Peyğəmbərlər

Peyğəmbərimizin (s.ə.v) dilindən Cənnət


Peyğəmbərimizin (s.ə.v) dilindən Cənnət

Əksər insan Cənnəti buludların içində, sis pərdəsinin arxasında, ağ rəngin hakim olduğu, işıqlı yuxu aləmi kimi təsəvvür edir. Ancaq bu tamamilə səhv düşüncədir. Çünki uca Allahın Quranda inanan qullarına vəd etdiyi və Peyğəmbərimizin (s.ə.v) də hədislərində bildirdiyi Cənnət insan təxəyyülünə sığmayan, qeyri-adi gözəlliyə malik gerçək həyatdır.

Hər bir insan həyatı boyu bir neçə dəfə Cənnət anlayışı ilə qarşılaşır. Ancaq çoxu uca Allahın bizə vəd etdiyi Cənnətin bənzərsiz gözəlliyini və sonsuz nemətlərini doğru qavramır. Bu yazımızda insanların Cənnətdəki bənzərsiz gözəllikləri tanımalarına və sonsuza qədər davam edən nemətləri ətraflı şəkildə öyrənmələrinə vəsilə olmağa çalışacağıq. Çünki həm "Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır." (Qaf Surəsi, 35) kimi Quran ayələri, həm də Peyğəmbərimizin (s.ə.v) hədisləri bizə Cənnətin bəzi nemətləri haqqında məlumat verir.

Cənnətdəki zənginlik və bolluq

Cənnətdəki bütün zənginliklər dünya nemətlərinin əksinə, möminlərin istədikləri qədər və istədikləri kimi istifadə edəcəkləri, bitib-tükənməyindən narahat olmayacaqları, Allahın sonsuz gözəl sənətinin təcəllilərini və göz qamaşdıran ehtişamını əhatə edən, ən yüksək estetik xüsusiyyətləri və ahəngi əks etdirən, möminlərin istək və arzularına cavab verən zənginliklərdir. Quranda "(Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət (nişanəsi) görərsən." (İnsan Surəsi, 20) ayəsi Cənnətdəki bu zənginliyə diqqət çəkir.

Bir hədisdə Peyğəmbərimiz (s.ə.v) Cənnətin daşını, torpağını soruşan adama belə cavab verir:

"Gümüş kərpicdən və qızıl kərpicdən! Palçığı da qoxulu müşk olacaqır. Cənnətin daşları inci və yaqutdan, torpağı da zəfərandandır..." [(Tirmizi), Kutubu Sittə-14, səh. 451/6]

Qiymətli daşların və mədənlərin bolluğu

Allah Quranda "Xüsusi bəzənmiş daş-qaşdan taxtlar üstündə" (Vaqiə Surəsi, 15) ayəsi ilə Cənnətdəki müxtəlif ləl-cəvahiratlara və qiymətli daş-qaşlara diqqət çəkir.

Cənnətlə əlaqədar Quranda və hədislərdə bildirilən inci, qızıl və gümüş kimi ləl-cəvahiratlar bütün insanların bəyəndiyi, onlarla bəzənmiş əşyalardan zövq aldıqları gözəlliklərdir. Başqa bir Cənnət neməti olan incidən bir hədisdə belə bəhs edilir:

"Cənnətliklərin başlarında taclar vardır. Tacın bircə incisi məşriqlə (şərq) məğrib (qərb) arasını işıqlandırar." [(Tirmizi), Kutubu Sittə-14, səh. 451/6]

Cənnət məkanlarının gözəlliyi

Dünyadakı ən gözəl mənzillərə ilk növbədə sarayları, köşkləri nümunə göstəririk. Yer üzündə belə məkanlar məhdud saydadır. Lakin Cənnətdə Allahın sevdiyi qullarının yaşadığı qüsursuz, təxəyyülümüzə sığmayacaq qədər görkəmli və sonsuza qədər mövcud mənzillər olacaqdır. Uca Allah bir ayəsində "Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində asudə yaşayacaqlar." (Səba Surəsi, 37) buyuraraq bu gerçəyi bildirmişdir.

Mübarək Peyğəmbərimiz (s.ə.v) bir hədisində Cənnət məkanlarındakı zənginlik və bolluqdan belə bəhs edir:

"Cənnətin içində incidən bir saray vardır. O sarayın içində qırmızı yaqutdan yetmiş ev vardır. Hər evin içində yaşıl zəbərcəddən (zümrüdə bənzəyən yaşıl rəngli daş ) yetmiş ev vardır. Hər evin içində yetmiş taxt, hər taxt üzərində də hər rəngdən yetmiş yataq vardır. Hər evin içində yetmiş süfrə, hər süfrənin üzərində də yetmiş növ yemək vardır. Həmçinin hər evin içində yetmiş xidmətçi vardır..." [Tezkireti'l Kurtubi, səh. 323/554]

Cənnətdəki bazar və geyimlər

Peyğəmbərimiz (s.ə.v) hədislərində Cənnət bazarlarında Cənnət əhlinin istədikləri hər şeydən dilədikləri qədər alacaqlarını bildirilir. Orada alış-veriş olmayacaq, hər kəs hər bəyəndiyinə sahib olacaqdır. Bu məkanlardakı nemət növləri isə insanların daha əvvəl heç görmədikləri və xəyallarına belə gətirmədikləri nemətlər olacaq. Sonszu lütf sahibi Allah hər kəsə bəyənib arzuladığı hər şeyi lütf edəcəkdir, heç kimin heç nəyi əskik olmayacaqdır. Hədislərdə bu gözəllikdən belə bəhs edilir:

"Şübhəsiz Cənnətdə bir bazar vardır ki mələklər oranı ziyarət edərlər. Orada gözlərin tayı-bərabərini görmədiyi, qulaqların eşitmədiyi və ağıllarına gəlməyən nemətlər vardır. Canımızın istədiyi hər şey bizə gətirilər. Lakin orada satılan və satın alınan heç bir şey yoxdur…" [Tezkireti'l Kurtubi, s. 325-326/563]

"...Onların içində hər hansı bir şeyi əskik olan kimsə yoxdur ki, qarşılaşdığının üzərində gördüyü bəzək paltarlarından ötrü narahat olsun. Sözünün sonu gəlmədən daha gözəl bir paltara bürünər..." [Tezkireti'l Kurtubi, səh. 325-326/563]

Cənnətdəki ehtişamın, sonsuz nemətin, gözəl həyatın başa düşülməsi və bunun Allahın aləmlərə üstün qıldığı Peyğəmbərimizin (səv) dilindən xəbər verilməsi isə insanların Cənnətə olan həsrətlərini və bu həyatı qazanmaq üçün cəhdlərini artırar.