Quran

İnsanlar Quranda bildirilən həqiqətlərdən niyə qaçırlar?


İnsanlar Quranda bildirilən  həqiqətlərdən niyə qaçırlar?

İnsan dünyaya gəldiyi andan etibarən hər şeyi öyrənməyə səy göstərir. Uşaqlıq dövründə gördüyü, hiss etdiyi və oxuduğu hər şey onun üçün yeni və həyəcanverici olur, lakin müəyyən zaman keçdikdən sonra bu araşdırma və yeni şeyləri öyrənmə cəhdi öz yerini alışqanlığa, böyüklərdən qalma hazır məlumatlara verir. Qeyd-şərtsiz qəbul edilən bu qəlibləşmiş məlumatların nəticəsində isə araşdırma və düşünmə qabiliyyətini itirmiş, görüb və hiss etdiyi hər bir şeyi sorğu-sualsız icra edən  insan modeli ortaya çıxır. Bu insan üçün artıq cəmiyyətin pis dediyi pis, yaxşı dediyi isə yaxşıdır. Pisin niyə pis, yaxşının niyə yaxşı olduğu araşdırılmır.

Bu mövzuda diqqəti cəlb edən isə insanların din mövzusunda əvvəldən qalma məlumatlara bağlanmalarıdır. İnsanların əksəriyyəti adət-ənənələrlə, yanlış məlumatlarla və keçmişdən qalma yalan və yanlışlarla birləşdirdikləri dinlərini özünəməxsus şəkildə tətbiq edirlər.

Bu dinin qanun və qadağaları, əxlaq anlayışı tamamilə fərqlidir. Bu dinin Allah`ın vəhyində və Peyğəmbərimizin (s.ə.v.) sünnəsində olmayan bir çox qanunları var. Bu din məfhumunun ən təhlükəli nəticəsi isə insanlar arasında haqq dinə qarşı ön mühakimə yaratmasıdır.

İnsanların əksəriyyəti ön mühakimələr və yanlış məlumatlar nəticəsində əsl dindən uzaqlaşırlar. Hətta çox vaxt Allah`ın adının çəkilməsinə, ayələrinin oxunmasına belə dözə bilmirlər. Gündəlik həyatlarında hadisələrə bitərəf yanaşan, araşdıran və oxuyub-öyrənməyin tərəfdarı olan böyük dünyagörüşlü insanlar belə, dindən bəhs ediləndə çox sabit fikirli və ön mühakiməli davranırlar.  Üstəlik, bu davranışlarının səbəbini izah etmək üçün bəhanə də gətirə bilmirlər.

Demaqoqluq və məntiqsiz sözlərlə bu düşüncələrini müdafiə etməyə çalışırlar. Lakin bu insanların Allah`ın ayələrindən, Quran əxlaqından qaçmalarının bir neçə səbəbi var.

İnsanlar Quranda bildirilən həqiqətlərdən aşağıda göstərilən səbəblərə görə qaçırlar:

Atalarının dininə kor-koranə bağlandıqlarından…

Bəzi insanlar həmişə dəyşikliklərə və yeni fikirlərə qarşı mühafizəkar davranmışlar. Onlar elmdən təhsilə, iqtisadiyyatdan ədalət sisteminə qədər bir çox mövzuda öz təsdiqini tapmış mövzuların dəyişdirilməsinə qarşı çıxmış, ancaq qarşı çıxarkən müdafiə etdikləri mövzular doğru olmamışdır. Çox vaxt vərdişlər, adət-ənənələr ölçü götürülmüşdür. Bu dünyagörüşü ilə Allah`ın vəhyini insanlara bildirən elçilərlə də qarşılaşmışlar. Öz batil dinlərini müdafiə edən insanlar tarix boyu hər elçiyə - hz. Muhəmmədə (s.ə.v), hz. İsaya, hz. Şüeybə, hz. Musaya, hz. Nuha, hz. Huda və digərlərinə qarşı çıxmış, batil inanclarından dönməyəcəklərini söyləmişlər.

Allah`ın bizə “atalarının dininə bağlılıq” olaraq bildirdiyi bu dünyagörüşünün nəticəsi insanların keçmişdəki atalarından qalan həyat və əxlaq formasını nümunə götürmələri və bunu davam etdirmələridir. Bu insanların ən böyük səhvi isə atalarının mirasına bağlı qalmalarıdır. 

