Peyğəmbərlər

Rəsulullahın (səv) yolu İslam dünyası üçün bir nurdur


Rəsulullahın (səv) yolu İslam dünyası üçün bir nurdur

Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır. (Əraf surəsi, 157) 


Sonsuz rəhmət sahibi olan Allah Quran vasitəsilə insanlara doğrunu səhvdən ayıracaq, onları qaranlıqlardan aydınlığa çıxaracaq yol göstərmişdir. İman gətirən hər kəs üçün Quranı oxuyub anlamaq və həyatlarına tətbiq etmək son dərəcə əhəmiyyətli məsuliyyətdir və hər mömin bunun üçün ciddi səy göstərməlidir. Möminlərin bu mühüm vəzifəni yerinə yetirmələrinə kömək edən ən böyük asanlıq və rəhmət isə Peyğəmbərimizin (səv) dəyərli sünnələridir. 

İslam dini Rəbbimizin " ... Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim ..." (Maidə surəsi, 3) ayəsi ilə də bildirdiyi kimi, son haqq dindir. Peyğəmbərimiz hz. Muhamməd (səv) də Allahın "Allahın Elçisi sizlərə - Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir" (Əhzab surəsi, 21) ayəsi ilə əxlaqını bütün insanlara nümunə göstərdiyi mübarək şəxsdir. 

Uca Allahın seçdiyi və Quranı nazil etdiyi Peyğəmbərimiz (səv) imanı, təqvası və elmi ilə bütün insanlara nümunədir. Səbri, təvəkkülü, cəsarəti, Allaha bağlılığı və yaxınlığı, ədaləti, möminlərə olan mərhəməti, sevgisi və şəfqəti, fərasəti və bəsirəti ilə üstün əxlaqa malikdir. Peyğəmbərimizin (səv) dərin imanından irəli gələn bu xüsusiyyətlərini Allaha könüldən itaət edən möminlər nümunə götürməlidirlər. Çünki Quran əxlaqını öyrənmək və yaşamaq istəyənlər üçün Peyğəmbərimizin (səv) yaşadıqları və sünnələri çox qiymətli rəhbərdir.