara elçiləri vasitəsilə çatdırmışdır. Peyğəmbərlər Allah qatında seçilən və Rəbbimiz tərəfindən nemət verilən mübarək insanlardır. Üstün əxlaqı ilə bütün insanlara nümunə göndərilən peyğəmbərlər göndərildikləri cəmiyyətlərə Allah’ın dinini izah etmiş, onları pisliklərdən çəkindirərək yaxşılığı əmr etmiş, insanların imanına vəsilə olmuşlar. Quranda bir çox ayədə keçmişdə yaşayan cəmiyyətlərdən və bu cəmiyyətlərə göndərilən peyğəmbərlərin həyatından nümunələr verilir. Quranda bildirilən peyğəmbər hekayələrində bu mübarək insanların Allah’ın varlığını və dinini təbliğ etmələri, inkar edənlərə qarşı apardıqları fikri mübarizə, təbliğ etdikləri insanların münasibəti ətraflı izah edilmiş və elçilərin göstərdiyi səbir, fədakarlıq, səmimiyyət, insaniyyət kimi üstün əxlaq xüsusiyyətləri bütün inananlara nümunə göstərilmişdir. Bütün peyğəmbərlərin Rəbbimizin seçdiyi müqəddəs insanlar olduğunun şüurunda olan müsəlmanlar da onlara iman gətirirlər. Allah Quranda hz. Nuha (əs) və hz. İbrahimə (əs) vəhy etdiyi dini hz. Musaya (əs), hz. İsaya (əs) və hz. Muhəmmədə (səv) də vəhy etdiyini bildirmişdir:
(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)
Müsəlmanlar “...” Biz Allah’a, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136) ayəsində buyurulduğu kimi, bütün peyğəmbərlərə iman gətirir, hamısını dərin sevgi ilə sevir və bu müqəddəs insanların həyatını və əxlaqını tərifləyərək xatırlayırlar.
Peyğəmbərlər qövmlərinə Rəbbimizin qatındakı haqq dini təbliğ etmiş, onları bir və tək olan Allah’a iman gətirməyə çağırmış, axirət günü ilə xəbərdar edib qorxutmuşlar. Müsəlmanların nümunə götürəcəyi və hörmətlə xatırlayacağı peyğəmbərlər üstün əxlaqlı, dərin imanlı mübarək insanlardır. Allah’ın Quranda bu mübarək insanları təriflədiyi kimi, müsəlmanlar da hz. Muhəmmədlə (səv) yanaşı, hz. İsanın (əs), hz. Musanın (əs), hz. Yaqubun (əs), hz. Nuhun (əs), hz. Yusifin (əs), hz. İbrahimin (əs), hz. İlyasın (əs), hz. Şüeybin (əs), hz. Lutun (əs) və digər peyğəmbərlərin nümunəvi əxlaqını və imanını şövq və həyəcanla tərifləməlidirlər. Bu, Allah’ın Quranda təriflədiyi ibadətdir. Bütün peyğəmbərlərin həyatında möminlərin düşünüb nümunə götürməsi üçün hikmətlər vardır. Bu hikmətlərə etinasız yanaşmaq, ya da düşünməmək səmimi müsəlmanlara yaraşmaz. Əlbəttə, Allah’a və axirət gününə iman gətirən saleh müsəlmanlar üçün “Əhzab” surəsinin 21-ci ayəsində buyurulduğu kimi, Allah’ın elçisi hz. Muhəmməddə (səv) ən gözəl nümunələr vardır. Lakin saleh müsəlman üçün Peyğəmbərimizin (səv) əxlaqına yiyələnmək nə qədər əhəmiyyətlidirsə, digər peyğəmbərlərimizin əxlaqını götürmək və onlar kimi Allah’ın razı olduğu insanlardan olmaq da o qədər əhəmiyyətlidir.