Quranda elçilərin təbliğləri və qövmlərinin onlara verdikləri cavablarla bağlı ətraflı məlumat verilir. Elçilərin Allah`a iman gətirmək üçün dəvətinə bu insanlar: “...Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik! (Zuxruf surəsi, 23)” -deyə cavab vermişlər.

Həqiqətən də, inkarçıların yolu atalarının yolu, oxuduqları isə atalarının əsərləridir. O yoldan başqa yolla getməz, o kitabdan başqa kitab oxumazlar. Atalarının doğru yolda olduqlarına inanır, onların həyatlarını özlərinə nümunə götürür, dedikləri hər sözün onlara həyat verdiyini düşünürlər. Bu bağlılıq o qədər güclüdür ki, bu yolun yanlış yol olduğunu və keçmişdəki atalarının bir çox səhv və nöqsanlarının olduğunu onlara göstərməyə çalışan insanları özlərinin ən böyük düşməni hesab edirlər. Ən böyük qorxuları da atalarından miras aldıqları bu dinlərindən döndərilməkdir. 

Keçmiş qövmlərin elçiləri günahlandırmalarının səbəbi “Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik. (Yunus surəsi, 78)” ayəsində bildirilmişdir.

Ayələrdə də bildirildiyi kimi, insanlar doğrunu araşdırmadan, vicdanlı şəkildə düşünmədən, sadəcə o formada gördükləri üçün atalarının dinini yaşayır, həqiqətlərə var gücləri ilə qarşı çıxırlar.

Allah inkar edənlərin bu hərəkətini “...Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)” ayəsi ilə bizə bildirmişdir.

Ancaq onlar dinlərinə bağlı olduqları üçün heç kimin atalarından daha ağıllı ola bildiyini ehtimal etməz, doğrunu eşitmək istəməz, elçinin dəvətinə qarşı qulaqlarını tıxayar, üz çevirərlər. Bu davranışlarının səbəbini isə izah edə bilməzlər. Çünki elçinin onları dəvət etdiyi şey Allah`ın sözü olan Qurandır. Ayədə bu şəkildə bildirilir:

(Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. (Zuxruf surəsi, 24)

İnsanlar məhz atalarının dininə kor-koranə bağlandıqları üçün Quran həqiqətlərindən qaçır, ayələrdəki hökmləri görməməzliyə vurur və Allah`ın vəhyini qulaqardına vururlar. Dünya həyatının nə qədər qısa olduğunu, bir neçə on ildən sonra ölüb və bir bezə sarılıb torpağın altına atılacaqlarını və Allah qatında bütün etdiklərinin hesabını verəcəklərini ağıllarına belə gətirməzlər.

Allah Qurandakı “Bəli, Biz onlara və atalarına ömürləri qədər xoş güzəran verdik... (Ənbiya surəsi, 44)” ayəsi ilə inkarçıların yanılmasına işarə edir. Ölüm həqiqətindən qaçan bu insanlar Allah`ın ayələrindən üz çevirdikləri üçün böyük iflasa uğrayacaqlar. Onlar böyük qəflət içindədirlər.

Quranda bu mövzuda verilən nümunələrdən biri də hz. İbrahimin qövmüdür. Onlar atalarının yolu ilə gedərək bütlərə sitayiş edirdilər. Bu batil dinə bağlı olduqlarına görə, hz. İbrahimin haqq dinə çağırışını rədd etmişdilər. Ayələrdə hz. İbrahimin atasına və qövmünə "... Bir zaman o, öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi (Ənbiya surəsi, 52)” ayəsindəki kimi səsləndiyi bildirilir. Bundan sonra aralarında olan söhbətlər Quranda belə xəbər verilir:

Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– demişdilər. (İbrahim) demişdi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”. Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”– demişdilər. (İbrahim) demişdi: “Xeyr, sizin Rəbbiniz yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlər­­dənəm”. (Ənbiya surəsi, 53-56)

