Müsəlmanlara düşən məsuliyyət
Müsəlman, cəmiyyətdə baş verən hadisələrə laqeyd qalmaz və heç bir zaman “mənə toxunmayan ilan min yaşasın” məntiqi ilə düşünməz. Çünki o, Allaha təslim olmuşdur, Onun yolundadır və yaxşılığı təmsil edir. Bu halda dünyada baş verən zülmə, terrora, ədalətsizliyə qarşı da laqeyd qala bilməz. Heç bir cinayət törətməyən günahsız insanları öldürən terroristlərin ən böyük düşməni müsəlmandır. İslam dini hər cür terrora qarşıdır və elə ilk səviyyədə, yəni düşüncə mərhələsində terrorizmə qarşı çıxır.
Özlərinə ziyan dəymədikcə dünyada baş verən hadisələrə görə narahat olmayan insanlar dinin insanlara aşıladığı fədakarlıq, qardaşlıq, dostluq, dürüstlük anlayışından məhrum olanlardır. Belə insanlar həyatları boyunca bəşəriyyətin qarşı-qarşıya olduğu təhlükələrdən xəbərsiz şəkildə yalnız öz nəfslərini məmnun etməklə məşğuldurlar. Halbuki Allah Quranda cəmiyyətə daim xeyr gətirən, ətrafındakı hadisələrə qarşı laqeyd olmayan, insanları doğru yola çağıran əxlaqı məqbul olaraq göstərmişdir. Bir ayədə cəmiyyətə heç bir faydası olmayan insanlarla, əks mövqedə olan insanlar arasındakı fərq belə müqayisə edilir:
Allah iki nəfər barəsində məsəl çəkdi: Onlardan biri dilsizdir, heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən bir kimsə kimi ola bilərmi?! (Nəhl surəsi, 76)
Ayədə də ifadə edildiyi kimi “doğru yolda olaraq” dininə bağlı olan, Allahdan qorxub çəkinən, mənəvi dəyərlərə əhəmiyyət verən, vətəninə, millətinə və bəşəriyyətə xidmət etmək şövqündə olan bir insanın yaşadığı cəmiyyətə böyük faydalar gətirəcəyi çox açıqdır. Buna görə də insanların həqiqi dini öyrənmələri və Quranın göstərdiyi gözəl əxlaqı yaşamaları hədsiz dərəcədə əhəmiyyətlidir. Allah bir ayəsində belə yüksək əxlaqı yaşayan insanları bu şəkildə təsvir edir:
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)
Allah yaxşılığı əmr edir
Müsəlman Allahın əmrlərinə əməl edən, Quran əxlaqını ciddi şəkildə həyatında yaşayan, dünyanı gözəlləşdirməyə çalışan, sülh və əmin-amanlığı hakim edən insandır. Qəsəs surəsində belə deyilir:
.... Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz (Qəssas suresi 77)
Müsəlmanın məqsədi Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Bunun üçün də çox ciddi səy göstərməlidir. Allahın razı olacağı əxlaqı dünyada olduğu müddət ərzində qazanmalıdır. Bu əxlaqın ən çox nəzərə çarpan xüsusiyyətləri isə mərhəmət, şəfqət, ədalət, dürüstlük, bağışlayıcılıq, təvazökarlıq, insanpərvərlik, fədakarlıq və səbirdir. Mömin, Allahın izniylə, insanlara qarşı gözəl rəftar edəcək, xeyir işlərdə yarışacaq, yaxşılıq və fədakarlıq edəcək. Allah ayədə belə buyurur:
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla. ( Hicr surəsi, 85)
Ayədə də ifadə edildiyi kimi Allah iman edənlərdən gözəl rəftar etmələrini, yaxşılıqda bir-birlərinə kömək etmələrini, fitnə-fəsaddan uzaq durmalarını istəyir. Allah yaxşılıq edənlərə “... Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər....” ayəsi ilə müjdə verir. Pislik edənlərə isə “... Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz..” (Ənam Surəsi, 160) xəbərdarlığı edilir.
Allah Quranda insanlara özünü “qəlblərdə olanı bilən” olaraq tanıdır və “hər cür pis əməldən çəkinmələrini” bildirir. Belə olan halda “Allaha təslim olan” mənasını verən “müsəlman”ın terrora, fitnə-fəsada, dünyadakı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan bir insan olacağı aşkardır.
