Allah insanları Quranla xəbərdar edib qorxudur
Quranın ən önəmli özəlliklərindən biri də insanları sonsuz cəhənnəm əzabına qarşı xəbərdar edən ayələr ehtiva etməsidir. Xəbərdar edilən insanlar artıq doğru və yanlışın, yaxşı və pisin nə olduğunu tam öyrənmiş olur, axirətdə də bu məlumatlardan məsuliyyət daşıyırlar. Allah Quranın bu xüsusiyyətini ayələrdə belə bildirir:
Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün olaraq endirdi. (Kəhf surəsi, 2)
Biz (Quranı) sənin dilinlə asan etdik ki, onunla ancaq Allah`dan qorxub pis əməllərdən çəkinənlərə müjdə verəsən və inadkar bir camaatı qorxudasan. (Məryəm surəsi, 97)
Peyğəmbərimiz (səv) də “...Bu Quran mənə sizi və ona yetişəcək kimsələri xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu” (Ənam surəsi, 19) ayəsində bildirildiyi kimi, yetişə bildiyi hər kəsi Quranla xəbərdar etmək vəzifəsini üzərinə götürmüşdür. Allah bir başqa ayədə Peyğəmbərimizə (səv) insanları xəbərdar etmək üçün Quranı vəhy etdiyini belə buyurur:
Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları haqqında heç bir şübhə olmayan toplanış günü ilə qorxutmağın üçün, beləcə, sənə ərəbcə Quran vəhy etdik. (Axirətdə insanların) bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdə olacaqdır! (Şura surəsi, 7)
Ayələrdən də göründüyü kimi, Allah Quranda ölümü, mələklərin insanların canını necə alacağını, onların necə həşr olunacağını, qiyamət gününü, o gün insanların başına gələcək olayları, hesab gününü, sorğu-sualı və bundan sonra insanların dəstə-dəstə cənnət və cəhənnəmə necə girəcəklərini, o gün çəkilən acı və iztirabları, maddi və mənəvi olaraq yaşanan qorxulu əzabı və cənnətin sonsuz gözəllikdəki nemətlərini təfsilatı ilə izah edir və bütün bunlarla insanları axirət gününə qarşı xəbərdar edir. (www.qiyametgunu.com)
Hətta bir çox ayədə cəhənnəm əhlinin öz aralarındakı söhbəti haqqında məlumat verilir, oradakı mühit və yaşayış təsvir olunur və insanların iztiraba baxmayaraq, bir-biri ilə çəkişməyə davam etdiyi açıqlanır. Məsələn, bəzi ayələrdə cəhənnəm əhli arasında keçən danışıq belə xəbər verilir:
İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər və peyğəmbərlərə tabe olarıq!” -deyərlər. Bəs, əvvəlcə, sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?! (İbrahim surəsi, 44)
(Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə bu əzabı bildirmişdim. Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə zülm edən deyiləm!” O gün Biz cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir. (Qaf surəsi, 28-30)
Kafir olanlar dedilər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanırıq!” Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları və acizlərin özlərini yuxarı tutanlara: “Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq!” – dedikləri zaman görəydin. (Səba surəsi, 31)
Quranla xəbərdar edilmiş, lakin üz çevirmiş insanlar əzab gəldiyi zaman nə etsələr də, heç bir xilas yolu olmayacaqdır. Ölüm mələklərini gördükdə tövbə etmələri, peşman olmaları bir fayda verməyəcək. Çünki bu insanlara dünya həyatında xəbərdaredicilər gəlmişdir, lakin onlar inkar yolunu seçmişdir. Allah Quranda belə buyurur:
Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki edirdik!” “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatir surəsi, 37)
Allah`ın dünyada müəyyən etdiyi müddət ərzində vicdanına tabe olub hər anını Allah`ın rizasına və rəhmətinə uyğun şəkildə yaşayan möminlərə isə sonsuz axirət həyatında mükafat veriləcək. Ölüm mələkləri ilə qarşılaşdıqdan sonra canları gözəlliklə alınan möminlərin dəstə-dəstə cənnətə girəcəyi və cənnət gözətçiləri tərəfindən qarşılanacağı haqqında ayələrdə belə xəbər verilir:
Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali İmran 102)
Onlar altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır! O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz əməllərə görə cənnətə daxil olun!” – deyərlər. (Nəhl surəsi, 31-32)
Allah`ın üstün və şərəfli məqama ucaltdığı möminlərin cənnətdəki söhbəti də Quranda təfərrüatlı şəkildə verilmişdir. Möminlər gözəllikdən, sevgi və hüzurdan bəhs edən söhbətlərində Allah`ın şanını ucaldarlar. Bu söhbətlərdən verilən bəzi nümunələr belədir:
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allah`a həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir! Elə bir Rəbb ki, Öz lütfü ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır!” (Fatir surəsi, 34-35)
...Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allah`a həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!.. (Zumər surəsi, 74)
...Biz bundan əvvəl ailəmiz içində olarkən qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub bizi cəhənnəm əzabından qorudu. Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir! (Tur surəsi, 26-28)
Bu ayələrdən də göründüyü kimi, möminlər bu xoş aqibətin ancaq Allah`ın diləməsi və rəhməti ilə olduğunun şüurundadırlar. Əgər Allah sonsuz lütf edib qorumasaydı, asanlıqla yoldan aza biləcəklərini anlamışlar. Odur ki, bunları qavrayan möminlər eyni dünyada olduğu kimi, cənnətdə də Allah`a davamlı şükür edəcəklər.