Ayənin davamında qövmün hz. İbrahimin hər çağırışını inkar etdiyindən bəhs edilir. Aralarındakı söhbətdən sonra hz. İbrahim bütlərə hiylə quracağını söyləyir. Onlar getdikdən sonra “böyüyündən” başqa bütün bütləri sındırır. Sonra inkar edən qövm ilə İbrahim peyğəmbərin arasında olan söhbət Quranda belə xəbər verilir:

Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” (Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər. (Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər. Onlar dedilər: “Tanrılarımızı sənmi bu kökə saldın, ey İbrahim?” (İbrahim) dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. (Ənbiya surəsi, 59-63)

Hz. İbrahimin bu dəvəti və ağıllı üsulu sayəsində qövmü əvvəl tərəddüd etsə də, sonradan vicdanla düşünərək zalımlıq etdiyinin fərqinə varır. Ancaq sonra yenidən üz çevirir. Onların bu əxlaqı ayələrdə belə xəbər verilir:

"… Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”. (İbrahim) dedi: “Elə isə Allah`ı qoyub sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) tapınırsınız? Tfu sizə də, Allah`dan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?” (Ənbiya surəsi, 65-67)

Bundan sonra hz. İbrahimi öldürməyə, yandırmağa cəhd edirlər, lakin Allah onların bu tələlərini pozur. Yuxarıdakı ayələrdən də göründüyü kimi, qövmün etdiyi şeyin ağıllı və məntiqli olması vacib deyil. Əslində, onlar doğrunu axtarmaq da istəmirlər. Onların etdikləri yeganə şey doğru və ya yanlış olmasından asılı olmayaraq, atalarının yolu ilə getməkdir. Bundan başqa heç nə istəmirlər. Çünki bu insanlar ağıl və vicdanlarını dinləmirlər.  Vicdanla düşünsələr, həqiqəti görə bilərlər. İradə göstərərək bunu həyata keçirməyin yerinə onlara öyrədilənlərlə kifayətlənirlər. Əksəriyyətin yolu ilə getmək öyrədilən şeylərin doğru və ya yanlış olduğunu ayırd etmədən kor-koranə həyata keçirmək deməkdir.  Bu isə vicdanın korlanması və iradəsizliyin nəticəsidir.

Lakin bu qədər dəyər verib hər şeydən üstün tutan atalarını qiyamət günündə yanlarında görməyəcəklər. Dünyada insanları Allah`ın yolundan uzaqlaşdıran, şeytanın yoluna çağıranlar hesab günü onları tək qoyacaqlar. Ayələrdə bu insanların o gün keçirəcəkləri peşmançılıq hissi belə tərif edilir:
 
Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allah`a ibadət edəydik, Onun Elçisinə müti olaydıq!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!” (Əhzab surəsi, 66-68)

Dünya həyatına çox bağlandıqlarından…

İnsanların Quranda bildirilən həqiqətlərdən qaçmalarının birinci səbəbi dünya həyatına çox bağlanmaları və bu həyatlarının heç bitməyəcəyini düşünmələridir. Bu səbəbdən, dünya həyatının nə qədər qısa olduğunu anlamazlar. Hər insanın heç gözləmədiyi bir anda ölüm mələkləri ilə qarşılaşacağını, sonra yerin altına qoyularaq üzərinə torpaq atılacağını, o an özləri ilə heç nə götürə bilməyəcəklərini də düşünməzlər.

O gün heç bir insana nə mal-mülkü, nə də dəyər verdiyi yaxınları, dostları kömək etməyəcək. O gün insan Allah`ın qarşısına tək çıxanda, bütün əməlləri önünə gətiriləcək. Məhz o an dünya hayatının keçici bir imtahan yeri olduğunu bütün insanlar dərk edəcəklər. Amma o gün peşman olmaq üçün gec olacaq.