Allah Quranda hz. Musa (əs) və hz. Harunun (əs) Öz qatında xeyirli və şərəfli, mübarək insanlar olduğunu belə bildirmişdir: Biz Musa ilə Haruna da nemət bəxş etdik. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq. Onlara kömək göstərdik və qalib gəldilər. Hər ikisinə aydın bir kitab verdik. Hər ikisini də doğru yola yönəltdik. Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq. Musaya və Haruna salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır. (Saffat surəsi, 114-122)
Allah hz. Musanı (əs) fironun əsarəti altında olan İsrail oğullarına elçi göndərmiş və ona “Ənam” surəsinin 154-cü ayəsində bildirdiyi kimi: “yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yolu göstərən bir rəhbər və mərhəmət olaraq...” kitabı vermişdir. Hz. Musaya (əs) seçildiyinin vəhy edilməsi Quranda belə bildirilir:
Musanın əhvalatı sənə gəlib çatdımı? O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa! Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən! Mən səni seçmişəm. (Sənə) vəhy olunanı dinlə! (Taha surəsi, 9-13)
Hz. Musa (əs) həm firona və ətrafındakılara qarşı, həm də öz cəmiyyətində münafiq xarakterli və zəif imanlılara qarşı böyük mübarizə aparmış, həmişə Allah’a olan təslimiyyəti, təvəkkülü, səbri, cəsarəti, fədakarlığı, ağlı, əzmi və şövqü ilə bütün inananlara nümunə olmuşdur. Müsəlmanlar da hz. Musaya (əs) hörmət edir və ona iman gətirirlər.
İsa Peyğəmbər (əs) isə Quranda Allah’ın elçisi və sözü (Nisa surəsi, 171) kimi tanıdılır, onun aləmlərə bir möcüzə olduğu (Ənbiya surəsi, 91) bildirilir. Bundan başqa, mübarizəsi barədə və Allah’ın ona lütf etdiyi möcüzələri və həyatı haqqında hikmətli məlumatlar verilir. Hz. İsa (əs) bir Quran ayəsində belə təsvir olunur:
O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah’a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali-İmran surəsi, 45)
Hz. İsaya (əs) verilən İncilin xüsusiyyətləri isə Quranda belə açıqlanır:
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)
Quranda bildirildiyi kimi, hz. İsanı (əs) digər peyğəmbərlərdən ayıran bəzi xüsusiyyətlər vardır. Bunlardan ən əhəmiyyətlisi onun hələ də ölmədiyi, Allah qatına yüksəldildiyi və yer üzünə yenidən qayıdacağıdır. Bir çox insanın düşündüyünün əksinə olaraq, hz. İsa (əs) öldürülməmiş, başqa bir səbəblə də ölməmişdir. Quranda nə inkarçıların onu öldürə bilməsi, nə də çarmıxa çəkilməsi (Nisa surəsi, 157) qəti şəkildə bildirilir və Allah’ın onu Öz qatına yüksəltdiyi xəbər verilir. Heç bir ayədə hz. İsanın (əs) öldüyündən və ya öldürüldüyündən danışılmır. Bunlarla bərabər, Quranda hz. İsa (əs) haqqında elə məlumatlar verilir ki, bunlar tarixdə hələ baş verməmişdir və bu hadisələrin reallaşması ancaq hz. İsanın (əs) yer üzünə geri qayıtması ilə mümkün olacaq. Quranda xəbər verilən hadisələrin reallaşacağına isə heç bir şübhə yoxdur (Bu mövzu kitabın sonrakı hissələrində ətraflı şəkildə araşdırılacaq). Buna görə də müsəlmanlar da xristianlar kimi, hz. İsanın (əs) ikinci dəfə yer üzünə gəlməsini böyük şövq və həyəcanla gözləyir, İsa Məsihin (əs) gəlişinə gözəl şəkildə hazırlanmaq üçün cəhd göstərirlər.
Hz. İsanın (əs) mübarək anası hz. Məryəm də Allah’ın Quranda üstün əxlaqı və gözəl davranışları ilə təriflədiyi, aləmlərin qadınlarından üstün etdiyi nümunəvi insandır. Quranda hz. Məryəmlə əlaqədar olaraq belə buyurulur:
Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. (Ali-İmran surəsi, 42)
Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və Onun kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)
İman gətirənlər Allah’ın ayələrində üstün əxlaq və davranışlarını təriflədiyi mübarək qullarına dərin sevgi və hörmət bəsləməli, onları xatırlamalı və özlərinə nümunə götürməlidirlər.