Əhli-Sünnə etiqadının əhəmiyyəti
İslam tarixində bir çox yanlış düşüncə tərzi ortaya atılmışdır. Bəzi məzhəblər İslamın əsasından uzaqlaşaraq müxtəlif batil etiqadlar qəbul etmiş və azğın metodlara əl atmışlar. Müasir dövrdə bu cür batil inanclara yenisi də əlavə olunmuşdur: bəzi insanlar Rəsulullahın (səv) sünnəsini rədd edirlər və "Quranı oxuyarıq, Rəsulullahın (səv) açıqlamasına möhtac olmadan onu özbaşımıza anlayaq" fikrini iddia edirlər.
Quranın həyata keçirilməsi və tətbiq olunması mənasını verən sünnədən üz çevirirlər. Halbuki ortaya çıxan bu "sünnəsini tərk etmiş İslam" axını Quranın hökmlərini gözardı edir. Çünki sünnə Quranın şərhidir və ən əhəmiyyətlisi Quranda Rəsula (səv) tabe olunması əmr edilmişdir. Allah ümməti yalnız Qurana tabe olmağı deyil, eyni zamanda Rəsulullaha (səv) itaət etməyi də fərz etmişdir.
Sünnə Qurandan ayrı deyil. Sünnə son ilahi kitab olan Quranın Allah elçisi hz. Muhamməd (səv) tərəfindən verilmiş şərhidir. Bu səbəbdən İslam ancaq sünnə ilə birlikdə gerçək İslam olur. Quran sünnələr vasitəsilə ümmət tərəfindən başa düşülüb tətbiq oluna bilər. Bu dövrdə Peyğəmbərimizi (səv) dəstəkləmək isə ancaq Qurana tam tabe olmaqla, əhli-sünnə etiqadını və Quran əxlaqını onun göstərdiyi yolla bütün dünyaya yaymağa çalışmaqla, gücünün yetdiyi qədər ona bənzəmək üçün cəhd göstərməklə olacaqdır. Belə əxlaq göstərildiyi təqdirdə, Allah Peyğəmbərimizə (səv) necə kömək etdi isə, Ona dəstək olanlara da kömək edəcək və yollarını açaraq onları müvəffəq edəcəkdir. Rəbbimiz bu vədini ayəsində belə bildirmişdir:
"...Allah Ona yardım edənlərə, mütləq yardım edər.Şübhəsiz ki, Allah Qüvvətlidir,Qüdrətlidir."
(Həcc surəsi, 40)
"Qurana uyğun davranmaq səni Quranın mövqeyinə yüksəldər və oraya yerləşdirər. Sünnəyə (Peyğəmbərimizin (səv) hədisləri) əməl etmək səni Allahın Elçisi –Peyğəmbərimizə (səv) yüksəldər. Rəsulullah (səv) ürəyi və mənəvi hümməti ilə Allah dostlarının qəlbi ətrafından bir an belə ayrılmaz. Allah dostlarının qəlblərini gözəlləşdirən, ətirləndirib ətrafa yayan Odur. Onları paklaşdıran, mənfi duyğulardan təmizləyən və təzyin edən Odur." (Abdulkadir Geylani; Fethü'r-Rabbani)
Rəbbimiz digər peyğəmbərləri olduğu kimi, hz. Muhammədi də (səv) mükəmməl din və dümdüz yol üzərində göndərmiş və onu qiyamətə qədər bütün insanlara peyğəmbər seçmişdir. Elçiyə itaət etmək, ona hörmət, sevgi göstərmək və onun sünnəsinə əməl etmək inananlar tərəfindən mütləq yerinə yetirməli vəzifədir.
Peyğəmbərimiz (səv) vəhy yolu ilə Allahdan aldığı Quran ayələrini yalnız insanlara çatdırmamış, eyni zamanda müqəddəs vəzifə olan Quranın açıqlanması vəzifəsini də yerinə yetirmişdir.