Bu həqiqətləri düşünməyən insanların dinə və dünya həyatına fərqli baxış prizmaları var. Həyatın təhsil-evlilik-iş üçbucağı daxilində çabalamadan ibarət olduğunu, bunlardan başqa bir həyatın mümkün olmadığını düşünürlər. Bu səbəbdən, zehinlərini sadəcə bu üç mövzu məşğul edir. Hadisələri bu prizmaya əsasən dəyərləndirirlər, qərarlarını buna görə verir, buna uyğun qururlar. Üzərində düşünülməli mövzuları da bu prizmaya görə sıralayırlar: necə pul qazanacaqları, gələcəklərinin necə olacağı, iş həyatında necə müvəffəqiyyət qazanacaqları, evlilik həyatları, təhsilləri, karyeraları… Əlbəttə, bunların hamısı vacibdir. Ancaq bu insanlar böyük səhv edirlər. Onlar sadəcə dünya həyatı ilə əlaqədar mövzuları düşünür və həyatın ən böyük həqiqəti olan ölümü düşünməkdən qaçırlar, çünki bu insanlara ayədə xəbər verildiyi kimi "…şeytan (günah işləri) gözəl göstərdi və onlara uzun ömür vəd etdi. (Muhəmməd surəsi, 25)” Dünya həyatının bitməsini istəməmələrinin səbəbi də məhz planları, gələcəkdən gözlədikləri və illərə böldükləri hədəfləridir. Axirət gününə hazırlıq görməyi isə düşünmək istəmirlər.

Quran oxumaqdan və Quranda bildirilən həqiqətləri düşünməkdən qaçdıqları üçün başqa insanlara bu həqiqəti izah etməyə imkan verməzlər. Halbuki, Quranı oxusalar və ya onlara deyilənlərə qulaq assalar, Allah`ın ayələrdə bildirdiyi həqiqətlərdən xəbərdar olar, Allah`ın razı olduğu şəkildə yaşamağın vacibliyini anlayarlar. Beləliklə, özləri və yaxınları üçün yararlı olan sonsuz cəhənnəm əzabından qurtularlar. Bunu qavramaq və ümid etmək hər insan üçün çox vacibdir, çünki əsl yurd sonsuz axirət həyatıdır.

Allah “Ali-İmran” surəsində belə bildirir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allah`dan qorxanlar üçün Rəbbi yanında altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları, pak zövcələr və Allah`ın rizası vardır”. Allah qullarını görür". (Ali-İmran surəsi, 14-15)

Yuxarıda da qeyd etdiyimiz kimi, insanlar öz anlayışlarına əsasən həyat tərzi keçirirlər. Bu həyat tərzinin, xüsusilə də dünyaya baxışlarının, başqa sözlə desək, həyat fəlsəfələrinin dəyişməsini istəməzlər. Tarix boyu Qurana və elçilərə qarşı göstərilən təzyiq və inkarın səbəbi də budur. Çünki mənimsədikləri fəlsəfənin dəyişməsi insanın həyat tərzini tamamilə dəyişdirəcəkdir. Quranda qövmünün hz. Şüeybə verdiyi cavab buna nümunədir. Bu qissədə də izah edildiyi kimi, qövmünün qorxduğu şey həyatlarını və mallarını tərk etmələridir. Bu vəziyyət ayələrdə belə xəbər verilir:

Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”. (Hud surəsi, 87)

Hz. Şüeybin qövmünə cavabı bu şəkildədir:

O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun?” Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allah`ın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam. (Hud surəsi, 88)

Bu insanlar yaşadıqları batil həyatlarından razıdırlar. Bu həyat tərzinin və vərdiş etdikləri sistemin dəyişməsini əsla istəmirlər. Allah`ın "Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların – məhz onların qazandıqları (günahlara) görə sığınacaqları yer oddur. (Yunus surəsi, 7-8)” ayələri ilə bizə tanıtdığı bu insanlar doğru yolda olduqlarını zənn edirlər.

Allah`ın zikrindən üz çevirmişlər və "Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir! (Nəcm surəsi, 29)” ayəsində bildirildiyi kimi, istədikləri şeyə - dünya həyatına qovuşmuşlar. Ancaq dünya həyatı keçici zövqdən başqa bir şey deyil.

Quranda "Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər. (Hicr surəsi, 2-3)” ayələrində bildirildiyi kimi, bu dünya həyatındakı əyləncə o insanlara heç nə verməyəcək. Allah dünya həyatına aldanaraq din əxlaqını unudanların hesab günü peşman olacaqlarını belə bildirmişdir:

O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq. (Əraf surəsi, 51)

Çox qürurlu olduqlarından....