Quran əxlaqı ədaləti tələb edir
Allahın Quranda təsvir etdiyi həqiqi ədalət anlayışında insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm etmək, insanların haqqını qorumaq, zülmə rəğbət göstərməmək, zalıma qarşı məzlumu qorumaq əmri var. Bu ədalət hadisələri hər tərəfli qiymətləndirməyi, analiz etmədən rəy bildirməməyi, tərəfsizliyi, dürüstlüyü, insanpərvərliyi, mərhəməti və şəfqəti tələb edir. Məsələn, hadisələri sağlam düşüncə tərzi ilə qiymətləndirə bilməyən, həyəcanına və hisslərinə təslim olan bir insan ədalətli qərar verə bilməz, duyğularının təsirində qalar. Halbuki ədalətlə hökm verən bir insan bütün şəxsi duyğu və düşüncələrini bir tərəfə qoymağı, hər bir vəziyyətdə doğrunun tərəfini saxlamağı, dürüstlükdə heç bir zaman güzəştə getməməyi Quran əxlaqı çərçivəsində öyrənir. İnsan elə bir əxlaqa sahib olmalıdır ki, öz mənfəətindən əvvəl qarşı tərəfi düşünməli, özünə ziyan olsa belə əgər qarşı tərəf haqlıdırsa bunu qəbul etməlidir. Allah Nisa Surəsinin 48-ci ayəsində “insanlar arasında hökm edildiyində ədalətlə hökm edilməsini” əmr edir.
Allahdan qorxub çəkinən və axirət günü hesab verəcəyini bilən bir insan Allahın rizasını qazanmaq üçün ədalətlə hökm edir. Bilir ki, Allah etdiyi hər davranışa, söylədiyi hər sözə və fikrindən keçən hər düşüncəyə görə onu axirət günündə sorğuya çəkəcək və bunlara görə tam qarşılıq görəcək.
Quranda ədalətin qüsursuz tərifi verilib və iman edənlərə hadisələr qarşısındakı davranışları və ədalətin necə tətbiq olunacağı bildirilib. Bu isə iman edənlər üçün çox böyük rahatlıqdır və Allahın rəhmətidir. Buna görə də iman edənlər həm Allahın razılığını qazanmaq, həm də güvən və sülh içində bir həyat yaşaya bilmək üçün insanlar arasında ədaləti tətbiq etməklə məsuldur.
Allahın Quranda əmr etdiyi ədalət, dil, din, irq və etnik mənşəyinə görə fərq qoymadan bütün insanlar arasında bərabər şəkildə tətbiq olunan ədalətdir. Qurandakı ədalət anlayışı yer, zaman və insanlara görə dəyişməz. Müasir dövrdə dünyanın bir çox bölgələrində insanlar irqlərinə görə zalım və ədalətsiz davranışla qarşılaşırlar. Halbuki Quran əxlaqında fərqli xalqların və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların “bir-birləriylə tanış olmaları” olaraq bildirilir. Hamısı da Allahın qulu olan fərqli millətlər və ya qəbilələr, bir-birlərini tanıya bilər, yəni bir-birlərinin fərqli mədəniyyətlərini, dillərini, ənənələrini, qabiliyyətlərini öyrənə bilərlər. Fərqli irq və millətlərin olmasının məqsədi, qarşıdurma və mübarizə deyil, mədəni zənginlikdir.
Bu müxtəliflik Allahın yaradılış sənətindəki bir gözəllikdir. Bir insanın daha uzun boylu, digərinin qısa olması, bir insanın dərisinin ağ, digərinin sarı olması bu insana hər hansı bir üstünlük vermədiyi kimi, həmin insanda qüsur olaraq da səciyyələndirmək olmaz. Bunların hər biri Allahın təqdiri və çox böyük hikmətlərlə yaradılmışdır. Ancaq bu fərqliliklərin Allah Qatında heç bir əhəmiyyəti yoxdur. İman edən insan çox yaxşı bilir ki, tək üstünlük təqva ilə, yəni Allah qorxusu və Allaha imandakı üstünlüklə ölçülür.