Quran

Quran əxlaqının tələb etdiyi şəfqət


Quran əxlaqının tələb etdiyi şəfqət

Sülh və sevgi dini olan İslam iman gətirənlərin bütün insanlara ədalətli və yaxşı davranmalarını tələb edir. Saleh müsəlmanlar Allah’ın əmr etdiyi əxlaqa uyğun olaraq bağışlayan, təvazökar, həlim xasiyyətli və səmimi insanlardır. Allah iman gətirənlərə özlərinin və ya yaxınlarının əleyhinə olsa da, ədalətli olmağı, ehtiyac içində olsalar belə, əvvəlcə yetimi və əsiri doydurmağı, fədakar olmağı, səbirli davranmağı, gözəl əxlaqda qətiyyətli olmağı əmr etmişdir. Bu əxlaqı daşıyan mömin, eyni zamanda, müxtəlif inanclara və düşüncələrə mənsub olan insanlara qarşı da şəfqətli və anlayışlıdır. Dində məcburiyyət olmadığının şüuru ilə iman gətirməyən insanları haqq yola dəvət edərkən həmişə nəzakətli üslubdan istifadə edir, doğru yolu göstərirlər. Məqsədləri qarşı tərəfin vicdanına xitab etmək və onların gözəl əxlaqa yiyələnməsinə vəsilə olmaqdır. Bu isə ancaq Allah’ın insanlara hidayət verməsi ilə mümkündür. Allah “...İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?..” (Rəd surəsi, 31) ayəsi ilə müsəlmanlara qəlblərin ancaq Allah’ın əlində olduğunu, hər kəsin ancaq Onun diləməsi ilə doğru yola yönələcəyini xatırladır. Başqa bir ayədə isə belə buyurulur:

Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır. (Qəsəs surəsi, 56)

Müsəlmanın vəzifəsi yalnız həqiqəti izah etmək, insanları bu həqiqətlərə dəvət etməkdir. İnsanların bunu qəbul edib-etməsi isə onların vicdanından asılıdır. Allah bunu Quranda belə xəbər verir:

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allah’a iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

Müsəlmanların bu əxlaqları Kitab əhli ilə olan əlaqələrinə də aiddir. Rəbbimiz Kitab əhlinə qarşı necə davranılacağını Quranda iman gətirənlərə ətraflı şəkildə təsvir etmişdir. Bu ayələr araşdırıldıqca müsəlman cəmiyyətində xristian və yəhudilərin varlıqlarının tanınması və onların hüquqlarının müsəlmanlar tərəfindən qorunmasının vacibliyi aydın olur. Müsəlmanlar yəhudilərə və xristianlara qarşı mərhəmətli olmalıdırlar. Səmimi iman gətirən yəhudi və xristianlar (inanc və ibadətlərində bəzən səhv olsa da) Allah’ın varlığına və birliyinə iman gətirən, mələklərə, peyğəmbərlərə və hesab gününə inanan və din əxlaqının yaşanmasının lazım olduğunu düşünən insanlardır. Buna görə də müsəlmanlar onlara qarşı mərhəmətli olmalı, onları qorumalıdırlar.

Allah bir ayədə Allah’a iman gətirən və axirət gününə inanaraq yaxşı işlər görən yəhudi və xristianların gözəl əxlaqın əvəzini ən gözəl şəkildə alacaqlarını xəbər vermişdir:

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allah’a və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)

Bu ayənin mənası aydındır. İstər müsəlman, istərsə də yəhudi və ya xristian olsun, Allah’a və axirət gününə iman gətirən və yaxşı işlər görənlər müjdələnir, möminlərin Allah qatında əcr qazanacağı xəbər verilir. “Maidə” surəsinin 48-ci ayəsində isə insanların hər biri üçün şəriət və yol təyin edildiyi, məsuliyyətlərinin isə yaxşı işlərdə yarışmaq olduğu ifadə edilmişdir. Bu, yəhudi, xristian və müsəlman olmasından asılı olmayaraq, səmimi olaraq Allah’a və axirət gününə iman gətirən bütün insanların gözəl davranmasının və Allah rizası üçün xeyirlərdə yarışmasının vacib olduğunu göstərir. Bu vəziyyətdə müsəlmanların özləri kimi Allah’a iman gətirən, yaxşı işlər görən və gözəl əxlaq göstərənlərə sərt və ya mərhəmətsiz davranması düzgün deyil. Bunu İslam tarixi də sübut edir.

Bu məlumatların göstərdiyi həqiqət budur ki, İslam əxlaqını yaşayan müsəlmanlar yəhudi və xristianlara qarşı anlayışlı davranmaqla, onlara ibadət və inanc azadlığı təmin etməklə, mədəniyyət və ənənələrinə hörmət etməklə, səmimi olaraq iman gətirən kitab əhlinə mərhəmət və sevgi ilə yaxınlaşmaqla məsuldurlar. Bunun əksinə davranmaq həm Quran əxlaqına, həm də Peyğəmbərimizin (səv) sünnəsinə uyğun deyil.