Bəzi insanların Quranda bildirilən həqiqətlərdən qaçmalarının səbəbi isə lovğalanma hissi, yəni qürurlarıdır. Öz fikirlərinin, inanclarının, həyat tərzlərinin doğruluğuna və qüsursuzluğuna o qədər inanırlar ki, bunlardan daha doğru fikrin, inancın varlığını əsla qəbul etmək istəmirlər. Bunu düşünmək belə onları narahat edir. Allah`ın "Ona: “Allah`dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)” ayəsində də bildirildiyi kimi, insanı inkara sürükləyən məhz qürurudur.

Belə insanlar Qurana dəvət edildikdə onu inkar edirlər. Çünki bu haqq dinə tabe olmaq, indiyə qədər batil inanca sahib olmağı qəbul etmək demək və həmçinin səhv yolda olduqlarını, doğru yolda olmayan insanları öndər seçdiklərini və ya yazdıqları, oxuduqları, dəyər verdikləri hər şeyin səhv olduğunu öyrənmələri deməkdir. Bu da onlar üçün böyük fəlakətdir. Buna görə də, dəlillə isbat edilsə belə, fikirlərindən əsla dönmək istəməzlər. Çünki qürurları buna izn verməz. Ayədə bildirildiyi kimi, qürurları onları günaha sürükləyər.

Əslində, Quranın yeganə həqiqət olduğunu dərk etdikdən sonra yanlış yolda olduğunu dərhal qəbul etməli, vicdanlarının səsini dinləməli və tövbə edib yeni həyata başlamalıdırlar. Asan olan və Allah`ın razı olduğu əxlaq məhz budur. Bunun əksi həm dünyada, həm də axirətdə sıxıntı içində yaşamaqdır. Allah inkar edənlərin əhvalını "Buna qəti inandıqları halda, haqsızcasına və təkəbbürlə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)” ayəsi ilə bizə bildirir. Qürurları bu insanları doğru yoldan sapdırır və böyük ziyana uğradır.

Din əxlaqından uzaq olan insanların qürurlanmasının nəticəsi “Həcc” surəsində bu şəkildə bildirilir:

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını  o yan bu yana çevirir ki, (insanları) Allah`ın yolundan sapdırsın. O, bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Ona deyiləcəkdir:) “Bu, əvvəllər öz törətdiyin əməllərin əvəzidir, yoxsa Allah qullarına əsla zülm edən deyildir”.  (Həcc surəsi, 8-10)

Ayələrdə qeyd edildiyi kimi, inkar edənlər qürurları ucbatından digər insanları da Allah`ın yolundan döndərmək istəyirlər. Buna görə, məlumatları olmasa da, mübahisə edirlər. Quranı oxumasalar da, Quran əxlaqını bilməsələr də, Allah haqqında mübahisə edir və qürurla üstün gəlməyə çalışırlar. Ancaq axirət günündə bu qürurlu davranışları insanlara heç bir fayda verməyəcək. Əksinə, böyük peşmançılığa səbəb olacaq və ayədə bildirildiyi kimi: "Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq. (Ənam surəsi, 27)” -deyəcəklər.

Yanlış və sabit fikirləri səbəbindən…

İnkarçıların Quranı dinləməmələrinin, ondan qaçmalarının səbəblərindən biri də yanlış və sabit  fikirli olmalarıdır. Yuxarıda da bildirdiyimiz kimi, atalarından öyrəndikləri məlumatlar və yanlış adət-ənənələr, cəmiyyətdə gördükləri həyat və düşüncə tərzi bu insanların həyata baxışında mühüm rol oynamışdır. Kiçik dəyişiklik və ya yenilik fikri onların etirazına səbəb olur. Hətta yenilik, dəyişiklik və haqq gətirən insanlara qarşı təcavüzkar və qəzəbli olmalarının səbəbi də bu yanlış və sabit fikirləridir.

Bu yanlış fikir bir pərdə kimi insanların bir-birlərini dinləmələrinin və görmələrinin qarşısını alır. Allah`a iman gətirməyə dəvət edilən belə insanların cavabı “Fussilət” surəsində belə bildirilir:

Ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş,  bilən camaat üçün bir Kitabdır. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət surəsi, 3-5)

Əslində, insan Qurana dəvət edilərkən batil, səhv düşüncələrindən arınma fürsəti əldə edir. Belə bir vəziyyətdə bu dəvəti edəni dinləmək, dəvət etdiyi haqq kitabı oxumaq və düşünmək daha doğru olar. Vicdanlı insan doğrunu gördüyü andan öz fikirlərini tərk edər.

Yanlış və sabit fikirli olmaq insanı ağıllı və məntiqli düşünməyə qoymur. Üstəlik, burada bəhs etdiyimiz mövzu hər insanın borcudur. Quran hər insanın qurtulmaq üçün təslim olacağı yeganə kitabdır. Hər hansı bir mövzunu dinləmədən, oxumadan, düşünüb qiymətləndirmədən rədd etmək ancaq sabit fikirli, dar düşüncəli və yeniliyə bağlı olan insanların davranışıdır. Amma Allah`ın insanlara göndərdiyi təhrif edilməmiş son haqq kitab olan Quranı dinləməmək, ayələri oxumamaq sadaladığımızdan daha ciddidir. İnsanın hər hansı bir həyati mövzuda yanlış fikirdə olması bəlkə ona böyük zərər verməz, amma Allah`ın əmrlərini dinləməmək mövzusunda sabit fikirlilik insanı cəhənnəmə aparan çox ciddi təhlükədir. Hər bir insan belə vəziyyətə düşməkdən çəkinməlidir.

Bundan başqa, insanın fitrətində daim mükəmməlik axtarmaq xüsusiyyəti var. Daha gözəl fikir, daha gözəl düşüncə, daha yaxşı baxış yönü insanı həmişə özünə cəlb edir. Ancaq dinsizlik insanın yaradılışına uyğun olmayan sabit fikirliliyi məqbul göstərir və insanın köhnəlmiş fikirlərinə bağlı qalmasına səbəb olur. Hadisələri olduğu kimi mühakimə etməyə izn vermir, köklü dəyişikliklər etməyə qoymur.

Bu dünyagörüşünü metroların, təyyarələrin, gəmilərin, inkişaf etmiş nəqliyyat vasitələrinin olduğu halda, başqa qitəyə at arabası ilə getmək istəyən insanın vəziyyətinə bənzətmək olar. Necə ki, bu insanın inadkar davranışı onu texnologiyanın nemətlərindən necə məhrum edirsə, eləcə də yanlış və sabit fikirli insan bütün çətinlikləri özü çəkir, gözəllik və rahatlıqdan məhrum olur.

İnsanların yanlış və sabit düşüncələri sadəcə dinə baxışları ilə məhdudlaşmır, bütün həyat tərzlərində özünü göztərir. Evlərinin dekorasiyasında dəyişiklik etməmək, yeni texnoloji məhsullara qarşı ön mühakiməli yanaşaraq bu məhsullardan istifadə etməmək, eyni cür geyinmək, eyni yeməkləri yemək, eyni cür əylənmək, eyni zarafatları etmək bu yanlışlıqlardan sadəcə bir neçəsidir. Bu sabit fikirlilik düşüncə formalarını da öz təsiri altına alır. Buna görə, səhv olsa da, eyni fikri müdafiə edir, eyni doğrulara və yanlışlara sahib olurlar. Bu qaydalar ucbatından müstəqil və rahat düşünə bilmir, yeni fikirləri müdafiə edən kitabları oxumur, yeniliklərdən zövq almır, həyatlarını yaxşılaşdırmağa cəhd etmirlər.

Buna misal olaraq materialist və kommunist fəlsəfəni mənimsəyən insanları göstərə bilərik. Onları dərhal tanımaq mümkündür. Geyim stilləri, saç formaları, danışıq üslubu illərdən bəri dəyişmir. Əsrlər keçsə də, keçmiş fikirləri müdafiə edir, bu fikirləri doğru kimi göstərir, öz təcrübələrini hər yerdə nümunə göstərirlər.

Karl Marksın “Kapital”ını, Çarlz Darvinin “Növlərin mənşəyi”ni və ya Maonun “Qızıl kitab”ını illərlə özlərinin stolüstü kitabı edir, bu kitabları təkrar-təkrar oxuyur, altından xətt çəkir, əzbərləyirlər. Bu kitablardakı "dövriyyədən çıxmış" məlumatları israrla müdafiə edir, çatışmazlıq və ya səhv olma ehtimalını belə qəbul etmirlər. Dünyada baş verən hadisələri və elmi inkişafı izləmədiklərindən bu kitablarda olan məlumatları doğru və elmi zənn edirlər. Böyük səbirlə Marksın XIX yüzilliyin qaranlıq səhifələrində qalmış fikirlərinin və utopiyasının həyata keçməsini gözləyirlər. XX əsrin əvvəllərində elmi tərəqqi qarşısında yox olan Darvinin iddialarının doğru olduğunu zənn edirlər. Sadəcə özləri kimi düşünənlərlə görüşür, illərlə eyni qəzeti oxuyur, eyni filmlərə baxırlar. Ən çox dedikləri isə "mən dəyişmədim, bundan 40 il əvvəl nəyi müdafiə edirdimsə, indi də onu müdafiə edirəm" sözüdür. Ancaq unutmaq olmaz ki, bu söz ancaq mütləq doğruları müdafiə edən insan tərəfindən söyləndiyi zaman məqbul sayılır.

Dəyişikliyə, yeniliyə qarşı çıxmaq, müxtəlif fikirləri dinləmədən rədd etmək bu insanların qürur hesab etdikləri anlayışdır. Öndər hesab etdikləri Marks, Mao və ya Darvin kimilərin dinə qarşı sözlərinə o qədər inanırlar ki, bu sözdən dönməmək üçün Quran və Quran əxlaqından bəhs edən kitabları oxumaqdan çəkinirlər. Belə kitabları oxumağın onlara zərər verəcəyini düşünürlər.

Halbuki, Quran əxlaqına dəvət olnumaları bu insanların keçmiş təcrübələrindən dərs almaları, səhvlərindən nəticə çıxarmaları, daha gözəlini, daha yaxşını axtarmaları sabit fikirlərindən qurtulmaları üçün fürsətdir. Ancaq yanlış fikirləri ucbatından onlara məsləhət verən insanları aşağı səviyyəli görür, səmimi, xoş niyyətli təklifi düşünmədən rədd edir, kor-koranə bağlandıqları inanclarından əsla vaz keçmirlər.    

Niyə hər cür yeni məlumata, yeni fikrə, yeni anlayışa və ya elmi həqiqətə qarşı çıxan bu insanlar yanlış və sabit fikirlərindən dönmürlər?

Məhz burada şeytanın insanlar üzərindəki təsiri qarşımıza çıxır. Şeytan inkar edənlərə gördükləri işləri gözəl göstərib, onları doğru yolda olduqlarına inandırmışdır. Vicdanlarının səsini dinləməyənlər və Qurandan qaçan bu insanlar şeytana aldanmışlar. Ayədə bu şəkildə bildirilmişdir:

... Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki, onlar gözüaçıq adamlar idilər. (Ənkəbut surəsi, 38)

Doğruları görən, mənfi cəhətlərinin fərqinə varan bu insanlar şeytanın təsiri ilə sonradan görməyən, həqiqətlərə qulaq tıxayan insanlara çevrilirlər. Həqiqətən də, bu cür insanla danışmaq, ona xatırlatmaq və ya onunla fikir mübadiləsi aparmaq mümkün deyil. Çünki onlar öz fikirlərini paylaşmayan insanları dinləməyə, onların sözlərinə qulaq asmağa və onların tənqidinə dözə bilməzlər.

Ağıllı, vicdanlı, düşünməyi bacaran bir insan rahat şəkildə qüsurlarını görə bilir, lakin sabit fikirli insan isə özünü kənardan izləyib dəyər verə bilmir. Bu insanların ən vacib xüsusiyyəti sabit fikirləri ilə öyünmələri, illərlə dəyişməyən düşüncə sistemləri və həyat tərzləri ilə iftixar hissi keçirmələridir.  

Allah`ın "Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 37)” ayəsi ilə bildirdiyi kimi, bu insanlar doğru yolda olduqlarını zənn edirlər. Amma heç də düşündükləri kimi deyil. Hesab günü düşünmək, xatırlamaq və peşman olmaq haqqdan üz çevirən insanlara bir fayda verməyəcək. Ayədə bu şəkildə bildirilir:

Və o gün cəhənnəm gətiriləcək. O gün insan  xatırlayacaqdır. Lakin  xatırlamanın ona nə faydası? (Fəcr surəsi, 23)